COP29

“Maaşım atamda olurdu, evlərim var, kirayə vermişəm” – Cavadovla səmimi söhbət

6 İyul 20:40 Müsahibə 6 178
“Maaşım atamda olurdu, evlərim var, kirayə vermişəm” – Cavadovla səmimi söhbət

Vaxtilə Azərbaycan millisinin aparıcı fiqurlarından olan Vaqif Cavadov 3 ilə yaxındır məşqçilik fəaliyyəti ilə məşğuldur.

“Sumqayıt”ın U-17, ardınca U-19 komandalarını çalışdıran 35 yaşlı mütəxəssis hazırda “kimyaçılar”ın əvəzedicilərdən ibarət komandasına başçılıq edir.

Cavadovlar nəslinin davamçısı ilə söhbətə uşaq futbolundakı problemlərlə bağlı suallardan başlasaq da, söhbətin davamında futbolçu dövrünə baş çəkdik, futboldankənar biznesini soruşduq, əmisi İsgəndər Cavadovla münasibətlərinə aydınlıq gətirdik.

(əvvəli ötən yazıda)

- İllik nə qədər?

- Onu deyə bilməyəcəyəm. Bir onu deyə bilərəm ki, o dönəmdə “Qarabağ”da ən çox məvacib alanlardan biri mən idim.

- Rəşad Sadıqovla birlikdə?

- Bəli.

- İllik 500 min manat?

- (gülür) Məbləği açıqlaya bilmərəm.

- Müsahibənin ən vacib suallarındandır, onu da cavablandırmaq istəmirsiniz.

- Məndən olsa açıqlayaram, heç bir problem yoxdur. Sadəcə, klubun razılığı olmalıdır. Çünki o vaxt maaş məsələsi fərqli idi. İndi məbləğ tam formada rəsmi sənəddə göstərilir. İnanın, indi oynasaydım və rəsmi formada maaş alsaydım, deyərdim.

- Öz dövrünün ən yaxşı qazananlarından olmusunuz. Əldə etdiyiniz vəsaiti hara xərcləmisiniz?

- Şükürlər olsun, həyatda lazım olan hər şeyi təmin etmişəm. Qazancım daim atamın nəzarətində idi. Nəyi, hara və necə xərcləməyi atam məsləhət görürdü. Maaşım atamda olurdu, mənə lazım olan qədər pul verirdi, qalan işləri özü yoluna qoyurdu. Ona görə də şikayətçi deyiləm.

- Biznesiniz var?

- Futbolçu hara, biznes hara? Mənə elə şey çatmır. Hər bir peşənin başında özün dayanmalısan. Futbol oynaya-oynaya biznesə nəzarət etmək mümkün deyil.

- Əlavə qazancın yeriniz yoxdur deməli.

- Evlərim var, kirayə vermişəm. Vəssalam.

- Sizi o dövrdə “Qarabağ”dakı çıxışınız daha çox məşhurlaşdırdı, yoxsa Rusiya millisinə vurduğunuz qollar?

- Hər ikisinin rolu var. Ancaq mənə görə “Qarabağ”ın uğurları futbolçuları daha çox tanıdır. İnsanların “Qarabağ”a xüsusi simpatiytası, sevgisi var. “Rusenburq”la oyundan başlayaraq yüksələn xətt üzrə davam etməyimiz tək məni yox, bütün azərbaycanlı futbolçuları xalqa tanıtdı. Xatırlayırsınızsa, digər klubların özəyi legionerlərdən təşkil olunmuşdu. Yeganə komanda “Qarabağ” idi ki, heyətin 80-90 faizi yerlilər idi.

- Futbolçu karyeranızı başa vurandan sonra sizə qardaş deyən insanları yanınızda görürsünüz?

- 13-15 il əvvəlki futbolçularla indiki futbolçuların davranışı, mentaliteti, oynadığı futbol tam başqadır. Eyni şey dostlara da aiddir. Həyatda insanın ən yaxşı halda 2-3 dostu ola bilər, qalanları tanış sayılır. Heç kim deyə bilməz ki, mənim 50 yaxşı dostum var. Bu, mümkün deyil. Dost sənin valideynlərin, bacın, qardaşın, ailəndir. Həmişə bu prinsiplə yaşamışam. Ona görə də dünən mənə qardaş deyənlərin bu gün harada olduqlarına çox da fikir vermirəm. Əsl dostdursa, bu gün də yanımdadır. Deyilsə, deməli, o adam dostum olmayıb.

- Futbol oynayan dönəmdə spirtli içki və siqaretlə aranız necə idi?

- Nə içkiylə aram olub, nə də siqaretlə.

- İlqar Qurbanov sadəcə qohumunuzdur, yoxsa həm də dostunuz?

- İlqar həm dostumdur, həm qohumum, həm də qardaşım.

- İsgəndər Cavadov necə? Əsl əmi, yoxsa ad olaraq əmi?

- Nə mənada?

- Əmilik edibmi sizə?

- Heç vaxt onun adından istifadə etməmişəm. Atam da həmişə deyirdi ki, sən futbolu heç kimə görə yox, öz adına görə oynamalısan. Atama, yaxud əmimə görə oynasaydım, bəlkə də bu gün karyeramı davam etdirərdim. Heç vaxt addan istifadə etməmişəm, etməyəcəyəm də. Övladlarımı da bu yöndə tərbiyə edirəm. Mənə görə oynamasınlar, istedadları, bacarıqları varsa oynasınlar. Sübut etsinlər ki, babasından da, atasından da güclü futbolçudurlar.

- İsgəndər Cavadovla münasibətin necədir?

- Normaldır. Böyüyümüzdür, əmimdir, Allah ona can sağlığı versin. Azərbaycan futbolunda danılmaz xidmətləri var. Allahdan ona uzun ömür arzu edirəm.

- Bir neçə ay əvvəl əminizdən aldığım müsahibəni oxumuşdunuz yəqin. AFFA-nın keçmiş rəhbərliyini tənqid etmişdi.

- Bilirəm, oxumuşdum.

- Oxuyanda nə hislər keçirdiniz? Münasibətiniz necə oldu?

- Açığı, bu barədə onunla 5-6 il əvvəl söhbətimiz olmuşdu. O vaxt əmimə də, Vaqif Cavadova da bildirmişdim ki, bəlkə də siz İcraiyyə Komitəsində üsyan edirsiniz, sözünüzü deyirsiniz, amma ictimaiyyət və mətbuat bunu bilmir. Hələ o vaxt demişdim ki, indi danışın, illər sonra danışanda mənası olmayacaq. Çox istərdim ki, bu çıxışını İcraiyyət Komitəsində yer alan vaxt edərdi. İnanın, o vaxt danışsaydılar, heç kim onlara heç nə deməyəcəkdi, əksinə, Azərbaycan futbolunun inkişafına böyük fayda olardı.

- Keçmiş məşqçilərin arasında üzünü görəndə əl uzatmadığın kim var?

- Heç kim. İstər yaxşısı, istər pisi olsun, hər birindən nəsə öyrənməyə çalışmışam. Yaxşıdan yaxşı nəsə götürmüşəm, pisin mənfi tərəflərinə baxıb nəticə çıxartmışam. Ümid edirəm ki, vaxtilə görüb-götürdüklərim məşqçilik karyeramda mənə böyük fayda verəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?