Azərbaycan üçün qızıl dəyərli hadisə

3 İyul 2019 08:24 Olimpiya oyunları 608
Azərbaycan üçün qızıl dəyərli hadisə

Ölkəmizin "Minsk-2019"da ilk böyük uğurlarını akrobatika gimnatlarımız qazanıblar.

Ötən il dünya çempionatında 4-cü yeri tutaraq, iddialasını isbatlamış Abdulla Əl Məşayxi və Ruhidil Qurbanlı cütlüyü ikinci Avropa Oyunlarında qatıldıqları hər yarışı medalla başa vurublar.

Bununla onlar ölkəmizin uğurlarına yenilik ovqatı gətirməklə, potensiallarının da getdikcə inkişafda olduğunu əyani nümayiş etdiriblər.

İyunun 22-də ilk medalı onlar qarışıq cütlərin dinamik hərəkətlər üzrə yarışında, püşkə əsasən, sonuncu olaraq səhnəyə çıxmaqla qazanıblar.

İdmançılarımız yarış proqramının mürəkkəbliyinə görə digər rəqiblərindən xeyli üstün olublar. İcra və bədii ifaya görə hakimlər idmançılarımızın çıxışını rusiyalı duetdən aşağı qiymətləndiriblər.

Yekunda 28.830 bal toplayan Məşayxi-Ruhidil dueti rusiyalı gimnastlardan 0,2 xal geri qalıblar və gümüş medal sahibi olublar.

Həmin gün tarazlıq proqramında da təmsilçilərimiz səhvsiz çıxış ediblər. Bu dəfə texniki qiymətləndirmədə hakimlərdən 28.160 bal alan Abdulla və Ruhidil fəxri kürsünün 3-cü pilləsində qərarlaşıblar.

Ertəsi gün idmançılarımız qarışıq çoxnövçülük proqramı üzrə mübarizədə qüvvələrini sınayıblar. Bu dəfə də onlar fəxri kürsüdən uzaqlaşmayıblar.

Təmsilçilərimiz proqram mürəkkəbliyi və yüksək səviyyədə icra etdikləri çıxışa görə, hakimlərdən 29,540 bal alaraq, rusiyalı rəqiblərinə 0,04 bal fərqilə uduzublar.

Ölkəmiz iki gün ərzində gimnastikanın akrobatika proqramında iki idmançının qarışıq cütlərin yarışındakı məharəti sayəsində 2 gümüş və 1 bürünc medal qazanıb, böyük ümidlərlə Vətənə qayıdıblar.

Ümumiyyətlə, komandamızın çıxışına ümumi nəzər salanda, məhz bu cütlüyün proqressiv çıxışı Azərbaycanda idmanın daha bir növünün dinamik inkişafına təsir göstərən qızıl dəyərli hadisə hesab oluna bilər.

SPORTİNFO.AZ

Xəbər Lenti