"Bu illər ərzində evimdən çox, oranı görməyi istəmişəm"

4 Dekabr 2020 11:40 Qarabağ 530
"Bu illər ərzində evimdən çox, oranı görməyi istəmişəm"

"Qarabağ" sevərlər 27 ildən sonra doğma Ağdama, "İmarət"ə qovuşdular.

Ağdamlı futbolsevərlər üçün dillər əzbəri olan əzəmətli "İmarət" artıq Azərbaycan ordusunun nəzarətindədir.

Düzdü, stadiondan əsər-əlamat qalmayıb, amma olsun - əsas odur daş-qayısı, torpağı bizdədir. Özümüz yeni "İmarət" yaradarıq orda.

Sportinfo.az-a öz sevincini bölüşən "İmarət" azarkeş qrupunun üzvü, "Qarabağ"ın stajlı azarkeşi Pərviz Əsgərov da bu arzu ilə yaşayanlardandır.

Doğma evindən çox "İmarət" üçün darıxan "Qarabağ" sevdalısı - "Bu illər ərzində evimdən çox, "İmarət" stadionun görməyi istəmişəm. Uşaqlığımla bağlı hər şeyim "İmarət"də keçib.

Yaşadığımız evimizi nə olur olsun inşa olunacaq. Bəs "İmarət"?

Uşaq vaxtı qoz ağacının üstündə oturub oyunlara baxmağım, Səttar Əliyevin, Müşfiq Hüseynovun vurduğu qollara sevinməyim yadıma gəlir. Ona görə də ilk öncə istəyim ora ilə bağlıdır" deyir.

Əsgərov Ağdamda baxdığı sonuncu oyunu isə belə xatırlayır: "Qarabağda vəziyyət gərginləşdiyi günlərdə sevimli komandam "İmarət"də "Kəpəz"lə qarşılaşırdı.

Bu, "hər an mərmi düşər" deyə-deyə, baxdığım sonuncu oyun oldu. "İmarət"in yerində müasir bir stadion olmasını istərdim. Amma ən çox istədiyim odur ki, "İmarət" əzəmətli "İmarət" kimi qalsın".

Digər Xəbərlər
Xəbər Lenti