İrəvan Kremli hədəfə alıb: Paşinyan niyə yeni sülh planı qurur?

18 Noyabr 2022 02:30 Problem 351
İrəvan Kremli hədəfə alıb: Paşinyan niyə yeni sülh planı qurur?

Ermənistanda yekun sülh sazişi intensiv olaraq, müzakirə edilir.

Bu düşmən ölkənin cəmiyyətində və ya siyasi dairələrində müzakirə olunan istənilən mövzu mütləq yekun sülh sazişi ilə əlaqələndirilir.

Və bu, Ermənistanın əvvəl-axır həmin sənədi imzalamağa məhkum olduğunu da göstərir.

Məsələ ondadır ki, rəsmi İrəvan hara əl atsa, erməni toplumu kimə ümid bəsləsə, yekunda boşa çıxır. Ermənistan cəmiyyəti Kremlə arxalanırdı, Ukrayna savaşında Rusiya ciddi şəkildə zəiflədildi. Rəsmi İrəvan o qədər də çox düşünmədi, dərhal ABŞ və Qərbi Rusiyanın əvəzinə Ermənistanın strateji müttəfiqi elan etdi. ABŞ və Qərbin erməni toplumunun "xəyallar"ına daha həssas yanaşdığını bəyanladı. Çox keçmədən ABŞ və Qərbə olan ümidlərin doğrulmaya biləcəyini də etiraf etməli oldular. Çünki, nəhayət anladılar ki, ABŞ və Qərbin də öz maraqları var.

Son vaxtlar Ermənistan cəmiyyəti bütün ümidlərini Azərbaycan və İran arasında münasibətlərin gərginləşməsinə bağlayıb. Hətta Azərbaycan və İran arasında ehtimal olunan hərbi toqquşmaları belə, müzakirə edirlər. Və baş nazir Nikol Paşinyanın "Azərbaycan və İran arasında sıx münasibətlər mövcuddur" deməsindən sonra rəsmi Tehrana olan ümidlərdən də tədricən uzaqlaşmağa başlayıblar.

4d917b4e5149c46ffac7960aa640404e.jpeg (106 KB)

Ümumiyyətlə, son vaxtlar baş nazir Nikol Paşinyanın Ermənistan cəmiyyətinə daha çox pessimist mesajlar ötürdüyü də inkaredilməz reallıqdır. Üstəlik, erməni baş nazir bu mesajları gündəmə gətirərkən, özünü "dəliliyə vurduğu" da qətiyyən diqqətdən yayınmır. Nəticədə "dəlidən doğru xəbər" prinsipi doğrulmuş olur.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan son vaxtlar yalnız Ermənistan cəmiyyəti üçün nəzərdə tutulmuş açıqlamalara üstünlük verir. Erməni baş nazir bir gün sırf "populizm modu"na girir. Növbəti gün isə əvvəlki açıqlamaları ilə ziddiyyət təşkil edən reallıqları erməni toplumuna çatdırmağa çalışır.

Baş nazir Nikol Paşinyan Ermənistan cəmiyyətinin Rusiyaya da ümid bəsləməsini istəmir. Çünki, Rusiyanın indi heç öz ümidlərini doğrultmağa gücü yetmir. Ona görə də, erməni baş nazir Rusiyanın Xankəndi və ətraf bölgədən, eləcə də Cənubi Qafqazdan tezliklə çıxacağına yönəlik eyhamlar vurur. Hər halda, onun "Rusiya ya özü istəmir, ya da artıq hansısa səbəbdən Qarabağda qala bilmir" deməsi, erməni toplumuna dolayısı ilə "Kremlə çox da ümid bəsləməyin" mesajı kimi də anlaşıla bilər.

Məsələ ondadır ki, erməni baş nazir bir tərəfdən, sülh sazişinin Rusiya variantını dərhal imzalamağa hazır olduğunu vurğulayır. Digər tərəfdənsə, həmin variantın hələ də gündəmdə olub-olmadığını Rusiya siyasi dairələri ilə dəqiqləşdirilməsinin vacibliyini qabardır. Yəni, belə anlaşılır ki, baş nazir Nikol Paşinyan Ermənistan cəmiyyətinə Rusiyanın daha yararsız müttəfiq olduğunu, Kremlin artıq hətta öz təkliflərini belə, müdafiə edə bilmədiyini başa salmağa çalışır.

7f3826d1c31ef80bab3adb698e73b7c4.jpg (120 KB)

Təbii ki, bütün bunların erməni baş nazirin nəyinə lazım olduğu da maraq doğurur. Onun açıqlamalarının davamında əsas hədəf böyük ölçüdə ortaya çıxmış olur. Yəni, baş nazir Nikol Paşinyanın yaxın vaxtlarda Azərbaycanla yekun sülh sazişini imzalamaqda qərarlı olduğu artıq o qədər də ciddi şübhə doğurmur. Sadəcə, indiki mərhələdə daha çox Ermənistan cəmiyyətini buna hazırlamağa çalışır. Xüsusilə də, Xankəndi və ətraf bölgə ilə bağlı mövzuda bütün məsuliyyəti elə indidən Rusiyanın beynəlxalq qurumların və özündən əvvəlki hakimiyyətlərin üzərinə yüklənməyə cəhd göstərir.

Erməni baş nazir xatırladıb ki, Ermənistanın veto qoymasına baxmayaraq, 1996-cı ildə keçirilmiş ATƏT-in Lissabon sammitində "Qarabağ problemi"nin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu sənədləşdirilib: "Bütün ölkələrin mövqeyi BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrindən də məlumdur. 2007-ci ildə Ermənistan da Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bəlkə də bizim bütün problemlərimiz bunları görmək istəməməyimizdən qaynaqlanır".

Ermənistan baş naziri xəyallara qapılmağın heç bir faydası olmadığını da vurğulayıb. O, bildirib ki, dünyada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan hər hansı bir ölkə yoxdur: "Biz bütün dünyaya qarşı mübarizə apara bilmərik. Nə qədər ağır olsa da, biz bu reallıqla mütləq üzləşməliyik".

Baş nazir Nikol Paşinyan "populizmlə reallığın sintezi"ni özü üçün yeni taktika seçib. Yəni, əvvəlcə Ermənistan cəmiyyətini məmnun edən polulist, həm də uydurma iddialar irəli sürür. Eyni zamanda həmin iddiaların arasına mövcud reallığa uyğun bəzi məqamları yerləşdirməyə çalışır. Nəticədə erməni toplumu məmnun olduğu yalanların arasında əsl həqiqətləri də eşidib, onlara vərdiş edir.

ef14b9c0-7d7b-4546-92ff-062e54303361.jpg (105 KB)

Böyük ehtimalla erməni baş nazir bu taktikanı seçməklə, müəyyən bir planın reallaşdırılmasını hədəfləyir. Bu planın Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına bağlı ola biləcəyi isə qətiyyən istisna deyil. Çünki, Ermənistan cəmiyyətində hələlik sülh sazişinə kifayət qədər ciddi müqavimət müşahidə olunur. Paşinyan hakimiyyəti isə bu müqavimətin zəifləməsinə yönəlik addımlar atmağa çalışır.

Bir tərəfdən, Kremlin rəsmi İrəvana qarşı istifadə etdiyi "xəyanət tezisləri"nə Rusiyanın siyasi iradəsinin saya salınmadığına yönəlik eyhamlar ilə cavab verilir. Nəticədə Rusiyanın verdiyi vədləri tuta biləcək imkanlardan çox uzaq olduğu qabardılır. Və eyni zamanda, Kremlin gücsüzlüyünün təbliğ olunması Rusiyaya bağlı revanşist erməni müxalifətinin də küncə sıxışdırılmasına imkan verir.

Digər tərəfdənsə, Paşinyan hakimiyyəti populist şüarları radikal-revanşistlərin əlindən alaraq, onları siyasi-ideoloji baxımdan, tərksilah etmiş olur. Buna paralel olaraq, Azərbaycan və Ermənistan arasındakı hərbi-siyasi güc nisbətinin də ehtiyatla etiraf edilməsi Paşinyan hakimiyyətinə sülh tezislərini daha aktual saxlamaq imkanı verir. Və bu tezislər artıq Ermənistan cəmiyyətində əvvəlki kimi kəskin etirazla qarşılanmır.

Ona görə də, baş nazir Nikol Paşinyan öz açıqlamasında bu ilin sonuna qədər yekun sülh sazişini imzalamaq üçün əlindən gələn hər şeyi etdiyini vurğulamaqdan da qətiyyən çəkinmir. Əslində, erməni baş nazirin son bir neçə günlük ictimai avantüralarının da məhz bu məsələnin daha ön plana çıxarılmasına hesablandığı qətiyyən istisna deyil. İndi erməni toplumu bu ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalana biləcəyi ilə barışmağa başlayıb. Üstəlik, Ermənistan cəmiyyətində artıq anlamağa başlayıblar ki, yekun sülh sazişində "Dağlıq Qarabağ mövzusu" ilə bağlı erməni toplumunu məmnun edə biləcək hər hansı qeyd olmayacaq (musavat.com).

Elçin XALİDBƏYLİ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!