Qurban Qurbanovun oğlu ilə Stokholmdan MÜSAHİBƏ BURADA

17 Mart 16:05 Müsahibə 900
Qurban Qurbanovun oğlu ilə Stokholmdan MÜSAHİBƏ BURADA

Hərəkətindən, danışığından, insaniyyətindən yaşca özündən xeyli böyük futbolçuların belə ibrət götürəcəyi OĞULdu.

25 illik idman jurnalisti fəailiyyətimdə onun qədər səmimi, mədəniyyətli, tərbiyəli, əxlaqlı, gözəl nitqi, söz bazası, intellekti olan bir futbolçumuzu görməmişəm.

Qurban Qurbanovun oğlu başqa cür ola da bilməz!

İnşallah, bütün Avropa onu istedadına, bacarığına, oyununa, qollarına görə tanıyacaq. Bu xasiyyətin, xarakterin, tərbiyyənin, istedadın sahibinin mütləq parlaq karyerasını görərik! Atasının baş məşqçisi olduğu çempion komandanı, futbol qəhrəmanına çevrildiyi ölkəni 21 yaşında tərk edərək daha çətin yol seçib. İsti Bakını soyuq Stokholma, "Qarabağ"ın əsas heyətindəki isti yerini "Yurqarden"in soyuq ehtiyat skamyasına dəyişib. İlk dəfə kimsəni tanımadığı uzaq ölkədə tək yaşamağa qərar verib. Xəyallarının yolunun bu çətinliklərdən başlamasını daha doğru sayıb. İsveç kubokunun yarımfinalının bu gün keçiriləcək AİK - "Yurqorden" oyununda meydana çıxsa da, çıxmasa da təkcə yuxarıda yazdığıma görə ilk böyük qələbəsini qazanıb. Sports.az Musa Qurbanlının "İsveç əsgərliyi" haqda Stokholmdan eksklüziv müsahibəni təqdim edir.

- Prinsipial oyun öncəsi əhvalın necədi?

- Normal. Hazırlaşırıq. İsveçin ən böyük derbisidi, böyük oyundu. Tribunalar dolacaq, möhtəşəm atmosfer olacaq. Səbrsizliklə gözləyirik. İstəyirik finala çıxaq.

- Klubun haqda bir qədər ətraflı danışa bilərsən?

- "Yurqorden" Stokholmun yüksək liqadakı 4 klubundan biridi. "Brommopoykarna"nın siyasəti əsasən futbolçu yetişdirib satmaqdı. Digər 3 klub - "Yurqorden", "Hammarbü" və AİK isə daha iddialıdı. "Yurqorden", "Malmö", "Göteborq" kimi klublarla birgə İsveçin ən titullu komandasıdı.

- Darıxmırsan?

- Yeni gələndə daha çətin idi. Heç kimi tanımırdım, tək olurdum. Əvvəl 1 ay oteldə qaldım. Sonra klub ev tutdu. Hər şey oyunumdan asılıdı. Məşqlər yaxşı gedəndə, qol vuranda adamın kefi kök olur. Heyətə düşməyəndə, nəsə alınmayanda bir az psixoloji problem yaranır. Amma bura gələndə bütün bunları bilirdim. İlk dəfə idi ki, xaricdə yaşayacaqdım, darıxacağımı, sıxıntıların olacağını gözləyirdim. Buna görə də, hər şey normaldı.

- Tam adaptasiya ola bilmisən? Çətin deyil?

- İstər-istəməz bəzi xırda məsələlər var ki, onlara öyrəşmək lazımdı. Amma ümumi götürəndə deyərdim ki, burdakı yaşam tərzinə adaptasiya olmuşam.

- Hansısa dini və ya başqa ayrı-seçkilik hiss etmirsən?

- Açığını deyim ki, indiyəcən belə bir şey hiss etməmişəm. Sağ olsunlar, hamıya necə mənə də eyni münasibət göstərirlər.

- Burda iqlim, mətbəx, din, futbol, hər şey fərqlidi. Səninçün yenidi. Özünü necə hiss edirsən? Nəyi bəyənirsən, nəyi bəyənmirsən?

