Avropanın öldürdüyü futbol - Və ya sən kimə kələk gəlirdin?

12 İyul 2021 15:00 Gündəm 975
Avropanın öldürdüyü futbol - Və ya sən kimə kələk gəlirdin?

Avropa çempionatının final oyunundan bir gün əvvəl oğlumla birgə Amerika kubokunun final qarşılaşmasını izləyirdim.

Qarşılaşmanın, təxminən 15-ci dəqiqəsində oğlum nə desə yaxşıdır:

“Ay ata, bunlar Avropa yığmaları kimi oynamırlar. Hər iki komanda açıq futbola üstünlük verir, adama elə gəlir ki, bunlar müdafiə haqda düşünmürlər”.

Bəli, haqlı idi oğlum. Cənubi Amerika komandaları müdafiə yox, hücum haqda daha çox düşünürlər. Zatən əsl futbolun fəlsəfəsi də budur.

Futbolun fəlsəfəsi qol buraxmamaq yox, qol vurmaqdır. “Qol buraxmamaq” yanaşmasında yaradıcılıq ola bilməz. Onun qayəsi dağıdıcılıqdan yoğurulub. Yaradıcılıq, baxımlılıq “qol vurmaq” yanaşmasındadır.

İndi az qala bütün Avropa futbolun yaradıcı yox, dağıdıcı fəlsəfəsinə söykənir. Sadə azarkeş üçün bunun o qədər də ciddi önəmi yoxdur. Onun üçün önəmli olan azarkeşlik etdiyi komandanın qalib gəlməsidir.

Buna görə müasir azarkeş kütləsini qınaya bilmərik. Onların zövqü artıq bu fəlsəfə üzərində köklənib.

Bilirsiniz, bu, nəyə bənzəyir? 30-40 il əvvəlin dinləyicisi Rəşid Behbudov, Şövkət Ələkbərovanın səsinin sehrinə düşürdü. Çünki daim onları dinləyirdi, musiqi zövqü də belə səslərin fonunda formalaşırdı.

İndiki nəsil isə Səməd Səmədovun, Rəqsanənin pərəstişkarlarıdır. Qınaya bilmərik onları. Çünki uşaqlıqdan telekanallarda, radiolarda onların mahnılarına baxıblar, dinləyiblər. Yəni musiqi zövqləri bu səslərin sayəsində “inkişaf” edib.

Qınaya bilmərik, amma təəssüflənərik. Təəssüflənələr də kimlər olar? 40 il əvvəl Rəşidə, Şövkətə qulaq asanlar.

Hə, Avropa futboluna da azarkeşlik edənlərin zövqünə təəssüflənə bilərik ancaq. Və artıq onu da başa düşməliyik ki, müasir azarkeşə yaradıcı, baxımlı futbolun nə olduğunu başa sala bilməyəcəyik.

Biz ona necə deyək ki, əsl futbolu İtaliya, İngiltərə yox, məsələn, Braziliya, Meksika, lap elə Peru oynayır? Axı bu komandaların oyununa baxmır onlar.

Hətta Asiyanın, KONKAKAF zonasının komandaları da futbolun əsl fəlsəfəsinə hələ ki, xəyanət etmirlər. Onlar Avropanın “dağıdıcı” fəlsəfəsi qarşısında tab gətirməsələr də, futbolun qayəsini qorumağa çalışırlar.

Çünki onların azarkeşləri bunu tələb edir. Onların azarkeşlərinin futbol zövqü hələ ki, Səməd Səmədəva, Rəqsanəyə pərəstiş edəcək səviyyəyə enməyib.

Avropada yaradıcı futbolun ölməməyi üçün bəlkə də təkbaşına mübarizə aparan komanda İspaniyadır. Məhz ispanlar 2008-ci ildə dağıdıcıların fəlsəfəsini dağıtdı.

Onda köhnə azarkeşlərdə ümid yarandı. Ümid yarandı ki, dağıdıcılığa üstünlük verənlər yaradıcı üsulla da qalib gəlməyin mümkün olduğunu anlayarlar, əsl futbol fəlsəfəsinin intibah dövrü başlayar.

Amma alınmadı, hətta xarakterləri də dağıdıcılığa uyğunlaşmışların geri dönüş etməsi mümkünsüz idi.

Və əvəzində İngiltərə də o yolu tutdu. İngiltərə Avropa çempionatında nəticəyə hesablanmış oyun göstərdi. Taktika özünün doğrultdu. Finala qədər gəldilər bu strategiya ilə. Ancaq finalda rəqib İtaliyadırsa... O İtaliya ki, əlindən dağıtmaqdan savayı bir iş gəlmir. Onun qarşısına dağıdıcı futbolla çıxmaqmı olardı? Onu öz “silahı” iləmi vurmaq istəyirdi İngiltərə? Sən kimə gəlirdin, Qaret Sautqeyt? Şeytana papış tikmək eşqinə düşmüşdün?

İtaliyadan fərqli olaraq, İngiltərənin heyətində yaradıcı futbol oynamağı bacaran xeyli futbolçu vardı. Amma Sautqeyt onları ehtiyatda saxlamışdı.

Təkcə Sterlinqin fərdi keçidlərinə belə bağlayırdı bu “dahi”. Amma əslində dağıdıcı futbolda adi bir italyan məşqçinin şəyirdi də ola bilməyəcək ingilis. Markus Reşfordu, Ceydon Sanço kimi futbolçuları ehtiyatda saxlamaqla sındırmışdı.

Və onları penalti seriyası üçün meydana buraxırdı. Amma bu futbolçular meydana çıxarkən hiss etdirirdilər ki, “ölü”dürlər. Onların “öldüyünü” isə Sautqeyt görmürdü.

Görmədiyi üçün də Avropada az-çox yaradıcı futbol nümayiş etdirən İngiltərəni də “öldürdü”. İngiltərəni “öldürməklə” də, İtaliyanı bir az dirçəltdi, dağıdıcı futbolun təntənəsinə töhfə verdi.

Vəssalam. Bundan sonra yəqin ki, Avropada uzun müddət futbol olacaq, amma futbolun sənəti olmayacaq. Sənəti yaradırlar. Avropada isə dağıtma dövrüdür.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"