"Bekarçılıqdan evdə oturub, divarlara baxıram, əlimdən başqa iş gəlmir"

2 Dekabr 2020 19:20 Bizimkilər 996
"Bekarçılıqdan evdə oturub, divarlara baxıram, əlimdən başqa iş gəlmir"

Vaxtilə xoş gələcək vəd edən daha bir azərbaycanlı futbolçu – Röyal Nəcəfov.

Futbola “Qarabağ”da başlayan, gənc yaşlarında Aslan Kərimov, Ayxan Abbasov, Zaur Həşimov, Aftandil Hacıyev, Namiq Yusifov, Sahil Kərimov kimi təcrübəlilərlə çiyin-çiyinə məşq edib, kubok matçlarında meydana çıxan, aşağı yaş qruplarından ibarət millilərin şərəfini qoruyan,

Premyer Liqada AZAL-ın heyətində top qovan, 2015/16 mövsümündə vurduğu 24 qolla Birinci Divizionun bombardiri olan, 2017/18 mövsümündə Türkiyənin BAL Liqasının 1-ci qrupunda 16 topla qol kralı adını qazanan hücumçu...

Sportinfo.az xəbər verir ki, bir çox həmkarları kimi, o da işsizdir.

- Çoxları kimi səndən də səs-soraq yoxdur. Nə iş görürsən? Hardasan?

- Heç, qardaş, Bakıdayam, evdə oturmuşam. Əsas olan canımızın sağlığıdır. Qalanı Allahn köməkliyi ilə düzələr.

- İşsiz, futbolsuz?

- Nə edək, bu gün belədir. Klubsuzam, bekarçılıq. İşsiz qalmağıma baxmayaraq, məşqlərə davam edirəm. Fərdi məşqçim var, formada qalmaq üçün məşq edirəm ki, çəki artımı olmasın. Futbolçu üçün vacib olan çəkini qorumaqdır. Nə vaxtsa təklif olsa, problem yaranmasın deyə məşq etməliyik.

- Futbolsuzsan. Bəs nə işlə məşğul olursan?

- Heç bir işlə. Dediyim kimi, məşq edirəm. Bekarçılıqdan evdə oturub, divarlara baxıram. Futbolçuların əksəriyyətinin əlindən futbol oynamaqdan başqa iş gəlmir. Uşaq yaşından diqqətimizi futbola ayırmışıq, başqa sahələrdən uzaq düşmüşük. Futbol olmayanda da məcburən oturub gözləyirsən. Başqa nəsə etmək istəsəm də, əlimdən gəlmir.

- Elə an olur ki, futbolla vidalaşıb başqa işlə məşğul olmaq istəyinə düşürsən?

- Həyatdır, ən pis vaxtda insan bacarmadığı işlə məşğul olmağa da məcbur ola bilər. Allah o günlərdən qorusun. Düzdür, bəzən adamın ağlına başqa fikirlər gəlir. Amma futbol sevgisi imkan vermir. Özümə baxıram, şükürlər olsun, sağlamam, kimdənsə əskik deyiləm, oynaya bilərəm. Ona görə də gözlərimiz yoldadır, dəvət və şans gözləyirik.

bf1d84e0 281e 4e66 9266 fb3a30efeb1d

- Çörəyin futboldan çıxır. İndi də futbol oynamırsan, belə deyim, pul qazanmırsan. Maraqlıdır, necə dolanırsan?

- Bu vəziyyətdə olan tək mən deyiləm. 10-larla mənim kimiləri var. Şükür, vaxtilə futbol oynayanda 3-5 manat qazanmışıq. Nə gizlədim, hələ ki, “cibdən yeyirəm”.

- Vaxtilə Türkiyəyə axın edən azərbaycanlı futbolçulardan biri də sən idin. Baxırdım, izləyirdim, yaxşı təsir bağışlayırdın...

- Türkiyədə bizə çox rahat idi. Dediyiniz kimi, mənim kimi çoxları Türkiyədəydi. İşimiz “yağ” kimi gedirdi. Oynadığımız liqada “Ağrıspor”la çempion olduq, bombardir adını qazandım. Biz çempion olandan sonra komanda 3-cü liqaya yüksəldi. Təəssüf ki, legionerlərə qoyulan qadağa qarşımızı kəsdi.

