Ombudsman açıq məktub yazdı, Azərbaycana qərəzli münasibətdən söz açdı

8 Mart 2021 12:30 Hadisə 419
Ombudsman açıq məktub yazdı, Azərbaycana qərəzli münasibətdən söz açdı

Sportinfo.az Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Avropa Ombudsman İnstitutunun Baş katibinin bəyanatına cavab olaraq həmin qurumun prezidenti və idarə heyəti üzvlərinə açıq məktubunu təqdim edir:

Avropa Ombudsman İnstitutunun (AOİ-nin) Baş katibi Yozef Ziqelin 2021-ci il 26 fevral tarixli bəyanatına cavab olaraq xatırlatmaq vacibdir ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılmış şəxslər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qanunsuz şəkildə daxil olarkən saxlandıqlarına görə onlar beynəlxalq hüquq və humanitar hüquqa əsasən hərbi əsir sayılmırlar.

Həmin şəxslər müharibədən, bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanatın imzalanmasından təqribən 20 gün sonra Azərbaycana göndərilmiş Ermənistan hərbi qulluqçularıdır. Onlar diversant qrupun üzvləri olub və Azərbaycan ərazisində ordumuzun dörd hərbi qulluqçusunun həlak olması və bir mülki şəxsin ağır yaralanması ilə nəticələnən terror aktı və digər cinayətlər törədiblər. Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində həmin şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər. Azərbaycan qanunvericiliyinə uyğun olaraq onlar barəsində istintaq davam edir.

Qeyd edilməlidir ki, həmin şəxslərin hüquqlarının müdafiəsi Azərbaycan Ombudsmanı tərəfindən diqqətdə saxlanılır. Ombudsman həmin şəxslərin saxlandığı yerə başçəkmə keçirib və rəftar məsələlərini araşdırmaq üçün onlarla konfidensial qaydada görüşüb.

Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, öz ərazilərini işğaldan azad edib və ərazi bütövlüyünü təmin edib. Beləliklə, artıq Ermənistan-Azərbaycan münaqişəsi mövcud deyil. 2020-ci il 10 noyabr tarixində imzalanmış birgə bəyanata əsasən, Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb.

Aşağıda qeyd edilənlər də Y.Ziqelin Azərbaycana qarşı qərəzli münasibətini sübut edir:

Belə ki, bu bəyanat 26 fevral tarixində verilib. Həmin gün Azərbaycanda Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən 26 fevral 1992-ci ildə törədilmiş Xocalı soyqırımının anım tarixidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri və terrorçu qruplaşmaları Azərbaycanın Xocalı şəhərində günahsız mülki şəxslərə hücum etmişdir. Bu hücum nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca olmaqla, 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdir. Hesab edirik ki, Y.Ziqel bu haqda kifayət qədər məlumatlıdır, çünki ona Azərbaycan Ombudsmanı tərəfindən dəfələrlə bu mövzuda bəyanatlar ünvanlanıb. Lakin təəssüf ki, o, heç vaxt bu soyqırım aktını və ya Ermənistanın işğal siyasətini pisləyən hər hansı bəyanat verməyib.

Qərəzli münasibətini nəzərə alaraq, Y.Ziqelin əsas etibarilə şəxsi mövqeyinə əsaslanan bu bəyanatından təəccüblənmirik. Bununla belə, onun Ermənistan-Azərbaycan münaqişəsi barədə əsassız və qərəzli bəyanatlar verməklə ombudsman təsisatlarının şəbəkəsini təmsil edən AOİ-dəki vəzifəsindən sui-istifadə etməsindən dərin narahatlıq keçiririk.

Y.Ziqelin iki xalq arasında münaqişəni daha da dərinləşdirməyi və Ermənistan ictimaiyyətində Azərbaycanafobiyanı dəstəkləməyi məqsəd seçən müəyyən dairələrin marağına xidmət edən qərəzli və siyasiləşmiş bəyanatlarda bu təşkilatın adını istifadə etməsinə son qoymaq üçün AOİ-nin bütün üzvlərini zəruri addımlar atmağa çağırırıq.

Hörmətlə,

Səbinə Əliyeva

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə

Müvəkkili (Ombudsman)

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"