
Premyer Lliqada koronavirus pandemiyası üzündən martın ortalarından fasilə yaranıb.
Ölkədə karantin rejiminin müddətinin uzadılması, bununla bağlı çempionatın mümkün startının təxirə salınması müxtəlif suallar doğurur.
Bu suallardan biri də müqavilə müddəti mövsümün sonunda bitəcək futbolçuların taleyidi. Karantin rejiminin mayın 31-də bitəcəyini, çempionatın bərpa ediləcəyi halda, iyula qədər uzana biləcəyini nəzərə alsaq, müqavilə müddəti mayın və ya iyunun sonunda bitən futbolçularla bağlı qeyri-müəyyən vəziyyət ortaya çıxır.
Sportinfo.az xəbər verir ki, futbolçuları maraqlandıran digər məsələ məvaciblərlə bağlıdı. Artıq bir çox ölkələrin klubları oyunlar keçirilmədiyi üçün məvacibləri aşağı salıb. Bəs
bənzər durum Azərbaycan klubları üçün də keçərlidimi?
Bir müddət əvvəl “Sumqayıt” iyunda 15 futbolçunun müqavilə müddətinin bitdiyini və onlarla danışıq aparıldığını bildirmişdi. Bundan başqa, “Sumqayıt”da məvaciblər də həmişəki qaydada verilir.
Bu məsələləri aydınlaşdırmaq, suallara cavab tapmaq üçün premyer-liqada mübarizə aparan digər klubların nümayəndələri ilə əlaqə saxladıq (Futbol+). .
Nurlan İbrahimov, “Qarabağ”: “Klub olaraq, mövcud durumun aydınlaşmasını gözləyirik. Karantin qaydalarına uyğun olaraq, klubumuzda hansısa fəaliyyət mövcud deyil. Futbolçuların müqavilələri ilə bağlı məsələyə çempionatın taleyi, bərpa olunacağı halda nə vaxt başlayıb, nə vaxt bitəcəyi məlum olandan sonra qərar veriləcək. Futbolçularla yeni müqavilələrin imzalanması məsələsi sırf buna hesablanıb. Onların müqavilələri hazırda faktiki davam edir. Çempionat davam edəcəyi təqdirdə, turnirin bitmə vaxtı müqavilə müddətinə düşəcəyi halda, heç bir dəyişiklik olmayacaq. Digər məsələyə gəlincə, məvaciblərlə bağlı hansısa dəyişiklik yoxdu. Futbolçular müqavilədə nəzərdə tutulan ödənişləri alıblar və almaqda da davam edirlər. Bununla bağlı hazırda hansısa dəyişiklik yoxdu”.
Rüstəm Allahverdiyev, “Neftçi”: “Futbolçuların müqavilə müddəti iyunun sonunda bitir. Çempionat həmin dövrə qədər qurtarsa, hansısa problem olmayacaq. Hələ ki heç bir futbolçu ilə danışıq olmayıb. Çempionat davam edəcəkmi, necə olacaq - bu məsələlər bilinmədiyindən indidən futbolçularla hansısa danışıq aparmaq da yersizdi. Buna görə də heç kimlə danışıq aparılmayıb. Futbolçuların məvacib məsələsinə gəlincə, elə bir şey də yoxdu. Futbolçuların müqaviləsi var və heç biri ilə belə söhbət olmayıb ki, hansısa üzvümüzün əməkhaqqı azaldılsın və s. və i.a.”.
Murad Axundov, “Keşlə”: “Hazırda futbolçuların məsələsi ilə bağlı qeyri-müəyyənlikdi. Hamımız gözləyirdik ki, premyer-liqa yaxın zamanda bərpa olunacaq, amma karantin müddəti uzadıldı. Hələ ki yekun qərarı gözləyirik, qərardan sonra qaydalar çərçivəsində müqavilə məsələlərinə baxılacaq. Eyni zamanda, məvacib məsələsi ilə bağlı fikir səsləndirmək çətindi. Hamımız premyer-liqa ilə bağlı yekun qərarı gözləyirik. Futbolçularımız, eləcə də klubda çalışan hər kəs məvacibini tam şəkildə alır”.
Elman Himayətoğlu, “Zirə”: “Müqavilə məsələləri hələ ki əksər klublarda qeyri-müəyyəndi. Pandemiya üzündən çempionatların nə vaxt başa çatacağı və hətta bərpa olunacağı belə məlum deyil. Ona görə də hazırda bu haqda danışmaq tezdi. Bütün bu məsələlər həll olunandan sonra yəqin ki qarşıda hansı istiqamətdə addım atmalı olduğumuz yolu görəcəyik. Və bundan sonra o yola uyğun addımları fikirləşəcəyik. Təbii ki, UEFA-nın da bu məsələlərlə bağlı tövsiyələrini nəzərə almaqla. Maliyyə məsələsi də bura daxildi”.
Elnur Həmidov, “Sabah”: “Bizdə əksər futbolçuların müqaviləsi iki il və daha artıq müddəti əhatə edir. Yalnız bir neçə futbolçunun müqavilə müddəti mövsümün sonunda bitəcək. Onlarla da bu yöndə danışıq olub və ümumi razılığa gəlinib. Həmin oyunçular hazırkı müqavilə şərtləri ilə mövsümün sonuna kimi komandada qalmağa razılıq veriblər. Məvacib məsələsi də eyni qaydada tənzimlənir”.
Töra Əhmədova, “Səbail”: “Futbolçuların müqaviləsi iyuna qədərdi. Bununla bağlı hansısa real təhlükə yoxdu. Məvacib məsələsinə gəlincə, hələ ki hansısa dəyişiklik yoxdu. Müqavilədə hansı məbləğ göstərilibsə, futbolçular onu da alacaqlar”.