"Neftçi"ni nə gözləyir? – Azərbaycan klublarının avro-həftəsi

30 İyul 2021 20:20 Araşdırma 1 512
"Neftçi"ni nə gözləyir? – Azərbaycan klublarının avro-həftəsi

Arxada qalan iki gün təmsilçilərimiz üçün avrokubok görüşlərinin həyacanı ilə keçdi.

Meydana çıxan 4 klubumuzdan 3-ü mərhələ keçə bilmədi. Yalnız "Qarabağ" səfər qələbəsi sayəsində növbəti mərhələyə yüksəlməyi bacardı.

ÇL bitdi, AL gəlir.

Son çempionumuz "Neftçi" mübarizəyə qoşulduğu Çempionlar Liqası ilə erkən vidalaşmalı oldu. Komanda Yunanıstan çempionu "Olimpiakos"a səfərdə olduğu kimi evdə də minimal hesabla (0-1) məğlub oldu. Püşkdən sonrakı düşüncələrin əksinə olaraq hər iki oyun göstərdi ki, "Neftçi" bu rəqibi keçə bilərdi. Sadəcə təcrübə, inam azlığı və heyətin kasadlığı sonda uğursuzluğa gətirib çıxardı. Samir Abasovun komandası Avropa Liqasında çıxışına davam edəcək. Amma gedişat onu göstərir ki, heç orada da "Neftçi"ni yaxşı perspektiv gözləmir. Ən yaxşı halda Konfrans Liqasına getmək mümkün olacaq. Bunun özü də bir ehtimaldır. Xoş olmayan ehtimal.

Peşəkar statuslu həvəskar komanda.

Ölkə kubokunun son qalibi "Keşlə" ən bərbad çıxış edən təmsilçimiz statusunu üzərinə götürdü. "Soçi" ilə iki oyunda buraxılan 7 qolun başqa izahı yoxdur. Həvəskar qərarların verildiyi Bakı təmsilçisinin hazırkı aqibəti ilk gündən məlum idi. Amma qabaqlayıcı heç bir tədbir görülmədi. Yəqin ki, çox çəkməz növbəti günahkarın istefası ilə "Keşlə" "uğur yolu"na davam edəcək. Əsas odur "peşəkar" rəhbərlik öz taxtındadır - dünən də, bu gün də, sabah da ...

Növbəti ilkin astanasında.

"Sumqayıt" Serbiyada bərabərə qaldığı "Çukariçki" ilə evdə bacara bilmədi. Erkən buraxılan iki qol baş məşqçi Ayxan Abbasovun bütün planlarını pozmuş oldu. Komandası sonradan toparlanıb rəqib qapısında bir neçə təhlükə yaratmağı bacarsa da qatar artıq getmişdi. "Sumqayıt"ın tarixində bir çox ilklərə imza atan Abbasov ilk dəfə mərhələ keçmək xəyalını gerçəkləşdirə bilmədi. Amma istənilən halda hər iki oyunda da özündən daha güclü və daha təcrübəli komandaya qarşı oynadığı əzimkar futbola görə "Sumqayıt"a "çox sağ ol" düşür.

"Qarabağ" öz ampulasında.

Digər üç təmsilçimizin uğursuzluğu fonunda, üzümüzü yenə "Qarabağ" güldürdü. Son illər olduğu kimi. Baxmayaraq ki, "Aşdod"la ilk oyundakı qolsuz bərabərlikdən sonra "Qarabağ"a ümidlər azalmışdı. Həm ilk oyundakı nəticə, həm də heyətdəki ciddi itkilər uğursuz gələcəkdən xəbər verirdi. Amma Qurbanovun komandası çətin sınaqdan üzüağ çıxmağı bacardı. Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Maksim Medvedevin yoxluğu fonunda Rahil Məmmədovun da erkən zədələnib oyundan çıxması "Qarabağ"ın işini bir xeyli çətinə salmış oldu. Ancaq komanda böyük təcrübənin və inamın sayəsində minimal hesablı (1-0) qələbə ilə adını növbəti mərhələyə yazdıra bildi. Hazırkı məqam üçün bu çox önəmliydi. Artıq komandanın yaxşı formaya düşməsi üçün qarşıda daha bir həftəsi var. Qrupa düşmək yolunda isə bu çox vacibdir.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti