
Debütant olmasına baxmayaraq, Region Liqasının iddialılarından olan “Cəbrayıl” qapıçı Rafiq Kərimov, müdafiəçi Elşad Manafov, Hüseyn Axundov və Ülvi Quliyevlə cari mövsümün sonuna qədər müqavilə bağlayıb.
Bu “dördlük”dən Elşadla Hüseynin birinci divizionda və premyer-liqada oyun təcrübəsi var.
30 yaşlı Manafov hətta yığmanın, "Neftçi" və "Bakı"nın üzvü olub və “zolaqlılar”ın heyətində 10 il əvvəl ölkə kubokunu başı üzərinə qaldırıb.
Sportinfo.az xəbər verir ki, debütantın yeni transferlərindən Ülvi Quliyev klubun “feysbuk” səhifəsinə açıqlama verib:
"Başqa klublardan da təkliflərim var idi. Ancaq "Cəbrayıl"dakı peşəkarlıq seçimimdə böyük rol oynadı. Həmçinin komandanın adı, rəhbərliyi və məşqçilər heyətinin bura gəlməyimdə payı çoxdu. Hədəfləri böyükdü, zaman hər şeyi göstərəcək”.
Hüseyn Axundov isə bunları deyib:
“Cavid müəllimlə görüşdük, danışdıq, razılığa gəldik. Onun "Cəbrayıl" adına gördüyü işlər həqiqətən alqışalayiqdi. İnanıram ki, bu adı daşıyan komanda uzunömürlü olacaq, uğurlara imza atacaq. Mən də əlimdən gələnin ən yaxşısını etməyə, komandamız üçün uğurlu futbolçulardan biri olmağa çalışacam".