“Kəpəz”in birinci adamı hər şeyi “Sportinfo”ya açıqladı

27 Dekabr 2022 20:40 Müsahibə 1 133
“Kəpəz”in birinci adamı hər şeyi “Sportinfo”ya açıqladı

Premyer Liqanın adı mətbuatda ən çox hallanan səs-küylü komandası “Kəpəz”dir desək, yanılmarıq.

Tərlan Əhmədovun baş məşqçi postuna təyin olunmasından sonra klubda sözün hər mənasında canlanma müşahidə olunur.

Yəni elə gün yoxdur ki, orada söz-söhbət olmasın, hansısa qalmaqal yaşanmasın.

Bir müddət öncə Əfran İsmayılov mətbuata verdiyi açıqlama və müsahibələrlə daxildə vəziyyətin ürəkaçan olmadığını ortaya qoymuşdu.

Təbii, belə məqamda ən çox narahatlıq keçirən klub rəhbərliyidir. Çünki hara fırladırsan fırlat, oxlar klubdakı əsas söz sahib(lər)inə tuşlənir.

“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri ilə müsahibə əsasən qış hazırlıq planları ilə bağlı olsa da, fürsətdən istifadə edib məlum vəziyyətə də aydınlıq gətirməyə çalışdıq.

- Qış fasiləsinə hansı əhval-ruhiyyədə yollandığınızı bilmək olar?

- “Zirə” ilə matçımızı yəqin ki, izlədiniz. Çox dramatik və maraqlı oyunun şahidi olduq. Son saniyələrdə buraxdığımız qol bizi 3 xaldan məhrum etdi. Buna qədər “Sabah”la qarşılaşmada da təxminən eyni hisləri yaşamışdıq. Qələbəyə yaxın olduğumuz halda, rəqib bərabərlik qolunu vurmağa nail olmuşdu. Yenə də üzülmürük, hər şeyin yaxşı olacağına ümid edirik. Artıq qış fasiləsidir, qarşıdakı günlərdə komandanı gücləndirmək yönündə çalışacağıq.

- Tərlan Əhmədov sizdən neçə yeni futbolçu istəyir?

- Artıq 4 futbolçunun keçidini böyük ölçüdə həll etmişik. Mario Mustapiç və Juninyo Maranhense ilə daha öncə müqavilə bağlamışdıq. Hər ikisini “Kəpəz”in üzvü saya bilərik. Hazırda iki yerli futbolçu ilə danışıqlar gedir və demək olar yekunlaşıb. Yəqin ki, yaxın günlərdə klubun səhifələrində məlumat veriləcək.

- Adlarını deyə bilərsiniz?

- Rəsmi müqavilə bağlamamışıq deyə, ad açıqlamağım doğru olmaz. Birdən ortaya bizdən asılı olmayan səbəb çıxar və istəyimiz baş tutmaz. Ona görə ad hallandırmaq istəmirəm. Onu deyə bilərəm ki, hər ikisi gənc futbolçulardır.

- Vəssalam?

- Düzü, Tərlan müəllim daha bir mövqenin gücləndirilməsini istəyir. Çalışacağıq ki, istəyini yerinə yetirək. Ümumilikdə “Kəpəz”ə 4-5 yeni futbolçu cəlb olunacaq. Beşinci futbolçu çox güman legioner olacaq.

- Kluba ayrılan maliyyə yayda xərclənmişdi. Bildiyimə görə, “Kəpəz”in əlavə transfer büdcəsi yoxdur. Sirr deyilsə, vəsaiti hardan tapırsınız?

- Baş məşqçinin sərəncamında görmək istədiyi futbolçular var. Komandanı futbolçuyla təmin etmək bizim işimizdir. Şəxsi imkanlar hesabına nələrsə etməyə çalışırıq.

- Əfran İsmayılov, Rauf Əliyev, Elvin Yunuszadə kimi təcrübəli və tanınmış futbolçuların aqibəti necə olacaq?

- Peyman Keşevarzla qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Hazırda adlarını çəkdiyiniz futbolçularla da danışıqlarımız davam etməkdədir. Daha iki futbolçuya da vəziyyəti başa salmağa çalışırıq.

- Mixeil Erqemlidze ilə Kamran İbrahimov?

- Ad çəkməyim doğru olmaz. Çünki danışıqlar prosesindəyik və nəsə deməyim işimizə mane ola bilər. Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

- Əfran müsahibədə sərt danışmışdı. Klubla müqaviləsinin davam etdiyini deyib, almalı olduğu pulu bağışlayıb getmək haqda düşünmədiyini bildirmişdi.

- Bəli, Əfranın klubla müqaviləsi var və istənilən halda “Kəpəz”in futbolçusu hesab olunur. Baş məşqçi ilə futbolçu arasında yaşananlar istər-istəməz prosesin gedişatına öz təsirini göstərdi. Biz də çalışırıq ki, məsələni hər iki tərəfin razılığı əsasında həll edək.

- Edə biləcəksiz?

- Çalışırıq. Çünki bizim işimiz bundan ibarətdir.

- Tərlan Əhmədovun gəlişindən sonra “Kəpəz” idman mətbuatı üçün “yağlı tikə”yə çevrildi ki, bu da baş məşqçinin verdiyi qəraralara, ətrafdakılara göstərdiyi münasibətə görəydi. Yaranmış vəziyyətlə bağlı mövqeyinizi bilmək istərdik.

- Bu gün hamımız Gəncə futbolunun, yəni “Kəpəz”in adı və inkişafı üçün birləşməliyik. İstər rəhbərlik olsun, istər baş məşqçi, istər futbolçular, istər klubun əməkdaşları, istərsə də mətbuat nümayəndələri. Bəzən ailədə də hansısa narazılıq olur. Lakin narazılığı vaxtında həll etməyəndə problem daha da böyüyür. Söz-söhbət, ədavət olan yerdə uğur qazanmaq mümkün deyil. Mövqeyimi bilmək istəyirsinizsə, hər biri ilə şəxsən söhbət etmişəm, fikirlərimi izah etmişəm. Bu gün komanda qurmaq istəyiriksə, ilk növbədə ailə olmalıyıq.

- Uçuq-sökük, dillərə düşən Gəncə şəhər stadionu ilə bağlı nə yenilik var?

- Stadion problemi həll olunana qədər aktual qalacaq. Gəncə kimi şəhərin Premyer Liqada iştirak edən komandası varsa və stadion o vəziyyətdədirsə, məsələ aktuallığını saxlasa yaxşıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!