Qarabağda viran qalmış yurd yerləri - Yeni VİDEO görüntülər

21 Yanvar 2021 02:52 Araşdırma 753
Qarabağda viran qalmış yurd yerləri - Yeni VİDEO görüntülər

İşğaldan azad edilmiş ərazilərimizi gəzdikcə hər yerdə eyni mənzərənin şahidi oluruq - yandırılmış, dağıdılmış, viran qalmış yurd yerləri.

Ermənilər 27 ildən artıq dövrdə işğal altındakı şəhər və kəndlərimizdə yaşayış evlərini, sosial obyektləri, infrastrukturu, sənaye və kənd təsərrüfatı müəssisələrini, bir sözlə hər şeyi məhv ediblər.

Xalqımıza məxsus tarix və mədəniyyət abidələri, qəbiristanlıqlar da erməni vandalizminə məruz qalıb. Bu isə onu deməyə əsas verir ki, ermənilər dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyiblər.

Sportinfo.az xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri Füzuli rayonunun Qarğabazar və Qoçəhmədli kəndlərinə səfər edərək, erməni vandalizmini lentə alıb.

Qarabağ silsiləsinin ətəklərində yerləşən bu kəndlərdə vaxtilə taxılçılıq, üzümçülük və heyvandarlıq inkişaf etmişdi.

Rayonun ən gözəl və abad yaşayış məntəqələrindən olan bu kəndlərdə orta məktəb, klub, kitabxana, xəstəxana, rabitə şöbəsi var idi. Erməni vandalları 27 il ərzində kəndləri talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.

Füzuli rayonunun Qarğabazar və Qoçəhmədli kəndlərinin ürək ağrıdan görüntülərini təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti