AFFA-nın “qara kassa”sı – Bu şəxs kimdir və nə iş görür?

17 Mart 2023 13:00 Qalmaqal 1 018
AFFA-nın “qara kassa”sı – Bu şəxs kimdir və nə iş görür?

AFFA-nın Hesabat Konfransları heç vaxt birmənalı qarşılanmayıb.

İllərdi gəlir-xərclərin təqdimatı zamanı hətta ali futbol qurumumuzun ən sadiq adamlarının belə özünü saxlaya bilmədiyi pıçıltı, kinayəli-boğuq gülüş səsləri evi gözləri önündə yanan adamın ən dəyərli əşyalarının çırtıltısını xatırladığı kimi yaddaşlarda qalır.

Milyonların dırnaqarası hesabatındakı rahatçılıq zamanı az qala “Allahınız olsun” deyə çığırmaq istədiyinə də qorxursan ki, bunlar adama “Allahını çağır sənin də soyuducuna baxsın, mənimkinə də” deyə bağırar.

İllərdi AFFA-nın gəlir-gediri ilə bağlı hesabat çıxışını bir nəfər edir. Bu, qurumun baş mühasibi, yoxlama və təftiş komitəsinin sədri Xalid Cavadov.

Futbolun içində olanların çoxu bəlkə də bu adamı yolda görsələr tanımazlar. Amma AFFA-ya bağlı xadimənin belə evinə çörək aparması onun əhvalından asılıdı.

Kimdir Xalid Cavadov? Rövnəq Abdullayev tərəfindən AFFA-ya gətirilən hesab maşını. Və ya “qara kassa”nın açarı.

Bu adam klublara verilən pulun hər xırda qəpiyinə belə “ilişir”. Bu müsbət haldı. Amma AFFA-nın konfransları zamanı milyonlarla məbləğin hesabatının verilməməsinin səbəbkarı da məhz Xalid Cavadovdu.

Baş mühasib AFFA-da özü üçün biznes qurub. “Boz bina”nın avtomobilləri saysız-hesabsız uyğun və daha ucuz yerlər olduğu halda dəfələrlə baha qiymətə məhz ona məxsus “moyka”larda yuyulur.

Həm avtomobil, həm də pul “yuyulur”. Assosiasiyanın yeni maşınları azacıq istifadədən sonra dəyər-dəyməzinə satışa çıxarılır və kütləvi şəkildə elə özü tərəfindən alınır.

Təsəvvür edin bu adam sonuncu dəfə 4 avtomobili birdən alıb.

Tamamilə şəffaf iqtisadiyyat üçün ölkədə “paket” sistemi ləğv olunmasına baxmayaraq, bu şəxsin imtiyazları davam edir. Əldə etdiyimiz məlumata görə ona hər ay böyük miqdarda “ənam” verilir.

AFFA-nın son hesabatında 386 803 manat digər xərclər, 6 milyon 404 min 289 manatın isə sair xərclərə ayrıldığını da məhz bu şəxs elan etdi.

Təxminən 7 milyon manat. Gələn ilə dövlət tərəfindən ayrılacaq məbləğlə hesablasaq 2 divizionun pulu. Ya da

Premyer Liqa klubunun büdcəsindən daha çox. Utanmazlığın pik nöqtəsi ölkə başçısının açılışını etdiyi Şamaxı Şəhər Stadionudur.

Burada 4 projektor yazılsa da, analoqu olmayan şəkildə 2 projektor qoyulub.

Tovuz akademiyasının dəfələrlə ucuz başa gəlməsini ayağı bircə dəfə bu məkana dəyən istənilən şəxs adi gözlə də görür və anlayır.

Mingəçevir, İmişli şəhər stadionlarının yararsızlığı haqda isə ümumiyyətlə danışmağa ehtiyac yoxdur.

Mənbəmizin bildirdiyinə görə, Xalid Cavadov AFFA-da özünə maraqlı ödəmələri dərhal etdiyi halda, digərlərini hər zaman gecikdirir. Hətta bu adam şəxsi mənafeyinə görə işçilərin əmək haqqlarını da min bir məzəmmətdən sonra verir.

Əmin olduğumuz bir şey var. Bu tip adamlar uzaqlaşdırılmadıqca və sair, və digər xərclər də artacaq, on milyonlara çatacaq.

Halbuki bu məbləğə bəlkə də minlərlə övladımızın, onların valideynlərinin, futbolu həqiqətən sevən vətəndaşlarımızın gələcək həyatını qurmasına, beləliklə də futbolumuzun xilasına səbəbkar olmaq mümkündür.

Bütün bu hoqqalardan çıxan adam isə klublara gedən pulun təftişinə nəzarət edir, özünə ciddi nəzarət olunması gərəkən bir halda. Qabil demişkən, müsibət oluruq biz, səhv düşəndə yerimiz.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda