“Neftçi” ilə mərd futbol oynadıq -. Eybi yox, bundan sonra…”

17 Dekabr 2022 17:20 Müsahibə 852
“Neftçi” ilə mərd futbol oynadıq -. Eybi yox, bundan sonra…”

“Turan Tovuz”un “Neftçi”ylə oyununda meydanda ən yaxşı Natan Oduva idi.

90 dəqiqə rəqibin canını boğazına yığan, texniki bacarığı ilə qarşısına çıxanları çaş-baş salan ingiltərəli forvard Runi Evaya verdiyi ideal ötürmələri komanda yoldaşı qola çevirə bilsəydi, qələbə “Turan Tovuz”un olacaqdı.

Oduva bölgə təmsilçisi üçün olduqca vacib fiqurdur. Həm futbolçu bacarığına görə sevilir, həm də insani keyfiyyətlərinə görə.

Oyun başa çatandan sonra 26 yaşlı ingiltərəli hücumçu Sportinfo.az-a verdiyi müsahibədə bir sıra maraqlı məqamlara aydınlıq gətirib.

- “Neftçi”ylə oyundan sonra demək istədiklərin maraqlıdır...

- İlk növbədə hədsiz üzgün olduğumuzu deməliyəm. Özünüz də gördüyünüz kimi möhtəşəm futbol sərgilədik, rəqibə qol imkanları vermədik, əvəzində, çox sayda şansları boşa verdik. “Neftçi” kimi rəqibə qarşı 90 dəqiqə mərd futbol oynadıq. Bir sözlə, qələbə qazanmaq üçün hər şey etdik. Eybi yox, bundan sonra peşmançılığın faydası olmayacaq. “Neftçi”ni təbrik edirəm.

- Qalib gəlməyi hədəfləmişdiniz?

- Tək “Neftçi”ylə yox, digər komandalarla oyunlarda da əsas məqsədim qalib gəlmək olur. Şəxsən qarşıma hər dəfə bunu hədəf qoyuram. Meydana çıxanda rəqibin gücü haqda yox, komandam üçün can qoymaq, hər şeyimi vermək və yekunda sevinmək haqda düşünürəm. Tovuzda insanlar futbolu bilir və sevir, soyuq havalarda stadiona gəlirlər. Açığı, daha çox onları sevindirmək istəyirəm.

- Çəkdiyiniz əziyyəti qol imkanlarını boşa verməklə heçə endirən Runi Eva ilə danışmısan? Nə deyir?

- Danışmalı bir şey yoxdur. O da mənim kimi meydanda can qoyur. Komandamızın ən məhsuldar futbolçusudur. Görün neçə oyunda “Turan Tovuz”a qələbə gətirən qollara imza atıb. Şanssızlıq hücumçunun həyatının bir hissəsidir. Bu gün Evanın günü deyildi. Sizi inandırım, bundan sonra əlinə 10 elə fürsət düşsə, hamısını qola çevirər. Sadəcə, bu gün alınmadı.

- Tovuzda “Şamaxı”dakından tam fərqli Oduva görməkdəyik. Bir neçə ay ərzində bu cür yaxşı mənada dəyişməyinə nə səbəb oldu?

- (gülür) Öncə ondan başlayım ki, “Şamaxı”ya gələndə ilyarım idi futbol oynamırdım. Formamı bərpa etməyim, topu hiss etməyim, yeni kollektivə uyğunlaşmağım üçün vaxt lazım idi. Bu prosesi geridə qoymağa çalışdığım vaxt zədələndim və bir neçə həftə itirdim. Yenidən özümə gələndə isə çempionat başa çatdı. Həm də ötən mövsüm “Şamaxı”nın oyununda da müəyyən problemlər var idi. Oyun alınmayanda isə hamı passiv görünür. Burada isə hər şey tam fərqlidir. İlk gəldiyim günlərdə baş məşqçidən və komanda yoldaşlarımdan hədsiz dəstək və sevgi gördüm. Daha sonra eyni münasibəti mənə azarkeşlər göstərdi. Ona görə də rahatam, özümü gümrah hiss edirəm. Bu cür olanda isə meydanda istədiklərimi etmək rahat olur.

- Tovuzda legionerlərə hədsiz sevginin olduğunu görürəm. Bu, sizə əlavə motivasiya verir?

- Tovuz əla yerdir. Açığı, bu dərəcədə tez uyğunlaşacağımı gözləmirdim. Havası, təbiəti və insanları inanılmaz dərəcədə möhtəşəmdir. Yerli uşaqlar bizi tez-tez gəzməli yerlərə aparır. Düzdür, elə də çox yer yoxdur. Amma gəzməli yerlərin demək olar hamısında olmuşuq. İnsanlar və azarkeşlər isə bizə əlavə motivasiya verir. Stadiondan kənara çıxan kimi yaxınlaşıb salam verir, şəkil çəkdirir, qonaq dəvət edirlər. Buradakı insanları heç vaxt unutmayacağam.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti