"Bizə torpaq lazımdır, dövlətdən xahiş etmişik" – "Qarabağ"ın prezidenti

20 İyul 2023 01:50 Qarabağ 1 380
"Bizə torpaq lazımdır, dövlətdən xahiş etmişik" – "Qarabağ"ın prezidenti

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Cəbəllütariqin "Linkoln" klubunu 4:0 hesabı ilə məğlub edərək növbətə raunda yüksəlib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl sualları cavablandırıb:

Səfərdə oyunumuz çox ağır alınmışdı. Mən özüm də orada idim. Hava şəraiti, meydançanın vəziyyəti... Orada futbolçuların nə qədər səy göstərdiklərini gördüm. Son dəqiqələrdə vurduğumuz qol olmasaydı, çox üzülərək qayıdacaqdım. Bu gün öz evimizdə çox gözəl və sərin havada Azərbaycan xalqı gözəl futbola doydu. Möhtəşəm oyuna tamaşa etdik. Bəhlulun vurduğu qol Avropa futbolu səviyyəsində idi. Yerli futbolçunun belə qol vurması mənə ləzzət verir. Böyük bir motivasiya ilə davam edəcəyik.

- Növbəti rəqib "Rakuv"dur. Bu barədə nə deyə bilərsiniz?

- Bu günə qədər polşalılarla üç dəfə oynamışıq və hər birində qalib gəlmişik. Artıq Avropada zəif klub yoxdur. Qitədə 1000-dən çox klub var. "Rakuv" güclü rəqibdir. Polşa mətbuatı yazır ki, "Qarabağ" kabusu qayıdır. Mən də orada olacağam. "Rakuv" atletik cəhətdən güclü komandadır. Bu əzmlə oradan qələbə ilə dönməyi fikirləşirik.

- Qış hazırlıq dönəmində "Qarabağ" "Rakuv"a uduzub. Revanş hissi var?

- Hər oyun yenidir. Biz Polşaya qələbə qazanmaq üçün gedəcəyik. Məncə, bu, kifayət edər.

- Yeni transferlər gözlənilir?

- Bu qısa müddətdə transfer fikri yoxdur. Transfer çox ağır bir prosesdir. Komandadan gedən olsa, yerini dolduracağıq. "Rizespor" Kevin Medinanı istəyir. Medina getsə, onun yerinə oyunçu axtaracağıq. Amma hələ bu gün heç nə bilinmir. Biz də bilmirik. Hazırkı komandamız mükəmməldir.

- Çempionluq yarışında əsas rəqibiniz olan "Sabah" heyətini gücləndirir. Bu haqda nə deyə bilərsiniz?

- Bu, bizi sevindirir. Yerli klubların güclü olması bizi Avropaya daha yaxşı hazırlayır. Yarışa hazırıq. Onların qarşısında daha güclü "Qarabağ" var.

- Avrokuboklarda komandanın qarşısına hansı hədəf qoyulub?

- İnşallah dörd mərhələni də keçib Çempionlar Liqasının qrupuna gedəcəyik. Buna hazırıq.

- "Neftçi"də baş məşqçi dəyişikliyi oldu, tanınmış futbolçular transfer edirlər. "Qarabağ" ulduz futbolçu transferi ilə onlara cavab verə bilər?

- Xeyr. Bizim "Qarabağ"da yaratdığımız birlik, bərabərlik ruhunu sözlərlə təsvir etmək mümkün deyil. Klubun prezidentindən, Qurban Qurbanovdan klubun adi işçisinə kimi hamının arasında birlik var. Məncə, bunu təkrar etmək çox çətindir. "Neftçi" də, "Sabah" da özümüzünküdür. Çətin mübarizə Avropa oyunları üçün bizə çox faydalıdır.

- Akademiya ilə bağlı yenilik var?

- Bununla bağlı dövlətə müraciət etmişik, yer istəyirik. Bir klubun uzunmüddətli uğuru akademiyadan keçir. "Qarabağ" önümüzdəki 5-6 ildə akademiya üçün investisiya etməlidir. Bunun üçün bizə torpaq lazımdır. Dövlətdən xahiş etmişik. Qaraçuxurda, Suraxanıda torpaq istəyirik. Bu barədə bizə müsbət siqnallar gəlir. Artıq dövlət bizə kömək etmək istəyir. Torpaq ayrılanın səhərisi günü işlərə başlayacağıq.

- Yaxın gələcəkdə gözlənilir?

- Bu, torpağın verilməsindən asılıdır. Artıq büdcəmiz də hazırdır. Bu gün ölkəmiz, "Qarabağ" üçün akademiya bir futbolçu transferindən daha önəmlidir.

- Dövlət torpaq verməsə, başqa yerdən ala bilmirsiniz?

- Şəhərdən çox kənara gedəndə futbolçuların, klubun birlik-bərabərliyi pozulur. Uzağa gedib-gəlmək çətin olur, motivasiya qırılır. "Azərsun" bir ərazisi var, orada külək çoxdur. Ab-havanı, şəraiti yaratmaq üçün akademiya gərək şəhərin içində olsun. Məsafə önəmlidir. Bu gün Bakıda boş ərazi tapmaq çox çətindir. Qaraçuxurda və Suraxanıda yer tapmışıq. Suraxanı ərazisi akademiya üçün kifayət etmir. Qaraçuxurda kifayət qədər yer var. O, alınsa, çox gözəl olacaq.

Digər Xəbərlər
Xəbər Lenti