"Neftçi"nin "göz bəbəyi": "Zarafat üçün vaxt yoxdur"

12 May 2021 13:20 Qarabağ 1 192
"Neftçi"nin "göz bəbəyi": "Zarafat üçün vaxt yoxdur"

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin mərakeşli yarımmüdafiəçisi Sabir Buqrin klub televiziyasında yayımlanan "Piramida" verilişində sualları cavablandırıb.

- Cari mövsümlə bağlı nə düşünürsünüz?
- Düşünürəm ki, çox yaxşı mövsüm keçiririk. Düzdür, bir qədər yaxşı başlamadıq. Amma daha sonra bizdə baş məşqçi dəyişikliyi oldu və hər şey yüksəlişə doğru dəyişdi. Fikrimcə, yaxşı mənada nələrsə edə bilərik və görəcəyik.

- İlk gəldiyiniz vaxt əsas heyətə düşməkdə çətinlik çəkirdiniz...
- Hazırda üslub fərqi var. Əvvəllər indiki kimi oynamırdıq. Həmin vaxt daha çox müdafiə barədə düşünürdük. Samir Abasov isə daha çox hücum futbolu təlqin edir. Bu isə mənim üçün daha rahatdır. Mən bu formada oyunu daha rahat görürəm. Digər tərəfdən, əvvəllər tək 10 nömrə kimi çıxış edir və çox qaçmalı olurdum. Buna görə çox da effektiv ola bilmirdim. İndi isə Emin Mahmudov və Mamadu Kane ilə birlikdə 8 nömrə kimi oynayıram. Bu, mənə daha rahatdır və adıçəkilən sistemdə özümü yaxşı hiss edirəm.

- "Neftçi"də ilk rəsmi matçınızı Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Şkupi"sinə qarşı keçirdiniz və qol vurdunuz. Həmin oyun barədə təəssüratlarınız necədir?
- Bu, çox möhtəşəm hissdir. Kollektiv qapanmışdı. Vurduğum qol komandama çox kömək etdi və gözəl tamaşa alındı. Olduqca xoşbəxt idim.

- Azərbaycanca hansı sözləri bilirsiniz?
- Demək olar ki, bilmirəm. Yalnız ərəb mənşəli "salam əleyküm", "maşallah", "əlhəmdülillah", "necəsən" sözlərini və bəzi pis sözləri başa düşürəm. Bunları səsləndirmək isə yaxşı çıxmaz.

- "Neftçi"də kiminlə oyununuz daha yaxşı alınır?
- Ən yaxın komanda yoldaşlarım Stiven Monroz və Voislav Stankoviçdir. Çünki biz daim bir yerdəyik, eyni otaqda oluruq. Amma ümumilikdə bütün komanda bir ailə kimidir. Hamı bir-biri ilə yaxşı münasibətdədir.

- Digər komanda yoldaşlarınız Mamadu Kaneni fərqləndirirlər. Doğrudanmı o, şən oyunçudur?
- Bəli, Kane çox əyləncəlidir. Bu komandada hamı dəlidir. Hamının bir problemi var. Stankoviç də, Monroz da, bütün komanda əyləncəlidir. Lakin qapanmağımız bizi güclü edir. Güləndə də, ağlayanda da, oynayanda da bunu birgə edirik.

- Lüksemburq "Düdelanj"ının heyətində çıxış etdiyiniz vaxt "Qarabağ"a qol vurmuşdunuz. İndiki ilə əvvəlki "Qarabağ" arasındakı fərq nədədir?
- İndiki "Qarabağ" əvvəlki deyil. Amma nə pisdir, nə də yaxşı. Üslubları bərabərdir. "Qarabağ" çox güclüdür, lakin biz çempion olmaq istəyirik.

- Lüksemburqla Azərbaycan futbolunun oxşar və fərqli cəhətləri nədədir?
- Çox böyük fərq var. Azərbaycan Lüksemburqa nisbətən daha yaxşı liqaya malikdir.

- Qısa vaxt ərzində "Neftçi" azarkeşlərinin sevgisini qazanmısınız. Bunu özünüz hiss edə bilirsiniz?
- Bəli. Bəzən yazılan şərhləri oxuyuram. Bu, məni daha da təvazökar edir, yaxşı mənada dəyişdirir. Görürəm ki, məni "ikinci Flavinyo" adlandırırlar. Bunu çox bəyənirəm. Öz işimi görürəm. Yaxşı oyun sərgiləyərək, komandamız naminə qələbələr qazanmalıyıq.

- Avropa Liqasının II təsnifat mərhələsində Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşdınız. Həmyerliniz Yunes Belhandaya qarşı oynamaq necə hiss idi?
- Bu, möhtəşəm idi. Çünki hələ balaca olduğum vaxt Belhandanın Mərakeş millisində oyununu izləyirdim. Ona qarşı oynamaq mənim üçün inanılmaz alındı.

- Keysuke Hondanı bir komanda yoldaşı kimi necə dəyərləndirirsiniz?
- Honda çox böyük oyunçudur. Həmçinin təvazökardır. Komandaya çox taktiki, həm də motivasiya baxımından böyük köməyi dəyir. Kollektivə demək olar ki, yalnız pozitiv rəng qatır. Ümidvaram ki, çempion olmaqda da bizə böyük köməyi dəyəcək və bunu tezliklə görəcəyik.

- Mərakeşin U-23 yığmasına dəvət alsanız da, əsas milliyədək yüksələ bilməmisiniz. Bunun səbəbi nədədir?
- Çünki bizim dövrün daha yaxşı oyunçuları var idi. Onlar böyük komandalarda çıxış edirlər. Məsələn, mənim mövqeyimdəki Amin Arit Almaniya "Şalke"sinin formasını geyinir. Bu cür yaxşı kollektivlərdə oynayanlar çox olduğundan, mən əsas millidə forma geyinə bilməmişəm. Fərq budur. Ümidvaram ki, mən də millidə oynayacağam.

- Lüksemburq, Belçika, Fransa və Azərbaycan çempionatlarında çıxış etmisiniz. Hansı asan, hansı çətin liqa idi.
- Ən asanı Lüksemburq, ən çətini isə yəqin ki, Fransa. Fransada fiziki mübarizə çoxdur, güclü oyunçular var. Orada hətta Liqa 2-də oynamaq çətindir. Texniki baxımdan, Azərbaycan və Belçika liqaları eynidir. Fiziki cəhətdən Fransa öndədir.

- Bu mövsüm "Neftçi"də hədəfiniz nədir?
- Yalnız çempionluq. Tək hədəfimiz budur. Hər şey etmək mümkündür. Bütün oyunlar bizim üçün final kimidir.

- Ən unuda bilmədiyiniz qol hansıdır?
- Düşünürəm ki, "Səbail"ə səfər matçında hesab 1:1 olarkən, vurduğum qol daha yaddaqalan oldu. Bu, çox vacib idi. Çünki penaltidən top buraxaraq hesabda geri düşmüşdük. İkinci hissəyədək mütləq fərqlənməli idik. Vurduğum qol komandama böyük fayda verdi və nəticədə qalib gəldik.

- Komanda ilə birgə oyun və ya məşq zamanı gülməli, yaddaqalan hadisəni xatırlayırsınız?
- Xeyr. Düşünürəm ki, bu mövsüm biz yalnız ciddi olmuşuq. Çempionluq barədə düşündüyümüz üçün qapanmışıq. Zarafat üçün vaxt yoxdur. Oyundan sonra növbəti görüş barədə düşünürük.

Digər Xəbərlər
Xəbər Lenti