Kamran Ağayev üçün "Bərəkət"li başlayan, urvatsız bitən karyera

11 Yanvar 2022 14:00 Azərbaycan Futbolu 847
Kamran Ağayev üçün "Bərəkət"li başlayan, urvatsız bitən karyera

Azərbaycan futbolunun ən istedadlı simalarından biri sayılan Kamran Ağayev karyerasnı başa vurdu.

Şabranda doğulan Ağayev illər əvvəl elə həmin bölgənin "Bərəkət" adlı komandasında qapıçılığın sirlərini öyrənməyə başlamışdı.

İstedadı ilə tez bir zamanda diqqətləri üzərinə cəlb edən 15 yaşlı Kamran öncə 17 yaşlılardan ibarət Azərbaycan millisinin, qısa müddət sonra isə Bakının "Şəfa" komandasına şağırılır.

İlk böyük uğurunu da burada Azərbaycan kubokunu qazanmaqla əldə edir.

Bundan sonra Peşəkar karyerasında inkişaf sürətli xətt almağa başlayır. Öncə məşhur Naci Şensoylu "Turan"da çıxış edən qapıçı qıs müddət sonra "Xəzər Lənkəran"a transfer olunur.

Onu Kamran Ağayev edən də elə "Xəzər Lənkəran" olur desək yanılmarıq. Bir çox kuboklar, uğurlar qazandığı cənub klubu ilə bütün futbol ictimaiyyətində məşhurlaşmış olur.

Onun 20 illik karyerasındakı ən stabil klub da elə Lənkəran təmsilçisi olur. Burada keçən 7 fantastik ildən sonra Ağayev klubları əlcək kimi dəyişməyə başlayır.

Növbəti 8 ildə nə az-nə çox 8 klubda forma geyinir. Amma heç birində Lənkərandakı Kamran Ağayev olmağı bacarmır.

Amma milli komanda ilə bağlı eyni sözləri demək olmaz. Kamran istənilən klubdakı çıxışından asılı olmayaraq millinin qapısını qorudu bütün görüşlərdə formanın haqqını verməyi bacarıb. Bəli, səhvləri də olub, amma o, haqqlı olaraq 10 il ölkənin əsas milli komandasın "bir nömrə" statusuna sahib olub.

Klubda keçirdiyi ən zəif mövsümündə belə milli komanda üçün vazkeçilməz sima olub. Təbii ki, "Səbail" xaric. O, ağır zədədən sonra Bayıl təmsilçisinə gəlişi ilə yenidən əvvəlki Kamran olmağa ümid edirdi.

Ancaq bacarmadı. Milli komandaya çağrılması isə ümumiyyətlə müzakirə mövzusu olmadı. Qatar artıq getmişdi.

35 yaşlı qapıçı özü də bunun fərqinə varınca, adına layiq olmayan klubda, adına layiq olmayan formada futbola əlvida dedi. Amma əminəm ki, səhvi və düzü ilə Kamran Ağayev hər zaman Azərbaycan futbolunda sayğı ilə anılacaq futbolçular arasında olacaq.

Elə 20 oyun aşağı yaş, 79 matç isə Azərbaycanın əsas milli yığma komandasının formasını geyindiyi üçün ona çox sağ ol, Kamran deyə bilərik.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti