Minimum tapşırıq yerinə yetirildi - VİDEO

2 İyul 2019 18:48 Olimpiya oyunları 438
Minimum tapşırıq yerinə yetirildi - VİDEO

Belarusda 2-ci Avropa Oyunları başa çatıb.

Sportinfo.az xəbər verir ki, Minsk-2019-da 15 növ üzrə 3844 atlet medallar uğrunda mübarizə aparıb.

İdmanın 8 növü üzrə yarışlar 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyıb. Boks və cüdo növləri eyni zamanda Avropa çempionatı statusu daşıyıb.

Belarusa yollanmış 82 idmançımızdan 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc medal əldə edib. Ümumilikdə 28 mükafat qazanan seçməmiz turniri komanda hesabdında 10-cu pillədə bitirib.

Beləliklə də yarışdan əvvəl ilk 10-luğa düşməyi hədəfləyən komandamız minimum tapşırığın öhdəsində gəlib.

Həmişə olduğu kimi, bu dəfə də xilaskar rolunu güləşçilərimiz oynayıb. Aktivinə 3 qızıl, 3 gümüş və 4 bürünc medal yazdıran pəhləvanlarımız 10 dəfə bayrağımızı ucaldıblar.

Komandamıza digər 2 qızılı boks və karateçilərimiz qazandırıblar. Boks üzrə seçməmizin milliləşdirilmiş üzvü Alfonso Dominqes 81 kq-da baş mükafata sahib çıxıb.

Karateçilərimizdən isə Asiman Qurbanlı 84 kq-da rəqib tanımayıb. Hər 2 növdə qızıl sayının daha çox olacağı gözlənilirdi.

Lakin müvafiq komandalarımızın aparıcı üzvləri – Lorenso Sotomayor, Rafael Ağayev, Firdovsi Fərzəliyev və İrina Zaretska finalda uduzaraq ikinciliklə kifayətləniblər.

Qızıl medal qazanacağına ümid bəslədiyimiz idmançılar arasında cüdoçularımız da yer alsa da, təmsilçilərimiz ali mükafata yiyələnə bilməyiblər.

Minskə yollanan 9-u kişi, 6-ı qadın olmaqla, ümumilikdə 15 atletdən 5-i fəxri kürsüdə yer alıb. Rüstəm Orucov gümüş, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımov və İrina Kindzerska isə bürünclə kifayətlənib.

Medal qazanan digər idmançılarımız sambo və akrobatlarımız olublar. Samboçularımız 1 gümüş və 2 bürünc, akrobatlarımız - Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi cütülüyü isə 2 gümüş və 1 bürünc mükafat əldə edib.

İlk Avropa oyunlarından fərqli olaraq bu dəfə qonaq qismondə çıxış etmiş idmançılarımızın çıxışını uğurlu hesab etmək olar.

Ümid edirik ki, 1 il sonra gündoğar ölkədə təşkil olunacaq Olimpiya oyunlarında qızılı parlayacaq növ təkcə güləş olmayacaq.

.

Xəbər Lenti