Azərbaycana qarşı ikiüzlü siyasət, yoxsa əhdə xəyanət?

28 Oktyabr 2020 18:48 Problem 875
Azərbaycana qarşı ikiüzlü siyasət, yoxsa əhdə xəyanət?

UEFA-nın prezidenti Aleksander Çeferin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıb. Sloveniyalı başqan siyasi təşkilat olmadıqlarını desə də, sözləri əməlli-başlı siyasət qoxuludu.

Onun dediklərinə bir daha diqqət edək və görərik ki, Çeferin əsl diplomatlar sayağı nala-mıxa vurur, ortaya konkret mövqe qoymaqdan çəkinir: “Açığı, detalları bilmirik, çünki siyasi təşkilat deyilik. Tam ümid edirik ki, məsələ sülh yolu ilə həll ediləcək”.

30 ilə yaxındı Azərbaycan torpaqları erməni işğalı altındadı, minlərlə günahsız azərbaycanlı həyatını itirib, milyona yaxın dinc sakin doğma yurd-yuvasından qaçqın düşüb.

Amma Çeferin deyir ki, orda nəyin baş verdiyini bilmirik, detallardan xəbərsizik. Sizin inanmağınız gəlirmi? Şəxsən mən Çeferinin səmimiyyətinə inanmıram, buna inanmağım mümkün deyil.

İxtisasca hüquqşünas olan Çeferin UEFA-nın 7-ci prezidentidi, bu vəzifəni 2016-cı ilin sentyabrından tutur. Elə həmin vaxt da ayağının tozuyla Azərbaycana səfərə gəldi,

Bakı Olimpiya Stadionunda AÇ-2020-nin ev sahiblərindən biri kimi Bakının loqosunun təqdimat mərasimində iştirak etdi. Onun Bakıdakı səfər proqramı təkcə bu tədbirlə məhdudlaşmadı.

UEFA prezidenti Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Bakcell Arena”da keçirilən “Qəbələ” – “Maynts-05” qarşılaşmasını canlı izlədi. Şübhə etməyə dəyməzdi ki, Çeferin Bakıda yetərincə isti qarşılanıb, burda olmaq onun xoşuna gəlib. Əks halda Azərbaycanda çox yubanmaz, səfər proqramının mümkün qədər qısa olmasına çalışardı. Həmin vaxt AFFA-nın rəsmi saytı bu məqamı xüsusilə vurğulamışdı ki, Çeferin Bakıya şəxsən Rövnəq Abdullayevin dəvəti əsasında gəlib. Bu isə fəxri qonağın yüksək səviyyədə qarşılanacağının, elə o cür də yola salınacağının xəbərçisi idi. Yəni ki bizimkilər UEFA-nın qəttəzə prezidentini duz-çörək kəsmək, yaxından tanış olmaq üçün Bakıya dəvət ediblər.

Biz bu isti münasibətin davamını sonradan da hiss etdik. AFFA Bakıda keçirilən Avropa Liqasının final oyununu, 17 yaşadək futbolçuların qitə çempionatını əsl futbol bayramına çevirməyi bacardı. Yüksək səviyyəli təşkilatçılıq UEFA-dan da lazımi qiymət aldı, Bakının təşkilatçılıq bacarığından fəxrlə bəhs olundu. 2017-ci ildə AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinə namizədliyini irəli sürməsi də bu isti münasibətlərin göstəricisi idi. Düzdü, Məmmədovu ora seçmədilər, amma heç şübhəsiz, bizim baş katib bu seçki marafonuna Çeferinin xeyir-duasını aldıqdan sonra qoşulmuşdu. Yüksək səviyyədə dəstək olmasaydı, Elxan bəy risk edib, UEFA-nın İcraiyyə Komitəsinə üzv seçilmək uğrunda mübarizəyə qoşulmazdı. Təsadüfi deyil ki, bu seçkidə uduzan Məmmədov tezliklə UEFA-dan vəzifə ala bildi. Sizin də xəbəriniz var ki, Elxan Məmmədov 2019-cu ilin mayından bəri UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsini tutur. Elə bu təyinat da ondan xəbər verirdi ki, UEFA rəhbərliyi onun Avropanın futbol ailəsinin yüksək eşelonuna inteqrasiyasında, elitada tanınmasında maraqlıdı.

2016-cı ilin sentyabrındakı səfər Çeferinin Bakıya yeganə gəlişi deyil. Avropa Liqasının final oyunu ərəfəsində UEFA prezidenti paytaxtımıza təşrif buyurmuşdu. Özü də mayın 29-da UEFA-dan gələn qonaqları ölkə başçısı İlham Əliyev də qəbul etmişdi. Rəsmi məlumatda qeyd olunurdu ki, Çeferin Bakıda Avropa Liqasının final oyununun keçirilməsi üçün yüksək səviyyədə hazırlıq işlərinin görüldüyünü qeyd edib. O, Bakının çox gözəl şəhər olduğunu, müasir inkişafı və tarixi ənənələri özündə birləşdirdiyini, UEFA rəsmilərinin paytaxtımızda özlərini çox rahat hiss etdiklərini də vurğulayıb. Daha sonra Çeferin UEFA-nın AFFA ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edərək, yaradılan şəraitə görə minnətdarlığını bildirdi. Bu yerdə çox vacib məsələni də xatırlayaq. Cənab Çeferin bu sözləri təkcə ona görə demir ki, AFFA rəhbərliyi onu hər gəlişində yaxşı qarşılayıb, yüksək səviyyədə yola salırdı. Nə də ki ölkəmizdə futbolun inkişafı, AFFA-nın idarəçilik bacarığı UEFA-da oturanların diqqətini cəlb edib. Hamımızın bildiyi bir sadə həqiqət var. Həmin həqiqət də odu ki, UEFA üçün Azərbaycan çox sərfəli və zəngin tərəfdaşdı. İllərdi ki, Azərbaycanın neft pullarından UEFA da öz payını alır, onun bayrağı altında keçirilən bir çox yarışlarda SOCAR-ın reklam bannerləri göz oxşayır. Bütün bunlar isə SOCAR-ın UEFA ilə imzaladığı sponsorluq müqaviləsi çərçivəsində mümkün olurdu.

Kim inanar ki, Azərbaycanla, onun neft şirkətiylə bu səviyyədə əməkdaşlıq edən, onların simasında özünə səxavətli sponsor tapan UEFA-nın prezidenti Dağlıq Qarabağda nəyin baş verdiyindən xəbərsizdi. Qarabağdakı haqq davamız, topraqlarımızı işğaldan azad etmək üçün apardığımız müqəddəs savaş hazırda dünyanın diqqətindədi. Əsl dostlar bizim mövqeyimizi dəstəkləyir, bu savaşda yanımızda olduqlarını deyirlər. UEFA-dan bizi açıq şəkildə dəstəkləməsini gözləməsək də, cənab Çeferin özündə cəsarət tapıb, həqiqəti deyə bilərdi. Naftalanda ermənilərin açdığı top atəşiylə ölən dinc sakinlərdən biri 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov həm də futbolçu idi. Bunu UEFA-da oturanlar da bilir. Çox təəssüf ki, Çeferin özünü bunlardan xəbərsiz kimi aparmağa çalışıb. Onun bu cür davranışının adını tapmaq isə heç də çətin deyil. Ya ikiüzlülükdü, ya da Azərbaycanla olan münasibətlərə xəyanət! (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti