AFFA I Diviziona gələcək 4-cü rayon klubuna kuratorluğu öz işçisinə tapşırdı

24 İyul 2022 11:40 Region Liqası 3 163
AFFA I Diviziona gələcək 4-cü rayon klubuna kuratorluğu öz işçisinə tapşırdı

AFFA növbəti mövsüm I Divizionda çıxış edəcək 4-cü yeni klubun adını açıqlayacaq.

Çempionatda yarışmağa iddialı Region Liqası komandalarına iyulun 25-dək vaxt verilib.

Federasiya bunun üçün 11 şərtini bəyan edib. Formal da olsa.

«Xan Lənkəran», «Qusar» və «Füzuli» I Divizionda mübarizə aparmağa hazırdır –AFFA-ya məktub göndəriblər. Lakin biz bilirik ki, bu müraciətlər qurumun mövqeyini dəyişməyəcək.

AFFA hələ öz şərtlərini açıqlamamışdan öncə seçimini gizli şəkildə müəyyənləşdirib. «Ağsu Siti» - assosiasiya məhz bu komandanın üzərində dayanıb.

Xəbər verdiyimiz kimi, SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılov yenidən sferasına dönüb. İki il öncə neft şirkətindəki vəzifəsi ilə vidalaşan M.İsmayılov Region Liqasında mübarizə aparan «Ağsu Siti»ni himayəsinə götürüb.

AFFA-nın adıçəkilən klubu növbəti mövsüm I Divizon iştirakçıları sırasına əlavə etməsinin əsas səbəbi də budur - o, federasiya prezidenti Rövnəq Abdullayevin yaxın dostlarından biridir.

Cütlüyün münasibətləri SOCAR-dakı işbirliyi başa çatandan sonra da qırılmayıb. Onlar bu gün də bir yerdədir. İsmayılov apreldə Şamaxıda olub, Abdullayevlə birgə «Şamaxı» - «Neftçi» matçını (1:2) canlı izləyib.

«Ağsu Siti» sabiq vitse-prezidentin ikinci klubudur. O, hələ 11 il öncə «Ağsu»nu yaradıb. Eks SOCAR mənsubuna məxsus olduğu söylənilən «Azqranata» şirkəti illərboyu Aran klubuna sponsorluq edib.

«Ağsu»nun fəaliyyətini dayandırması I Divizionda oyun «alver»i ilə əlaqədardır.

Hüquq-mühafizə orqanlarının apardığı uzunmüddətli araşdırmaların nəticəsi olaraq AFFA «Ağsu»nu çempionatdan kənarlaşdırıb, bu komandanın rəsmi şəxs və futbolçularına federasiyanın bayrağı altında keçirilən yarışlarda iştirakı qadağan edib.

Mikayıl İsmayılov ötən mövsüm də müəyyən vasitələrlə «Ağsu Siti»yə yardım əlini uzadıb. İndən sonra isə o, bunu rəsmi şəkildə həyata keçirəcək.

SOCAR-dakı vəzifəsini itirmiş eks məmur bunu Rövnəq Abdullayevin xahişi ilə edir. Çün AFFA prezidenti «Xan Lənkəran»ı I Divizionda görmək istəmir.

Ötən ilin yayında yaradılan cənub klubunun «Xəzər Lənkəran»ın sahibi Mübariz Mənsimova bağlılığna dair onda əminlik var.

«Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynovun bu ilin fevralında İstanbulda iş adamıyla görüşməsi və görüşdən çəkilən fotonun bütün mediada yayılması R.Abdullayevdə həmin əminliyi bir qədər də artırıb.

«Ağsu Siti»nin yenidən formalaşdırılması və burada ediləcək təyinatlar birbaşa AFFA-nın nəzarətindədir. Federasiyanın Texniki direktoru Cahangir Həsənzadə konkret olaraq aran klubuna məsuldur.

Bura idarəçilərin və məşqçi korpsunun seçilməsi də daxildir. O. artıq bu işdə «bişib».

Belə ki, növbəti mövsüm I Divizionda mübarizə aparacaq «Araz-Naxçıvan», «İmişli» və «Mingəçevir» də Həsənzadənin məsləhətləri ilə baş məşqçi təiynatlarını gerçəkləşdirib.

Onun əli MOİK-ə də çatır. Asim İbrahimovla vidalaşan ordu təmsilçisi məhz AFFA rəsmisinin tövsiyəsi ilə Şahin Məmmədovu sükan arxasına gətirib.

«Ağsu Siti» ev oyunlarını Ağsu Olimpiya Kompleksinin stadionunda keçirəcək. Komanda gələn ayın əvvəlindən məşqlərə start verəcək.

Və təbii ki, AFFA-dan xeyir-dua palacaq məşqçinin rəhbərliyi altında. Kim olacaq o? Hazırda federasiya 2-3 namizədi gözdən keçirir.

Sonuncu dəfə «Şamaxı»nın futbol akademiyasında koordinator postunu tutmuş Kamal Quliyev də onların siyahısındadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti