"Qarabağ" və "Neftçi" üçün: Yenə də “toy” olacaq?

21 Fevral 2020 14:14 Premyerliqa 813
"Qarabağ" və "Neftçi" üçün: Yenə də “toy” olacaq?

Azərbaycan Premyer Liqasında 18-ci tura fevralın 22-də start veriləcək. Turunun qarşılaşmaları 2 gün ərzində keçiriləcək.

Bir qədər özünəinam hissi olsa...

Turun ilk qarşılaşması əyalətdə olacaq. “Qəbələ” “Neftçi”ni qəbul edəcək. Əyalət təmsilçisi qış fasiləsindən sonra da ümidləri doğrultmur. Belə görünür ki, “Qəbələ” çempionatın aşkar autsayderi olacağını qəbul edib. Amma aşkar autsayder statusu ilə barışmaq “Neftçi” qarşısında ağ bayraq qaldırmaqla nəticələnməməlidir. “Ağ-qaralar” qorxulu deyil, aşağı-yuxarı, elə “Qəbələ” səviyyəsindədir. Düzdür, qış fasiləsindən sonra “Neftçi” məğlub olmayıb. Ancaq bu o demək deyil ki, komandada hər şey qaydasındadır. Yox, elə “Qəbələ” də bunun belə olmadığını sübut edə bilər. Bir qədər özünəinam hissi olsa...

Statistika nə deyir?
“Neftçi” 11 oyundur meydanı qolsuz tərk etmir. Paytaxt təmsilçisi son üç matçda 3 və ya daha çox qol vuraraq qalib gəlib.
“Qəbələ” – “Neftçi” – 46 oyun, 16 qələbə, 9 heç-heçə, 21 məğlubiyyət, top fərqi – 58-65.

Kimin “qaraçuxa”sı oyanacaq?

Günün digər qarşılaşmasında “Keşlə” “Zirə”ni qəbul edəcək. Qış fasiləsindən zəif çıxan daha iki klub. Bu qarşılaşmada qalib gələn komanda “qaraçuxa”sını oyatmış olacaq. O da ola bilər ki, “Keşlə” rəhbərliyi komandanın bu duruma düşməsini bədnəzərlə əlaqələndirsin. Və bədnəzəri yox etmək üçün müxtəlif yollar axtarsınlar. Birini biz məsləhət görürük: Zaur Axundov, hər gün səhər futbolçulara qara toyuğun yumurtasını yedirdin. Bəlkə də artıq sınayıblar ey. Nəyi də bilməsələr, belə şeyləri çox yaxşı bilirlər.

Statistika nə deyir?
“Keşlə” son üç matçda meydandan qolsuz ayrılmayıb. “Zirə” son 4 səfərdə qol buraxıb.
“Keşlə” – “Zirə” – 18 oyun, 5 qələbə, 8 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 18-20.

Vay, ehtiyatı əldən verənin halına!

İkinci oyun günüdə meydana öncə “Sabah”la “Səbail” çıxacaq. Hər iki komanda qız fasiləsindən sonra yaxşı təsir bağışlayır.
Və bu qarşılaşmaya da yüksək əhvalda çıxacaqlar. Onu da unutmayaq ki, məğlub olan komandada yenidən ruh düşkünlüyü yaşana bilər. Ona görə də bu oyun hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. Yəqin ki, baş məşqçilər də bu amili nəzərə alırlar. Nəzərə alırlarsa, deməli, meydanda olduqca ehtiyatlı oyun sərgiləyəcək komandalar olacaq. Vay, ehtiyatı əldən verənin halına.

Statistika nə deyir?
“Sabah” son üç oyunda 3 qol vuraraq qalib gəlib. “Sabah”ın ev matçlarında üç və ya daha çox qol qeydə alınır.
“Sabah” – “Səbail” – 6 oyun, 3 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi 9-7.

Dərisi boğazından çıxarılan “Zirə”nin aqibətini yaşayacaq?

Turun son qarşılaşmasında “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək. Qış fasiləsindən sonra hücum xəttində problemlər yaşayan, qol vurmaqda çətinlik çəkən “Qarabağ” ötən tur “Zirə”yə elə bir toy tutdu ki... amma yenə də “toy” olacağını düşünmürük. Yəqin ki, “Sumqayıt” da ötən tur dərisi boğazından çıxarılan “Zirə”nin aqibətini yaşamamaq üçün sərvaxt olmağa çalışacaq. Görək, bu sərvaxtlıq onlara nə verəcək.

Statistika nə deyir?

Ağdam təmsilçisi 17 matçdır meydanı qolsuz tərk etmir. “Qarabağ” son 8 ev oyununda qalib gəlib. “Sumqayıt” səfərdəki son 4 matçda qol vurmayıb.
“Qarabağ” – “Sumqayıt” – 30 oyun, 22 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 64-14.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!