“Səhv etmirəmsə, indi yalnız “Neftçi”…“ - Vitse-prezident problemi açıb dedi

24 Avqust 2023 08:30 Problem 927
“Səhv etmirəmsə, indi yalnız “Neftçi”…“ - Vitse-prezident problemi açıb dedi

Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev 1 və 2-ci liqaların oyunlarının yayımı ilə bağlı məsələyə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, qurumun rəsmisi bildirib ki, hazırda yayım üçün PFL-in əlindəki resurslar çox deyil. O bildirib:

"Minimum resursla maksimum iş görməyə çalışacağıq. Hər iki liqanın oyunları bir mərkəz kamerası ilə çəkiləcək. Amma ən azı bu, bizə çox kömək olacaq. Hansısa oyunlar çəkilmirsə, Hakimlər Komitəsi 5 yarışın olduğunu nəzərə aldıqda bütün oyunları başdan-ayağa izləyə bilməz. Amma bizdə montajla məşğul olan şəxslər kifayət qədər peşəkardırlar və icmal hazırladıqları zaman bütün mübahisəli qərarları, hakim səhvlərini gözəl bilirlər və yəqin ki özünüz də görürsünüz ki, hamısını icmala yerləşdirirlər. Yəni heç nə gizlətmirik.

Təəssüflə qeyd edəcəyim məqam da var. Əvəzedicilər ötən mövsümdə 1-ci Liqada olanda oyunlarını yayımlaya bilirdik. Amma indi səhv etmirəmsə, yalnız “Neftçi” komandası yayım edir, ya da icmal yerləşdirir. Bu da ictimaiyyətə bəlli olur. Bir məsələdə inkişaf istəyirsinizsə, ictimailəşməlidir. Səhvləri gizlətməklə heç nə əldə etmək olmaz. Sənan müəllim (PFL-in mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev - red.) klublarla danışıb ki, heç olmasa oyunlarının icmallarını yerləşdirsinlər. Belədə biz hakimlərin səhvlərini də rahat görə bilərik. Adicə dünən (21 avqust - red.) “Neftçi-2” və “Sabah-2” komandalarının oyununda “Neftçi-2”nin oyunçusunun emosional davrandığı deyilir. Amma bu emosionallıq yox, futbolçuya yaraşmayan hərəkətdir. Bu oyun çəkilməsəydi, heç kəs də görməyəcəkdi, ictimailəşməyəcəkdi. Amma indi məsələ daha detallı araşdırılacaq".

PFL-in mətbuat xidmətinin rəhbəri Sənan Abdullayevin bildirdiyinə görə, 1 və 2-ci liqaların TV-də canlı yayımının həyata keçirilməsi böyük xərc tələb edir: "Hazırda ancaq Premyer Liqa “CBC Sport”la canlı yayımlanır. Digər liqaların TV yayımı nəzərdə tutulmayıb”.

Digər Xəbərlər
Xəbər Lenti