Erməni ordusunun öldürdüyü mülki şəxslər də şəhid hesab olundu

20 Noyabr 2020 18:30 Bizimkilər 659
Erməni ordusunun öldürdüyü mülki şəxslər də şəhid hesab olundu

Ermənistanın təcavüzü nəticəsində cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrində həlak olmuş şəxslər şəhid hesab olunub.

Nazirlər Kabinetindən Sportinfo.az-a daxil olan məlumata görə, 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü yarımbəndinə əsasən, yalnız Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər.

2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif silahlardan atəşə tutması ilə yanaşı təmas xəttindən aralıda yerləşən Naftalan və Gəncə şəhərlərində dinc əhaliyə qarşı hərbi təxribat törətmiş və Qarabağdan kənarda yerləşən bu yaşayış məntəqələrində onlarla mülki vətəndaş həlak olmuş, yüzlərlə vətəndaş isə yaralanıb.

Respublikada yaranmış mövcud vəziyyətlə əlaqədar sözügedən ərazilərdə həlak olmuş mülki vətəndaşların şəhid hesab edilməsi məqəsədilə müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranıb.

Qərarda Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşların şəhid hesab edilməsi əks olunub.

Prezident İlham Əliyev bu gün xalqa müraciətində də erməni təcavüzü nəticəsində həyatını itirən mülki şəxsləri şəhid adlandırıb:

"Bizim mülki vətəndaşlar arasında 94 şəhidimiz var, 400-dən çox yaralı mülki şəxs var, 3000-dən çox evimiz dağıdılıb".


Digər Xəbərlər
Xəbər Lenti