"Qarabağ"a Mahir də çoxdur

4 Mart 2021 16:40 Qarabağ 1 962
"Qarabağ"a Mahir də çoxdur

Azərbaycan Premyer Liqasının 18 turundan sonra çempionatın ən məhsuldar komandası “Qarabağ”dır.

Qurban Qurbanovun yetirmələri 42 qol vurmağı bacarıb. Bu, orta məhsuldarlığın 2,33 olması deməkdir.

Göstərilən nəticə son 17 mövsümün mütləq rekordudur. Nə az nə çox, düz 17 ilin! Söhbət illərdi "niyə hücumçu almırsız" sualı ilə üz-üzə qalan baş məşqçinin komandasından gedir.

Hələ bir az da irəli gedib, "Qarabağ"ın kiçik büdrəməsində "Mahirlə elə belə olmalıydı da" ritorikasından istifadə edənlər də var.

Açığı, zaman-zaman özüm də bu məsələdə Qurban Qurbanovu qınayanlar arasında yer almışam.

İndi də ən azından qonşu Gürcüstan, Ukrayna, Rusiya kimi ölkələrdən komandaya fayda verə biləcək münasib qiymətə hücumçu tapmaq olar qənaətindəyəm. Yalnız Mahir Emrelinin ümidinə qalmamaq üçün.

Amma belə statistikanı görüncə, mövqeyimdə tərəddüt etməmək mümkün deyil. Bəlkə, "Qarabağ"a Premyer Liqa üçün Mahir də çoxdur?

Düzdü, "Qarabağ" çempionluq mübarizəsində bir vaxt "Qəbələ"nin son iki mövsümdə isə müəyyən qədər "Neftçi"nin nəfəsini hiss edib və hazırda da bu belədir.

Amma davamlı olaraq ağdamlılara "diş" göstərəcək komandanın olmadığı da acı reallıqdır. Sirr deyil ki, məhz elə bu məqam "Qarabağ" rəhbərliyini rahatlaşdıran əsas məqamdır. Bir sözlə, komanda hücumçu tapmağın məcburiyyətində deyil. Yoxsa çoxdan özlərini dağa-daşa vurub, kimisə tapmışdılar.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti