"Futbolsuz qaldığım dönəm mənimlə kimsə maraqlanmayanda bildim ki, ... - MÜSAHİBƏ+FOTOLAR

4 May 2021 20:20 Bizimkilər 1 803
"Futbolsuz qaldığım dönəm mənimlə kimsə maraqlanmayanda bildim ki, ... - MÜSAHİBƏ+FOTOLAR

Zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənar qalan azərbaycanlı futbolçu Fuad Bayramov Polşanın “Ostroveç-Şventokşisi” klubuna keçəndən sonra da bir müddət zədədən əziyyət çəkdi.

Amma deyəsən, Bayramovun Polşada işləri yolunda getməyə başlayıb. Futbolçumuz artıq stabil olaraq oyunlara çıxır. Hətta meydana çıxdığı son 2 oyunda 3 qol vurmağı da bacarıb.

Fuad Bayramov hazırkı durumu və gələcək planları ilə bağlı Sportinfo.az-a müsahibə verib.

- Fuad, uzun müddətli zədədən sonra artıq davamlı olaraq rəsmi oyunlara çıxırsan. Hazırda özünü necə hiss edirsən?

- Polşaya gələndən sonra da ilk günlər yüngül zədələrim oldu. Şükür Allaha indi demək olar formaya düşürəm.

- Kollektivə uyğunlaşa bilmisən?

- Baş məşqçimiz və futbolçularla aram çox yaxşıdır. Həqiqətən, özümü yad yerdə hiss eləmirəm.

- Azərbaycan futbolunu yaxından izləmək imkanın olur?

- Əlbəttə. Vaxtım olanda bütün görüşləri izləyirəm. Sonuncu baxdığım maraqlı oyunlardan biri "Zirə" "Keşlə" oyunu olub.

- "Qarabağ" və "Neftçi" arasında gərgin çempionluq mübarizəsi gedir. Hansı komandanın çempion olmasını istərdin?

- Açığı, kimin çempion olmasının mənim üçün fərqi yoxdur. Amma düşünürəm ki, "Qarabağ" ilk pilləni əldən verməyəcək və sonda çempion olacaq.

- "Zirə" və "Keşlə" arasında baş tutan oyuna baxdığını dedin. Görüşdən sonra oyun haqqında müzakirələr hələ də gedir. Başverənlərə sənin münasibətin necədir?

- Görüşü canlı izləyirdim. Məncə, oyunun sonunda verilən qırmızı vərəqə nəticəni təyin elədi. Həmin epizodda hər iki futbolçuya da qırmızı vərəqə verilməliydi. Çünki öncə "Keşlə"nin futbolçusu rəqibi vurmuşdu. Penal isə yox idi.

- Fuad, özün də uzun illər "Keşlə"nin (əvvəlki adı "İnter") şərəfini qorumusan. Yəqin ki, hələ də komanda da çalışan dost-tanışların qalır. Aralarında indi də əlaqə saxlayanları varmı?

- Tanışlarım, əlbəttə, var. Mən orda 10 il oynamışam. Açığı, futbolsuz qaldığım dönəm kimsə mənimlə maraqlanmadı. Onda hiss elədim ki, mənim futbolda dostum yoxdur. Yalnız Tərlan Əhmədli və Mirsahib Abbasov istisnadır. Onlar həqiqətən mənim üçün dəyərli uşaqlardı.

- Karyeranda müsbət mənada önəmli rolu olan Kaxabe Tsxadadezin bir vaxtlar sevimli futbolçularından sayılırdın. Gürcü mütəxəssislə münasibət qalır?

- Həqiqətən də Kaxaber güclü məşqçiydi. Görəndə mehriban görüşürük. Son dəfə Rustavidə olanda görmüşdüm. Amma telefonla əlaqəmiz yoxdur. Zaur Svanadze də gözəl insan idi.

- Onunla danışırsan?

- Xeyr.

- Fuad, artıq az müddət deyil Polşadasan. Azərbaycan üçün darıxırsanmı?

- İlk növbədə ailəm üçün darıxıram. Bir də öz doğma rayonum və qohumlarım üçün.

- Təklif olsa ölkəmizə qayıtmağa razılaşacaqsan, yoxsa ilk düşüncən orada qalmaqdır?

- Açığı, fikrim hələ ölkə xaricində oynamaqdır. Qayıtmaq istəmirəm.

- Yeni mövsüm daha üst liqalarda oynamaq perespektivin nə dərəcədə realdır?

- İndi bu haqda danışmaq tezdi. Çünki çempionatın qurtarmağına 2 ay var. Amma burada mənimlə maraqlanan menecerlər var. Bu çox vacibdir.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti