"Rəqibə atmaca atmaq üçün ürəkli olmalısan" - "Neftçi"-"Qarabağ" derbisinə doğru

1 Noyabr 2019 18:08 Qarabağ 654
"Rəqibə atmaca atmaq üçün ürəkli olmalısan" -

"Neftçi" və "Qarabağ" klublarında oynamış Aslan Kərimov Sportinfo.az-a açıqlama verib. Kərimov, bu gün Premyer Liqanın 10-cu turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu barədə fikirlərini bildirib. O, bu görüşdə bakılıların qələbə qazanacağına inanmadığını bildirib:

“Oyun haqda deyiləsi çox şey qalmayıb. Düzdür, derbi deyirik, amma böyük derbi deyil. “Qarabağ” bütün rəqiblərdən bir addım öndədir. “Neftçi” ona çatmaq istəyən komandadır. Amma hələ ki, onlar da o səviyyəyə gəlib çatmayıb. Bu günkü oyunla bağlı bir neçə məqam var: “Neftçi” rəqibini evdə qəbul etməsi, “Qarabağ”ın oyuna hansı heyətlə çıxacağı və hava şəraiti. Oyun saatına kimi yağış güclənərsə, “Qarabağ” futbolçularının palçıqlı, yağışlı meydanda o qədər də böyük performans göstərə bilməyəcəyini düşünürəm. İstənilən halda, məncə, “Neftçi” qalib gələ bilməyəcək, ən yaxşı halda bərabərliyə nail ola bilər”.

Hazırda “Neftçi” “Qarabağ”dan 8 xal geridə qalır. Kərimov, paytaxt klubunun bu fərqi aradan qaldıracağına inanmadığını bildirib: “Xal fərqi çempionatın gedişatının əsas güzgüsü, aynasıdır. Əslində xal fərqi azala da bilər, arta da bilər. "Qarabağ"ın avrokuboklardakı əsas oyunlarına yaxın, ölkə çempionatının hansısa oyununda xal itkisi baş verə bilər. Bu normal haldır. Həmin anda bəlkə “Neftçi” “Qarabağ”a bir az yaxınlaşar. Amma ümumilikdə inanmıram ki, “Neftçi” xal fərqini 3-4-ə endirsin. Bəlkə "Qarabağ" arxayınlaşar, çempionata elə-belə yanaşar, onda xal fərqi azalar. Lakin bu da inandırıcı deyil. “Qarabağ” əvvəlki illərdə də turnir cədvəlində geridə olsa da, qış fasiləsindən sonra rahat şəkildə gəlib çempion olurdu”.

Bir neçə gün öncə şəxsi instaqram səhifəsində şəkil paylaşan “Neftçi”nin üzvü Rəhman Hacıyev “Qarabağ”a atmaca atmışdı. Amma sonradan etdiyi hərəkətin düzgün anlaşılmamasına görə, bir növ “Qarabağ”a üzrxahlıq etmişdi. Aslan Kərimov ölkəmizdə derbilər öncəsi bu cür atmacalara ehtiyac olduğunu bildirib: “Əslində Avropada derbilərin önəmi və azarkeş kütləsi o qədər böyük olur ki, bizim onlarla müqayisəmiz çətindir. Atmacalar oyunun marağını bir az artırır. Bizdə oyunçular sabah uduzarlar deyə, atmacalardan çəkinirlər. Digər tərəfdən sabah rəqiblə üz-üzə gəlirlər, utana bilərlər deyə, belə atmacalara yol vermirlər. Amma məncə də, təhqir olamdan atmacalar lazımdır. Məsələn, “Qarabağ”dan kimsə “biz bu oyunda qalib gələcəyik, “Neftçi”nin bizə çatmasına hələ çox var”. Ya da “Neftçi” adına deyəsi olsaq, “Qarabağ” Avroliqada qrupda olsa da, daxili çempionatda onlara qalib gəlmək iqtidarındayam” kimi atmacalar ola bilər. Bu fonda olan atmacalar bir az da marağı artırmış olar. Ən azından sosial mediada maraq artar. Bu cür atmacalar üçün də gərək bir az da ürəkli olasan".

Digər Xəbərlər
Xəbər Lenti