- Əsas çətinlik qışda olur. Soyuqdan başqa hava çox tez qaralır. Amma çalışıram öhdəsindən gəlim. Mətbəx məsələsində isə heç bir problem yoxdu. Səhər və günorta yeməyini bazada komanda ilə yeyirəm. Kifayət qədər yaxşı yeməklər olur. Axşam ya özüm evdə bişirirəm, ya da sifariş edirəm. Hərdən restoranda da yeyirəm. Stokholm gözəl şəhərdi. Azərbaycan olmasa da, türk və başqa mətbəxlərin restoranları var.

- Harda qalırsan? Günün necə keçir?

- Şəhərin mərkəzində, klubun tutduğu evdə tək qalıram. Mənimlə eyni binada komandamızın bir neçə legioneri də yaşayır. Qonşu küçədə Zlatan İbrahimoviçin evi var. Adətən səhər məşqə gedirəm, sonra da evdə oluram, kitab oxuyuram, filmlərə, futbollara baxıram. Burda bəzi azərbaycanlı idmançılar var. Arada onlarla, komanda yoldaşlarım və Anatoli Ponomaryovla görüşürük, axşam yeməyinə gedirik. Bir-iki dəfə burda MMA ilə məşğul olan azərbaycanlı idmançılarımızın zallarına getmişəm, məşqlərinə baxmışam, maraqlıdı. İsveçdəki səfirimiz Zaur Əhmədov sağ olsun, təzə gələndə əlaqə saxlamışdı, burdakı diasporamızın üzvləri ilə birgə Qarabağla bağlı film izləməyə dəvət etmişdi. Mən də bir dəfə Zaur bəyi oyunumuza dəvət etmişdim.

- İndi hansı kitabı oxuyursan?

- Sun Tzunun "Döyüş Sənəti"ni. Yarıya qədər oxumuşam. Amma bir az qarışıqdı. Getmir (gülür). Dedektivi daha çox sevirəm. Aqata Kristini, Artur Konan Doyl, Den Braunu oxuyuram.

- İki ölkənin futbolu arasında hansı fərqli məqamları qeyd edə bilərsən?

- Çox xırda detallar var. Bilmirəm hansından başlayım. Ümumən, burda hər şey sistemli şəkildədi. Uşaq futbolundan tutmuş böyük komandalara kimi hər şey bir xətt üzərində gedir. Akademiyaları məktəblərlə işləyirlər. Daim istedadlı uşaqları seçib götürürlər. Çalışırlar yeni-yeni sponsorlar cəlb edib klubu inkişaf etdirsinlər. Çox fərqliliklər var. Bütün xırda detallar da toplananda böyük və işlək bir sistem qurulur ki, orda da hər kəs öz vəzifəsini bilir, saat kimi işləyən bir mexanizm yaranır. Əlbəttə, ilk növbədə uşaq futbolunu vurğulamaq istəyirəm. Kaş bizdə də belə bir sistem qurula. Burda 6-7 yaşından uşaqlar bir yerdə məktəb oxuyur, məşq edir, fərqli ölkələrə turnirlərə gedir, böyük komandalara qarşı oyunlar keçirir. Özləri də hiss etmədən 16-17 yaşında əsl professional futbolçuya çevirilirlər. Nədənsə şikayətlənmirəm, amma bizdə də belə sistem qurulsaydı, düşünürəm ki, məsələn mən daha yaxşı futbolçu olardım.

- Atanın şöhrəti sənə necə təsir edir? Burda onu, "Qarabağ"ı tanıyırlar?

- Belə bir atanın oğlu olduğumla fəxr edirəm. Böyük üstünlükdü, dəstəkdi. Hər hansı məsləhət lazım olanda qırağa getmək lazım deyil. Uğurlarına sevinirəm. "Qarabağ" illərdir avrokuboklarda uğurlu çıxış edir. Sözsüz, tanıyanlar az deyildi. Fikrimcə, mən gələndən sonra bir az da artdı. Bildilər ki, ordan belə bir futbolçu transfer olunub. "Braqa"nı keçəndən və "Bayer"lə oyunlardan sonra demək olar hamı "Qarabağ"dan danışır. "Bayer"lə son matça az qala bütün Stokholm baxırdı. Artıq çox yaxşı tanıyırlar.

- İnşallah, yaxın gələcəkdə Avropada atandan da ünlü olarsan. Hələlik, onun bir qədər kölgəsində qalmaq sənə diskomfort yaratmır? Azərbaycan futbolunun sehrbazı Qurban Qurbanovun oğlundan da azarkeşlər möcüzəvi uğurlar gözləyir.

- Kölgə söhbəti ola bilməz. Yenə deyirəm, həmişə istəyirəm atamın uğurları daha da arıtq olsun. Allah nə qədər nəsib etsə, o qədər çox uğur qazansın. Buna ancaq sevinirəm, fəxr edirəm. Amma fikirləşmirəm ki, atam bu boyda uğur qazanıb, mən də ondan geri qalmamalıyam.

- Müqayisə etsək, sən bu yaşında atandan qat-qat çox uğur qazanmısan.

- Yaşla baxsaq, bəlkə də elədi. Amma futbolda gələcəyi bilmək olmur. Nəinki, futbolda ümumiyyətlə, heç nədə kiminsə kiminləsə müqayisəsi doğru deyil.
Hərənin öz yolu var. Mən də həyata o bucaqdan baxmıram ki, mütləq atamdan daha çox uğur qazanmalıyam.

- Müstəqil Azərbaycan tarixində sənin yaşında bu qədər qol vuran, bombardir olan, sonra da xaricdə belə sanballı klubda çıxış edən futbolçu xatırlamıram. Azərbaycanlı futbol həvəskarlarının səndən gözləntisi istənilən halda böyükdü...

- Əlbəttə, bunun məsulliyəti ağırdı. İsveçə ölkəmizdə çox qol vurub gəlmişəm. Klubumda da məndən böyük gözləntilər var. Məsulliyyət artdıqca istər-istəməz adama təsir edir. Ilk başlarda buna çox əhəmiyyət verirdim. Amma burda qaldıqca belə demək mümkünsə, psixoloji olaraq da böyüyürəm. Nəyə necə reaksiya vermək, necə reaksiya verməmək lazımdı, bu kimi şeylərdə bir az təcrübələnirəm. Burda olmağım mənim üçün böyük təcrübədi. İstər futbolçu, istərsə də insan kimi.

- Ötən mövsüm komandanın oyundan ən çox qol vuran futbolçusu idin. Bu mövsüm "Qarabağ" avrokuboklarda tarix yazdı. "Getməsəm indi bəlkə daha yaxşı təkliflər alardım" kimi fikirlərin olur?

- "Qarabağ" mənim üçün ailə kimidi. Orda oynayanların hamısı qardaşlarımdı, baş məşqçi atamdı. Əlbəttə, qəlbin dərinliyində o hissləri komandanın içində yaşamaq istəyi olur. Amma bayaq dediyim kimi hərənin öz yolu var. Mən anlaqlı şəkildə qərar verib, çətin yola başlamışam. Ötən mövsüm bitəndən sonra "Yurqarden"dən təklif gələndə, Avropaya nə qədər tez getsəm gələcək karyeram o qədər uğurlu alınar deyə düşündüm. Bu qərarın nə dərəcədə dəqiq, düz və ya səhv olduğunu zaman göstərəcək. İndiki missiyam "Yurqarden"dədi və burda əlimdən gələni etməliyəm. Oturub başqa şeylər fikirləşsəm məni ancaq geri sala bilər.

- "Qarabağ"ın gücü nədədi?

- Ən birinci komanda həqiqətən ailə kimidi. Düzgünlük, düzgün iş prinsipləri, futbolçu, məşqçi, rəhbər heyət arasında qarşılıqlı hörmət, professionallıq...
"Qarabağ"da hər futbolçuya şəxsiyyət kimi yanaşırlar, onun üzərində işləyirlər, çalışırlar potensialının ən üst səviyyəsinə gətirsinlər ki, komandaya daha çox fayda versin. Məşqçidən tutmuş, oyunçulara kimi hər kəs istəyir inkişaf etsin. Hamı çox çalışır, doğrudan da böyük əziyyət çəkir. "Qarabağ"da tənbəl insan yoxdu. Hamı bu adın məsulliyətini dərk edir.

- Bu il atan qitədə daha çox tanındı. Yəqin ki, ona da yaxşı təkıiflər olacaq. Səncə, o da xaricə getsə yaxşı olar?