- Premyer Liqadan, Birinci Diviziondan həvəskarların çempionatına getmək ağır gəlmirdi?

- Liqa söhbəti bizdə var, orda elə şey yoxdur. Adı həvəskar liqa olsa da, orda həvəskarlıq heç nə yoxdur. Gedib izləsəz, vəziyyətin nə yerdə olduğunu görərsiz. Təşkilatçılıq, şərait, maaş – hər şey yaxşı səviyyədədir. BAL Liqası adı məhəllə futbolu səviyyəsində olsaydı Çağlar Söyüncü “Lester”ə qədər yüksəlməzdi. Halbuki vaxtilə bizimlə eyni liqada oynamazdı. Çağlar 5-6 il əvvəl BAL Liqasındaydı, bu gün İngiltərə Premyer Liqasındadır. Orda bilirsiz necədir? Bu gün BAL Liqasındasan, sabah “Qalatasaray”da ola bilərsən. Özündən və agentlərdən çox şey asılıdır. Bizdəki kimi deyil, divizionda oynayan futbolçuya yuxarıdan aşağı baxsınlar.

- Türkiyədəki legioner qadağasından sonra nə etdin?

- Bu ilin əvvəlində Taylanda getmişdim. Düzdür, futbolları yüksək səviyyəyə çatmayıb hələ, amma futbol sevilir, dövlət qayğı göstərir. Getdik, danışdıq, razılığa gəldik. “Transfer pəncərəsi”nin bağlanmasına bir həftə qalmış koronavirus bəlası baş qaldırdı. Azərbaycana gəlib çıxmamışdı, orda artıq vəziyyət yaxşı deyildi. Eşidəndə ki, yollar bağlanacaq, çempionat dayanacaq, orda qalmağı məqsədəuyğun saymadım. Yenidən Azərbaycana qayıtdım. Mən gələndən 10 gün sonra Taylanda giriş-çıxış bağlandı, sonra bizdə eyni vəziyyət baş qaldırdı.

- İnsan evdə oturub divarlara baxanda içində nəyəsə ümid olur. Sənin ümidin nəyə, kimədir?

- Ümidim həmişə Allaha olub, yenə də Allahadır.

- Orası aydındır. Bəs bəndə olaraq kimədir?

- Belə çətinlikləri çox görmüşəm. Heç vaxt da bezməmişəm, soyumamışam, həmişə yaxşısına ümid etmişəm. Vaxtilə rəhbərliyi altında çıxış etdiyim məşqçilər var ki, nəyə qadir olduğumu bilirlər. Nə vaxtsa onlara iş təklifi olsa, bəlkə məni də dəvət edərlər. Bəlkə də nə vaxtsa Türkiyədə legionerlərə qoyulan qadağa aradan qalxar.

a1d32471 5614 48bb af49 94ef83063dab 1

- Elitada elə komandalar var ki, oyunlarına baxanda ağlında “mən bu komandada rahatlıqla oynayaram, qolları sıralayaram” deyirsən?

- Təvazökarlıq etməyəcəm, nə var, onu deyəcəm. Bu gün istər mən olum, istərsə də kənarda qalan futbolçuların çoxu – Premyer Liqada oynamağa layiqik. Klubsuzların “dır-dır” deyilən çempionatı var, yığışıb oynayırıq. İnanırsız, qırğın gedir orda. Həmin uşaqlar rahatlıqla Premyer Liqada çıxış edə bilər. Çoxu vaxtilə oynayıb da. Bu gün fiziki durumum və oyun təcrübəm yüksək səviyyədə olmaya bilər. Amma çatışmazlıqları uzağı bir aya aradan qaldırmaq mümkündür.

- Yəni istənilən komandaya fayda verə biləcəyini düşünürsən? “Neftçi”yə də, “Sumqayıt”a da.

- Ad çəkmək istəmirəm. Dediyim kimi, nəyə qadir olduğumu bilirəm və təcrübəm hesabına mənə güvənən komandaya, məşqçiyə kömək edə bilərəm (offsideplus.az).

7d55abd6 23d4 4959 b23f d603992c64ca

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!