"Bəzi çatışmayan məqamlar var, aradan götürmək lazımdı"

2 İyul 2019 14:48 Olimpiya oyunları 395
"Bəzi çatışmayan məqamlar var, aradan götürmək lazımdı"

“Bakıda baş tutan I Avropa Oyunlarından fərqli olaraq, Minskdə tam heyətlə çıxış etmədik.

Buna baxmayaraq, komandamız 5 qızıl, 10 gümüş və 13 bürünc medalla vətənə qayıtdı”.

Sportinfo.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov Azərbaycan yığmasının “Minsk 2019” II Avropa Oyunlarındakı çıxışını dəyərləndirərkən deyib.

Olimpiya çempionu Azərbaycan idmançılarının çıxışını yüksək qiymətləndirdiyini bildirib:

“Yekunda komanda hesabında 10-cu olduq. Oyunlara 50 ölkənin qatıldığını nəzərə alsaq, bu, yüksək yerlərdən biridir

Komandamızın çıxışını yüksək qiymətləndirirəm. Təbii ki, bəzi çatışmayan məqamlar da var.

Bəzi idman növlərində həmin nüansları aradan götürmək lazımdır. İdmanda gözlənilməz hallar da olur.

Rafael Ağayevi misal çəkə bilərəm. Onun Avropa Oyunlarında iştirakı sual altında idi. Ancaq o, 3-4 məşqdən sonra yarışlara qatıldı.

Ayağında zədəsi olduğu üçün Minskə gəlməməli idi. Lakin son anda qərar dəyişdi və yarışlara qoşuldu. Digər idmançılarımızla da bu cür hallar oldu.

Ümumilikdə təmsilçilərimizin çıxışını müsbət qiymətləndirirəm. Arzu edirəm ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında bundan da yaxşı nəticələr qazanaq”.

Xəbər Lenti