Qayğıdan uzaq milli simalar: Biz də gedək, Mahiri tərifləməyə...

14 Sentyabr 2021 10:40 Araşdırma 1 092
Qayğıdan uzaq milli simalar: Biz də gedək, Mahiri tərifləməyə...

Azərbaycanlı futbolçuların ölkə xaricində legioner həyatı yaşaması sevinə biləcəyimiz ən ümdə arzulardan biridir.

Əbəs deyil ki, hətta Küveytdə belə bu həyatı yaşayan Kamal Mirzəyevin çıxışını böyük sevgi ilə gündəmdə saxlamağa çalışırdıq.

Haqqında olan ən kiçik məlumat belə oxuculara çatdırılırdı. Açıqlama, müsahibə də öz yerində.

Amma bəzən kölgədə qalanlar da az olmur. Məsələn, bu yaxınlarda Türkiyə I liqa təmsilçisi "Keçiörengücü" komandasında çıxış edən Vüsal İsgəndərli biganəlikdən haqlı olaraq şikayət etmişdi. Əslində Vüsalı unutmamağa çalışırıq.

Amma görünür, yetərli diqqəti görmür. Məncə də evinin içində daha yaxşı maaşı almaqdan imtina edib, karyera dalınca ölkə xaricinə gedənlər burdakılardan ən azı bir addım öndə olmalıdır. Daha qiymətli, daha dəyərli sayılmalıdır. Biganəlikdən şikayətlənməyə Vüsaldan da çox haqqı olan digər futbolçumuz Anton Krivostyukdur. Bu ildən Polşada legioner həyatı yaşayan milli üzvü haqqında demək olar danışılmır. Polşaya gedəndən Antonun hər hansı müsahibə və ya açıqlamasını xatırlamıram.

Bunda yəqin ki, onun Ukraynada doğulması və sonradan milliləşdirilməsi böyük rol oynayır. Amma düşünürəm ki, Anton ölkənin bir nömrəli komandasının formasını geyinirsə, o da haqqında daha çox danışılmağı haqq edənlərdəndir.

Unutmayaq ki, Anton Almaniyada, Rusiyada, İrandan böyüyüb, futbolun sirlərini azacıq öyrənərək bir andaca milli komandamıza dəvət olunanlardan fərqli olaraq "Neftçi"nin yetirməsidir.

O, təmsilçimizin heyətində 106 oyun keçirib və bu görüşlərdə aktivinə 10 qol yazdırmağı da bacarıb.

Yeni transfer olunduğu "Visla" (Plosk) komandasında da ölkəmizi pis təmsil etmir. Polşa çempionatının arxada qalan 6 turunun hamısında 90 dəqiqə meydanda olub. Yalnız bir görüş də 86-cı dəqiqədə əvəzlənib. Anton bu müddətdə aktivinə 1 qol və asist yazdırmağı da bacarıb.

Milli futbolçularımıza qayğıdan, diqqətdən uzaq bu çətin yolda uğurlar arzu edir və karyeralarındakı yüksəlişin davamlı olmasını diləyirik.

Biz isə gedək, Mahir Emrelini tərifləməyə...

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti