AFFA PFL və "Qarabağ"ı niyə tək qoyub? - Rəsmi açıqlama

21 İyun 2020 22:00 Qarabağ 1 058
AFFA PFL və "Qarabağ"ı niyə tək qoyub? - Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, dünən Peşəkar Futbol Liqası, "Qarabağ" rəhbərliyi və az sayda futbolçunun iştirakı ilə çempionluq kuboku ağdamlılara təqdim olunub.

Tədbirdən sonra daha çox müzakirə olunan məsələ isə AFFA tərəfindən heç kimin mərasimdə iştirak etməməsi idi.

Çünki buna qədərki bütün tədbirlərdə federasiya rəsmilərinin iştirakını görmüşdük. Görəsən, bəs dünənki tədbirə qatılmamağa nə mane olub?

Mövzu ilə bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Sportinfo.az-a bunları dedi:

"Ötən mövsümlərdə bütün mükafatlandırma mərasimlərində AFFA rəhbərliyi - Rövnəq Abdullayev, Elxan Məmmədov iştirak edib. Bu dəfə isə COVİD-19 pandemiyası ilə əlaqədar elan olunmuş karantin qaydaları, məlum məhdudiyyətlər nəzərə alınaraq, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tədbir barədə müzakirə apardılar.

Premyer Liqanın təşkilatçısının PFL olduğu üçün qərar verildi ki, mükafatlandırmada Ramin müəllim və PFL-in müvafiq əməkdaşları iştirak etsin.

Bilirsiz ki, tədbirlərdə 10 nəfərdən çox şəxsin bir məkanda toplaşmaması ilə bağlı qərar var və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, AFFA ilə PFL arasında aparılmış müzakirələrdən sonra mükafatlandırma tədbirinin gördüyünüz tərkibdə keçirilməsi qərara alınıb".

Digər Xəbərlər
Xəbər Lenti