Xocalını qaytarmağın yolu

12 May 2021 14:10 Problem 2 356
Xocalını qaytarmağın yolu

Xocalıda ilk və sonuncu dəfə 1987-ci ilin yazında, bəlkə də elə may ayında olmuşam. (Sirr filan-deyil, Usubovların ata evində, həyətlərində...)Xocalının yanından isə illərlə ötüb Ağdama, ya da Bakıya getmişəm. Xocalı 1987-ci ilədək elə o qısa səfərlə yadımda qalmışdı. Ta 1992-cı ilin 26 fevralınadək...

Çoxları elə güman edər ki, bu şəhəri az yada salırıq. Qətiyyən. Xocalı bizə Xankəndindən həmişə “bir köynək” yaxın olub. Xocalının çox bərəkətli torpağı var, camaatı da zəhmətkeş adamlar olub, yaz-payız əkib-becəriblər. Şübhəsiz, Şuşa Qarabağın tacıdırsa, Xocalı ürəyimizdəki həmişəlik sağalmaz yaradır. Xocalı bitməyən ağrıdır, onu heç bir qələbə nə unudar, nə hadisənin üzərindən keçən illər yaramızı sağaldar, nə acımız keçər...

Müharibədən artıq 6 ay ötür. Ermənilərin torpağımıza sığındıqları ərazilər məlum, bunu müəyyənləşdirən rəsmi xəritə var. Ermənilərin revanşist bəyanatlarına baxmayın, yeni müharibə-savaş başlayan deyil. Bu xəritə ilə həm onlar, həm biz hələ ki, yaşamağa öyrəşməliyik. Bu ərizələr rəsmi olaraq Azərbaycanındır, dünyanın əksər ölkələri də bu həqiqəti qəbul edir. Amma indi ermənilərin Qarabağda görəcəyi işi qalmayıb, onlar bu cür yaşamağa məcburdurlar. Azərbaycanın isə görəcəyi işlər hədsiz çoxdur və Xankəndinin də, Xocalının da bundan sonrakı taleyi məhz o işi necə görə biləcəyimizdən asılıdır.

Ermənilər indi daha göydən başlarına yağa biləcək bombalardan qorxmurlar, belə bir təhlükə hələ ki, başlarının üstündə yoxdur. İndi onların ən çox ehtiyat etdiyi Azərbaycanın nəzarətinə qaytardığı əraziləri necə qurub-tikəcəyi, əhalini necə yerləşdirəcəyi narahat edir. Bu, ermənilərin bundan sonrakı taleyni həll edəcək yeganə faktordur. Ona görə mina xəritələrin vermirlər, heç verməyəcəklər də... Çünki şəxsən mən inanmıram ki, onlarda belə bir hazır xəritə olsun. Bu xəritələrin necə hazırlandığı məlumdur.

Minalar hərbi xaraketerli məsələdir, bunu Kamo, ya bir başqa erməni dığası bir neçəsini ağlına gələn yerdə basdıra bilər. Digərlərini isə o yerlərdə basdırıblar ki, Azərbaycan o istiqamətdə mümkün müharibədə hücuma keçə bilərdi. Mina xəritəsini hazırlayıb hansısa gün üçün saxlamağı, hətta guya nə vaxtsa, Azərbaycana verəcəyini ermənilər heç vaxt ağıllarının ucundan belə keçirməyiblər. O səbəbdən kimsə bizə xəritə verən deyil, Azərbaycan mümkün qədər tez bu problemi özü həll etməlidir.

Festival, “ağılı şəhər”, “yaşıl enerji” hamısı vacibdir, lazımdır. Qoy, ermənilərin ürəyi partlasın. Amma ən vacib olanı indi bütün gücü torpaqlarımızı erməni zəhərlərindən təmizləməkdir. Bundan vacib iş yoxdur. Minaları təmizləyib, camaatı dədə-baba yurdunu görməyə, orda evinin xarabalığını tapmağa, bir virtual da olsa, ev tikmək planı qurmağa həvəsləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, o torpaqlarda böyümüş adamların çoxu artıq bu dünyadan qaçqın kimi köç edib, bir çox yaşlaşıb, bir çoxu ata-babadır. Onlar uşaqlarının, nəvələrinin əlindən tutub o torpaqlara aparmasa, nəsillər arasındakı vacib olan o torpaq bağı qırılacaq.

Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların sırasında həmin vətən həsrətli ata-babaların oğul-uşaqları, nəvələri də vardı. İtkilərimiz çox böyükdür, 3 mindən çox oğul şəhid vermişik. Bu bilirsizmi, nə deməkdir? İndən sonra doğulmayacaq ən əzı 3 min uşaq deməkdir. Elə etmək lazımdır ki, artıq xeyli yaşlaşmış adamlar gedib öz vətənlərində ömürlərinin qalan hissəsini öz torpaqlarında yaşasınlar. Nəsillərini başlarına toplaya bilsinlər, o kökü yenidən torpaqlarımıza salsınlar. Şəhid qardaşlarımızın bir çoxu heç Şuşanın istiqamətini də bilmirdilər, amma qəhrəmanlıq göstərib o torpaqları geri aldılar. Kök isə fərqlidir, orada kökü olanlar bunu davam etdirməsə, bu proses erməninin istədiyi kimi olacaq, çox ləngiləyəcək. Qarabağda bundan sonra ermənilər yox, biz artmalıyıq, çoxalmalıyıq, kök salmalıyıq. Dövlətin siyasəti bu olmalıdır...Elə Şuşa və Hadrutda məskunlaşmanı nisbətən tez etmək mümkündür.

9 mayda faşizm Almaniyasının xaraba qoyduğu ölkələri, elə Berlinin özünün nə hala düşdüyünü yenidən göstərdilər. Erməni faşizmi də torpaqlarımızı o günə qoyub, amma bunları dirçəlmət üçün komissiyaların, təşkilatların sayını artırmağa xüsusi ehtiyac yoxdur. “Kim torpaqlara qayıdacaq” kimi mənasız sorğuların yerinə, işçi qüvvəsini müəyyənləşdirmək lazımdır.

Azərbaycan üçün üçüncü vacib məsələ işçi qüvvəsidir. Türklərin Almaniyada niyə çox olduğunu səbəbini bilirsiz. Müharibədən sonra xüsisilə sənayeni dirçəltmək üçün işçi qüvvəsinə ehtiyac vardı. Almaniya hər yerdən işçi qüvvəsi topladı. Biz indi bilirikmi ki, Azərbaycanda torpaqların dirçəldilməsi, miqyaslı tikinti üçün işçi qüvvəsi nə qədərdir? Bu işi bir-iki hökumətə yaxın tikinti şirkətininə həvalə edib gözləsək, belə gedişlə, heç 20 ilə də o torpaqlada məskunlaşmaq mümkün olmayacaq.Hələ işğal vaxtı özümüzə təskinlik verirdik ki, bəs, dünya tökülüb bizə azad olunmuş ərazilərin bərpasında, tikilməsində kömək edəcək, filan... İndi baxırıq ki, üç-dörd dost ölkədən başqa, bu işə görə qolunu çırmalayan yoxdur. Azərbaycan bu işləri tək görə bilməz, o səbəbdən müxtəlif yollar axtarmalıdır. Zəngəzur yolu da, Naxçıvan yolu da Azərbaycan üçün həyati əhəmiyyətlidir, amma ən vacibi insaların torpaqlarına qaytarılması prosesini tezləşdirməkdir. Əgər bu məskunlaşma tezləşsə, ermənilər çox tezliklə rədd olub gedəcəklər, Xankəndindən də, Xocalıdan da. Yox, uzanacaqsa, ermənilər hələ hoppanıb-düşəcəklər, üstəlik Şuşaya, Hadruta da “qayıtmaq” barədə xəyallar quracaqlar...

Nazim SABİROĞLU

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!