"Neftçi"nin özü yaşıl meydanda "Neftçi" rəhbərliyinə cavab verir

23 Sentyabr 2020 20:00 Premyerliqa 967
"Neftçi"nin özü yaşıl meydanda "Neftçi" rəhbərliyinə cavab verir

Turun mərkəzi qarşılaşmasında keyfiyyətin aşağı düşəcəyi öncədən bilinirdi.

Hər iki komanda məğlub olmuş, avrokubok oyunundan dönmüşdü.

Buna baxmayaraq, əks düşərgələrdə psixoloji durum fərqli idi. "Qarabağ" keçiləcəyi rəqib qarşısında sarsıdıcı zərbə almışdısa, "Neftçi" qardaşlıq devizi altında "Qalatasaray" matçı ilə meydana çıxmamış avrokuboklarla vidalaşmışdı.

Türk qardaşlarla oyun rəsmidən daha çox yoldaşlıq xarakteri daşıyırdı və hər iki tərəfə sərfəli idi. Biri qələbəsini qazanacaqdı, digəri də qardaşlıq fonunda canını qurtaracaqdı.

"Qarabağ" Polşanı düşünərək heyətdə önəmli rotasiyalar etmişdi. Onsuz da bu mövsüm zəifləyən ağdamlılar əsas fiqurları Zubir, Matiç, Qeryə kimi legionerlərinə istirahət vermişdi.

Romero da zədəlidir. Qapıçı mövqeyi isə daha qalmaqallıdır. Millidə əsas/ehtiyat əlcək sahibləri Emil Balayev/Şahruddin cütlüyü klubda yerlərini dəyişirlər, ehtiyat əsas olur, əsas ehtiyat.

Emil Balayevin oyundakı kobud səhvi də psixoloji olaraq bundan qaynaqlanır. Peşəkar futbolçu istənilən situadiyaya hazır olmalı, xarakter göstərməlidir.

Ümumiyyətlə hər futbolçunun öz komandası olur. "Qarabağ" Emil Balayevin oynayacağı komanda deyil.

Millinin bir nömrəsinə klubda 2-ci qapıçı gözüylə baxılırsa, istər milli, istərsə futbolçu adına komandanı nə qədər tez tərk etsə bir o qədər doğru qərar olar.

Onsuz da, "Qarabağ" qapıçı axtarışını davam etdirir. Güvən olmayan yerdə özünəinamın qazanılması çətin görünür.

"Qarabağ" yarı ikinci heyətlə matça çıxsa da, yenə də meydanda dominant rolda idi. Qol da vuruldu. Qaliblər mühakimə olunmur deyimi olsa da, belə heyətə qarşı "Neftçi"nin ikinci roldan oynaması qəbulefilməzdir.

Elə qapıçı Aqil Məmmədovun "1 xal üçün gəlmişdik, 3 xal apardıq" səmimi etiraf, oyuna münasibəti və zəifləmiş rəqib qarşısında mahiyyəti tam açır. Nə qədər Polşa səfəri düşünülsə də, "Qarabağ"ın meydanda, əsasən də ikinci yarıda belə oynaması yolverilməzdir.

Qurban Qurbanovun da doğru bildirdiyi kimi, bunlar heç kimi maraqlandırmır. Çox vaxt yerli futbolçular şans verilmədiyindən gileylənirlər. Bu cür qarşılaşmalar onların özünüsübutu üçün gözəl məqamdır.

Heç bir gənc futbolçu özünü doğrulda bilmədi. Məntiqli sual yaranır, onda sızin "Qarabağ" kimi klubda nə işiniz var? Meydanda yenə Maksim, Qara Bədavi can qoyacaqsa, gənclərin təcrübə, stabil oyun praktikası olmasa da, ən azından klub-millidə davamlı oynayan, yorğun görünən təcrübəlilərdən daha çox qaçılmalı, hərəkətdə olunmalıdır.

Təəssüf ki, bunu görən olmadı. Buraxılan topdan sonra matçın xilas edilməsi üçün edilən dəyişikliklər də kara gəlmədi. Görüşdə ən zəiflərindən olan Mahir Emrelinin 90 dəqiqə oynaması da sual doğurur.

Hücumçu yoxdur, anlaşılandı. Qarşılaşmanın ən yaxşılarından olan 7 nömrəni hücuma atmaq da olardı. Onsuz da Abbas Hüseynov meydana çıxmışdı.

Ola bilər, baş məşqçi fanatların tənqidlərinə tuş gələn Mahiri bir daha qazanmaq, sındırmamaq üçün belə addım atır. Artıq gənc yaşlarını ötən hücumçu çətin bunları dərk etsin. Sosial şəbəkələrdə paylaşdığı kölgə olayı buna sübutdur.

Məğlubiyyətdə "Qarabağ" ancaq özünü günahlandırmalıdır. İkinci qolda mikroskop baxışına da ehtiyac yoxdur. "Neftçi" əks-hücuma çıxır, ağdamlıların müdafiəçiləri belə tam olaraq rəqib yarı meydanındadır,

Qara Qarayev özünü sona kimi "öldürür", müdafiəçilər yetişə bilmir, və dayaq futbolçusuna arxadan gələn və epizodu görən Medina da olsaydın yaradılması üçün "stop" demir, məsləhət vermir, hücum başlayanda isə qapıçı "ramka"da qalır, sığorta üçün önə çıxmır, 50 metrlik boş zona yaranır. Belədə əks-hücumla tutulma şansı labüddür.

Təki ardıcıl məğlubiyyətlər "Legiya"yla oyuna təsir etməsin. "Qarabağ" səhvlərdən nəticə çıxarıb toparlanmalıdır. Bu yolda obyektiv tənqidlərlə yanaşı bütün futbol ictimaiyyəti ağdamlılara dəstək olmalıdır. Bu gün buna "Qarabağ", Azərbaycan futbolu adına daha çox ehtiyac var.

"Neftçi" oyundan öncə bir xala iki əlli razı olacağı halda qələbəyə sevindi. Son həftələr haqlı ictimai qınaq, çıxılmaz vəziyyət komandanın hirsini artırmış, toparlamışdı. Heç "Qarabağ"ın büdcəsi də "Neftçi"ni üstələməyib.

Son iki turda zəif büdcəli "Sumqayıt" səfərdə "Neftçi"ni udur, flaqman da "Qarabağ"ı. "Neftçi"nin özü yaşıl meydanda "Neftçi" rəhbərliyinə cavab verir. Ya çıxıb deməlidirlər ki, qazanılan qələbə təsadüfdür (layiqli 3 xaldır), ya da mediasında, kənarda düşmən axtarmaq sevdasından əl çəkilməlidir.

"Neftçi"ni haqlı tənqid edənlərin sayəsində komanda hirsi yarandı, məcburiyyət qarşısında qalındı. "Düşmənlər" "Neftçi"yə kömək etdilər, yoxsa dəsmal götürüb ağlaşmayla yenidən uduzulardı.

Fatih Terim nə deyib, "Hayduk" "Neftçi"dən güclü komandadır"? 5-ci dəqiqədən artıq baş məşqçi hesabın açıllmamasından narazılıq edirdi, 10-cu dəqiqədən az qalırdı meydana çıxıb futbolçularını kötəkləsin, 18-ci dəqidədə vurulan qola elə də sevinmədi. Uzun çəkdiyindən narazı idi Fatih Terim.

"Qalatasaray" ilk hissədə 20, ikinci yarının ilk 10 dəqiqəsini futbol oynadı. Azarkeşlər sevinə, hətta məğlubiyyətdən razı qala bilər, reallıq isə...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti