Aprelin 12-də İtaliyanın paytaxtı Romada “Flame of Peace Lighting Ceremony” adlı “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəlyandırma mərasimi keçiriləcək.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının İşçi Heyətinin rəhbəri Nikki Əfəndi, “Bakı 2019” Korporativ direktor Elçin Səfərov, GİN Beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov, MOK-un Beynəlxalq əlaqələr şöbəsinin rəisi Anar Bağırov, GİN İdman şöbəsinin rəisi Fərid Mansurov, atletlər - Kəramət Hüseynov və Raziya Əliyeva iştirak edəcək.
Həmçinin mərasimdə Avropa Olimpiya Komitəsinin prezidenti Yanez Kotsiyançiç, İtaliya Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo və digər Olimpiya Komitələrinin nümayəndələrinin iştirakı gözlənilir.
Sportinfo.az xəbər verir ki, 2019-cu il Avropa Gənclər Olimpiya Festivalı 21 - 28 iyulda Bakıda keçiriləcək. Ümumilikdə, 50 ölkədən 3600-ə yaxın idmançının iştirakı gözlənilir.
Festival 10 idman növü üzrə keçiriləcək: gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş. 2500-dən çox könüllü 12 idman obyektində fəaliyyət göstərəcək.

