Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Turan Bayramov qələbəsini şərh edib.
Sportinfo.az xəbər verir ki, 65 kq çəki dərəcəsində birinci yeri tutan idmançı Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib:
“İnanırdım ki, finala vəsiqə qazanacam. Qrupdakı görüşlərim çox da güclü keçmədi. Finaldakı rəqibim güclü olsa da, ona da çox rahat qalib gəldim.
Sevincimin həddi-hüdudu yoxdur. Hisslərimi anlaya bilmirəm. Üzərimdə əziyyəti olan şəxslərə minnətdarlığımı bildirirəm. Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə, eləcə də federasiyamıza təşəkkür edirəm”.
Bayramov yeni zelandiyalı Tahi Pehi Eynsli Uesterli 10:0, pakistanlı İnayət Ullahı 8:0, finalda isə iranlı Məhəmməd Baqi Kərimiseyfabadı 6:1 hesabı ilə məğlub edib.
Azərbaycan təmsilçilərindən daha əvvəl cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, ağırlıqqaldıran Tarmenxan Babayev (85 kq) gümüş, taekvondoçu Cavad Ağayev (63 kq) və qadın güləşçi Şahanə Nəzərova (43 kq) bürünc medal qazanıb.

