Rövnəq Abdullayev el qınağına tuş gəlməmək üçün hansı əzaba qatlaşır?

29 Noyabr 2019 17:39 Premyerliqa 2 281
Rövnəq Abdullayev el qınağına tuş gəlməmək üçün hansı əzaba qatlaşır?

Azərbaycan Premyer Liqasında 13-cü tura noyabrın 30-da start veriləcək. Turun qarşılaşmaları 3 gün ərzində keçiriləcək.

Birinin köpü alınıb, bir də “qazlı”dır

İlk oyun günündə “Keşlə” “Sumqayıt”ı qəbul edəcək. Ötən tur “Zirə” “Keşlə”nin köpünü alıbsa, “Sumqayıt” da “Qarabağ”a ilk məğlubiyyəti yaşatmaqla “qazlı” hala gəlib. İndi “Keşlə”ni də məğlub etsələr, 3-cü pillədə əyləşə bilərlər. Yəni motivasiya çox güclü olmalıdır “Sumqayıt”da. Ancaq yəqin ki, “Keşlə” də ötən turdakı “köpalma”dan dərs çıxardıb. İndi görək, hansı effektli olacaq: “Keşlə”nin aldığı dərs, yoxsa “Sumqayıt”ın motivasiyası?

Statistika nə deyir?

Son üç matçda meydan sahibi komanda uduzmur. “Keşlə”nin son ev oyununda hər iki komanda qol vurub.
“Keşlə” – “Sumqayıt” – 29 oyun, 14 qələbə, 8 heç-heçə, 7 məğlubiyyət, top fərqi – 44-28.

“Qəbələ” o qorxu hissini ata biləcək?

İkinci oyun günüdəki qarşılaşma əyalətdə baş tutacaq. “Qəbələ” “Zirə”ni qəbul edəcək. “Neftçi” ilə qarşılaşma göstərdi ki, “Qəbələ” sabitlik tapa bilməyəcək. Komanda bir oyun meydana “şir ürəyi yeyibmiş” kimi çıxırsa, digərində dovşan ürəkli olur. “Neftçi” ilə oyunda, sanki qorxudan əsirdi qəbələli futbolçuların ayaqları. Ən böyük problem isə o olacaq ki, bu qorxu hissini “Zirə” ilə oyuna qədər atmaq mümkün olmasın. Onda, “Qəbələ”nin mövsümün sonuna qədər aşkar autsayderlər arasında qalacağına kimsə şübhə etməyəcək.

Statistika nə deyir?

“Zirə” 4 oyundur qalib gəlmir. Son üç matçda hər iki komanda qol vurub.
“Qəbələ” – “Zirə” - 17 oyun, 5 qələbə, 8 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 19-15.

“Neftçi” rahat ola bilər?

Sonuncu oyun günüdə meydana əvvəlcə “Səbail”lə “Neftçi” çıxacaq. Mövsümün əvvəlində 2-ci pillədə qərarlaşan “Səbail” artıq sondan 2-ci pillədədir. Layiq olduğu yerdə. “Qəbələ”yə “aşkar autsayderlər” arasında yoldaşlıq edəcək digər komanda məhz “Səbail”dir. Hər kəs bu komandanın mövsümün sonunda dağılacağını bilir. Amma əlac olsaydı, bu komandanın elə qışda da “fatihə”sini vermək olardı. Amma güman ki, AFFA prezidenti Rövnəq Abdullayev el qınağına tuş gəlməmək üçün mövsümün sonunu gözləmək əzabına qatlaşacaq. Axı “Səabil” onun yaxınlarının “oyuncağı”dır. “Neftçi” rahat ola bilər. “Səbail”lə oyunda onları mübarizə gözləmir. “Ağ-qaralar”ın bu tur gəzişə-gəzişə 3 xal qazanacağına kiminsə şübhəsi var?

Statistika nə deyir?

“Neftçi” son 8 matçı qol vurmadan tərk etməyib. “Səbail” evdə üç oyundur qalib gəlmir.
“Səbail” – “Neftçi” – 9 oyun, 2 qələbə, 1 heç-heçə, 6 məğlubiyyət, top fərqi – 7-20.

Bəri gəl ey, göstər görək, qabında nə var?

Turun və günün son qarşılaşmasında “Sabah” “Qarabağ”ı qəbul edəcək. “Qarabağ” “Suqamyıt”ın qarşısına hansı vəziyyətdə çıxmışdısa, “Sabah”ın da önünə eyni durumda çıxacaq. Ona görə də, “tələbələr”in yeni baş məşqçisi Jelko Sopiçin “mən elə ilk oyundan “köhlən atlar”ın nalı altında düşdüm” deməyə haqqı yoxdur. Bəri gəl ey, göstərək görək qabında nə var? Əmin ol ki, Sevilyadan qayıdan “Qarabağ” kimisə təpik alıtna salacaq gücdə olmayacaq. Təbii, kimsə özü təpik altına düşmək istəməsə. Yaxşı mütəxəssis özünü “Keşlə”, “Səbail” yox, “Qarabağ” kimi komandalarla oyunda sübut edir.

Statistika nə deyir?

“Qarabağ” indiyədək meydanı qolsuz tərk etməyib. Hər qarşılaşmada 2 və daha çox qol vurulub.
“Sabah” – “Qarabağ” - 5 oyun, 2 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 2-9.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti