Premyer Liqa klublarının gözünü yolda qoyan GÜNAHKAR(LAR) KİMDİR?

28 İyun 2022 22:20 Premyerliqa 1 243
Premyer Liqa klublarının gözünü yolda qoyan GÜNAHKAR(LAR) KİMDİR?

Azərbaycan Premyer Liqasının startına təxminən 1 ay vaxt qalır.

Amma Premyer Liqa klublarının əksəriyyətinin taleyi ilə bağlı qeyri-müəyyənlik isə hələ də davam edir.

Hər halda söhbət Region Liqasından yox, ölkənin ən yüksək liqasından gedir. Amma cavabdeh şəxslər deyəsən, bu məsuliyyəti hiss etmək istəmirlər.

Və onların üzündən hazırda Premyer Liqa təmsilçiləri iki cəbhəyə ayrılıb – Plan üzrə davam edənlər, planı tutub, amma gözləyənlər.

Birincilərə “Qarabağ”, “Sabah”, “Zirə” və “Səbail” daxildir. İstədikləri vaxt bir araya gəldilər, lazım olmayanları mövsüm bitən kimi yola saldılar, yeni transferlər edilib və edilməkdədir.

Söhbət kimin düz, kimin səhv xətt üzrə getməsindən, hazırlaşmasından getmir. Məsələnin məğzi maliyyədir. Ki, yuxarıdakı klubların bu yöndə heç bir sıxıntısı yoxdur.

Gələk ikinci cəbhəyə, burada Premyer Liqaya yeni qoşulan “Kəpəz”, “Turan Tovuz” və daimi sakinlər hesab edə biləcəyimiz "Sumqayıt", “Şamaxı”, “Qəbələ” var.

Sonuncularla bağlı durum daha ağırdı. Çünki Elmar Baxşıyevin komandası həm də Konfrans Liqaısnda mübarizəyə hazırlaşır.

Amma büdcə ilə bağlı qeyri-müəyyənlik istənilən sayda transfer edilməsinin, istənilən səviyyədə hazırlıq keçilməsinin önünü kəsir.

Düzdür, rəhbərlik öz imkanları və təcrübəsi hesabına yaranmış boşluqları doldurmağa çalışır. Təbii ki, bu da yetərli ola bilməz. Avrokuboklar bir kənara, bunun acısı Premyer Liqada da hiss olunacaq.

Digər dörd komandanın düşdüyü vəziyyət isə sadəcə ağlamalıdır. Başqa izah tapa bilmirəm.

Biri forma sifariş verə bilmir, biri harada hazırlıq keçəcəyini bilmir, digəri də ümumiyyətlə məşq üçün yığıla bilmir. Bəzi futbolçularla bütün detallar razılaşdırılıb, amma rəsmi təqdimat yoxdur.

Adamalar yeni mövsüm oynamağa qərar verdikləri, müqaviləyə imza atdıqları klub haqqında danışa bilmirlər. Çünki bütün söhbətlərin eyni cavabı var – qeyri-müəyyənlik davam edir.

Ən dəhşətlisi isə odur ki, çıxıb vəd verən, tarix deyən, ümid verən kimsə yoxdur. Hamı deyir ki, söz veriblər düzələcək.

Kimdi söz verən? Nə vaxt düzələcək? Söz verən və ona inananlar gözləyə bilər. Lap biz də gözləyə bilərik. Amma zaman gedir axı. Bəs peşəkarlıq?

Yaranmış mənzərə sadəcə faciədir. Bir aydan sonra Premyer Liqada iştirak edəcək komandanların problemlərin görəndə dəhşətə gəlməmək mümkün deyil.

Qaldı “Neftçi”...

Bu komanda yuxarıdakı cəbhələrin heç birinə aid deyil. Ki, burda hər şey əksinədi - pul var, plan yox. 5-6 rəhbər şəxs var və hərəsinin də öz "futbol havası".

Kimdə alınar-alınar prinsipidir. Elə indi də proseslər son illərdəkindən fərqli olmayan istiqamət üzrə davam edir.

Səs-sorağı çox çəkməz avrokuboklarda, ardınca isə Premyer Liqada eşidilər...

XANOĞLAN İMANOV

Xəbər Lenti