- Bilmirəm nə cavab verim. Hər halda özü hamıdan yaxşı bilir. O nə qərar versə, mən dəstəkləyəcəm. Açığı, atam üçün "Qarabağ" çox vacibdi. Bu ad çox önəmli addı. Atamın həyatının bir hissəsinə çevrilib. "Qarabağ" ölkəmiz üçün də çox vacib klubdu. Bilmirəm gələcəkdə nə ola bilər. Amma hər nə qərar versə, onun yanındayam.

- Səncə, millini yerli, yoxsa əcnəbi baş məşqçi çalışdırsa daha faydalı olar?

- Vallah, bu suala cavabım yoxdu. Onsuz da mənim sözüm heç nəyi dəyişməyəcək. Mən futbolçuyam. Məşqçi kim olur-olsun mənim üzərimə düşən vəzifə millidə hər şeyimi verməkdi, oyunlarda əlimdən gələni etməkdi.

- Gələn ay futbolumuzda ciddi dəyişiklər gözlənilir. Bu haqda hansı düşüncələrin var?

- Ancaq istəyərəm ki, hər şey futbolumuz, ölkəmiz üçün daha yaxşı olsun. Xeyirlisi nədisə, o qərarlar verilsin. Futbolumuz daha da inkişaf etsin, qabağa getsin.

- Öz gələcəyin haqda nə planların, düşüncələrin, hədəflərin, arzuların var?

- İstəyirəm futbolçu bacarıqlarımı artırım. Əlbəttə, insani keyfiyyətlər də çox vacibdi. Çalışıb futbolçu kimi potensialımın maksimununa çatmalıyam. Artırıb, inkişaf edib daha böyük liqalarda oynamaq istəyirəm. Konkret qarşıma filan çempionatda və ya klubda oynamalıyam deyə bir məqsəd qoymamışam. Amma nə qədər gücüm çatır, nə qədər bacarıram, nə qədər imkanım, şansım olacaq çalışacam daha da qabağa gedim. Bunun üçün əlimdən gələni edəcəm. Ola bilər bu gün alınmasın, sabah alınmasın. Amma inanıram ki, əziyyət çəksəm, həvəsdən düşməsəm... Psixoloji amillər çox vacibdi. İnşallah, bunların öhdəsindən gələ bilsəm, ən azından nəyəsə nail olacam. Arzularım çoxdu. Amma bu haqda danışmaq istəmirəm.

- Ötən mövsümə pis başlamadın, qollar vurdun. Sonra nə baş verdi?

- Yeni gələndə çətinliklər oldu. Sonra bir period oldu ki, qollar vurdum. Oyunum yaxşı alınırdı. Sonra ümumən komandada eniş oldu. Yəqin ki, bu da təsir etdi. Sırf hansısa konkret səbəb deyə bilməyəcəm. Həmişə necə oynayırdımsa, yenə elə əlimdən gələni edirdim, edirəm. Amma bəzən alınmayanda alınmır.

- Bəlkə "Qarabağ"dan gələndə daha yaxşı formada idin?

- Deməzdim. Əksinə, bura gələndə ən yaxşı formamda deyildim. Təlim-məşq toplanışını yarımçıq tərk etmişdim. Burda mövsümün ortası idi. Buna görə başdan bir az çətinliklər oldu. Yenə deyirəm, sırf niyə belə oldu, özüm də bilmirəm. Yenə üzərimdə çalışıram, əlavə məşq edirəm. İndi belə gətirdi. İnşallah, gələcəkdə yaxşı olar.

- Bura gələndən sonra psixoloji möhkəmləndiyini dedin. Bəs ustalıq cəhətdən özündə hansısa irəliləyiş hiss edirsən?

- Fiziki cəhətdən irəliləyiş olduğunu hiss edirəm. Amma ümumən ustalığımda hansısa irəliləyişin olub-olmaması haqda danışmaq üçün gərək daha çox oynayım.

- İsveçin ən tanınmış klubu "Göteborq"a və ya Türkiyə Super Liqa klublarından birinə keçəcəyin haqda xəbərlər yayılıb...

- Mən də mediada görmüşəm. Amma rəsmi heç bir məlumatım yoxdu.

- Bir ara İsveç mediası üçün ingiliscə səlist danışmağın gündəm oldu. Hansı məktəbdə oxumusan? Dil biliyini harda belə gəlişdirmisən? Deyirlər futbol dilini anlamaq asandı. Amma məncə, çox yanlış deyimdi. Məşqçinin dilini bilməsən dediklərini necə anlayarsan?!

- Bakıdakı 6 nömrəli məktəbdə oxumuşam. Valideynlərim uşaq vaxtdan ingilis dili kursuna yazdırmışdı. Amma daha çox əcnəbi komanda yoldaşlarımla danışaraq ingiliscəmi inkişaf etdirdiyimi düşünürəm. Bura gələndən dil problemim olmayıb. Çünki, əhalisinin demək olar hamısı ingiliscə bilir, bu göstəricidə İsveç dünyada liderlərdəndi. Futbola gəlincə, məşqçilər mənimlə ingiliscə danışır, komandayla əsasən İsveç dilində ünsiyyət qururlar. Tam olmasa da, artıq isveçcə də bəzi sözləri anlayıram.

- Futbolçu kimi yetişməyində hansı uşaq komandasının və məşqçilərin daha çox faydası dəyib?

- Əlbəttə, ilk növbədə "Neftçi"nin. Futbolla məşğul olmağa 6 yaşımda başlamışam, ilk məşqçim səhv etmirəmsə, Vaqif Paşayev idi. İslam Kərimov, Ramin Həbibli, Rüfət Quliyev, Eldəniz Məmmədov... Futbolçu kimi yetişməyimdə "Neftçi" Futbol Akademiyasının böyük rolu var, məşqçilərinin əməyi danılmazdı, 10 ilə yaxın orda oynamışam. Sonra Rəşad Sadıqov U19-un baş məşqçisi olanda məni "Qarabağ"a gətirdi. Onun da tək mənim yox, indi "Qarabağ"da gördüyünüz bütün gənc futbolçuların üzərində əməyi danılmazdı.

- Atan və əmin Musa Qurbanovla əlaqə saxlayırsan? Atan yəqin ki, Bakıda sənə daha çox diqqət ayıra bilirdi. Xüsusən avrokuboklarda bura qədər gəlmələri yəqin ki, səninlə də tez-tez əlaqə saxlamasına mane olurdu.

- Qrafiki çox sıxdı. Amma müntəzəm əlaqə saxlayırıq. Hər gün, günaşırı danışırıq. Sırf "Qarabağ"da oynadığım üçün bəlkə məşqçi-futbolçu kimi əlaqəmiz daha çox olurdu. Amma ümumən ciddi bir dəyişiklik yoxdu. Atam da, əmim də oyunlarım olanda baxır, fikirlərini bildirir.

- Bəs sən "Qarabağ"ın bütün oyunlarını izləyirsən?

- Əlbəttə, bütün oyunlarına baxıram. "Bayer"lə son qarşılaşmaya Anatoli Ponomaryovun evində baxdım. "Tolik" axırda evi dağıdırdı. Komanda yoldaşlarım da şokda idi. Həm bu oyundan, həm də "Qarabağ"ın son nəticələrindən yaxşı mənada təəccüblənmişdilər. Bu da mənə fəxr hissi verir. Həm orda oynadığıma, həm atamın baş məşqçi olmasına, həm ölkəmizə görə qürur duyuram.

- Anatolinin atası İqor Ponomaryov İsveç çempionu olmuş yeganə azərbaycanlı futbolçudu. Sən isə ilk dəfə İsveç kubokunu qazanan azərbaycanlı kimi tarixə düşə bilərsən. "Yurqorden"də qalıb yeni mövsümdə öz potensialını açmağı, əsas heyətin daimi üzvünə çevrilməyi qarşına hədəf qoymusan?

- Bəli, hazıda tək hədəfim budu. Klubum üçün faydalı olmaq, inkişaf etmək, oynamağa daha çox vaxt qazanmaq indi əsas məqsədimdi. Bunun üçün əlimdən gələni əsirgəməyəcəm.

- Azərbaycan futbolunun bəlkə də ilk yetirməsisən ki, bu yaşından Avropada legioner karyerasına başlamısan. Sənə ürəkdən uğurlar arzulayıram! İnşallah, bütün çətinliklərin keçmişdə qalar!

- Təşəkkür edirəm!

Anar Şabanoğlu, Stokholm

ETOPAZ-ın dəstəyilə hazırlanıb

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"