Eynən Qurban Qurbanov kimi ...

28 Fevral 2020 22:00 Köşə 1 700
Eynən Qurban Qurbanov kimi ...

AFFA-nın Nikola Yurçeviçlə yolları ayırmasından, artıq 3 aya yaxın bir müddət keçib. Amma hələ də milli komandamızı kim çalışdıracağı məlum deyil.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, mətbuata açıqlamasında 32 nəfər əcnəbi baş məşqçidən ibarət namizəd sıyahısı olduğunu açıqlamışdı. Sonra bu siyahı 5-ə kimi endirildi. Amma hələ də konkret kimin baş məşqçi olacağı sirr olaraq qalmaqdadır. Deyəsən, icraçı vitse-prezident başqa sevdaya düşüb ...

Gəzən şayiələrə görə, o, indi də Rəşad Sadıqovu milliyə baş məşqçi gətirmək istəyir. Hətta bu ikilinin üzbəüz görüşü belə baş tutub. Olmaya, Elxan Məmmədov Qurban Qurbanovun başına gətirdiklərinin oxşarını Rəşad Sadıqovun da başına gətirmək istəyir?

Hər halda ölkə futbolunun yaxından-uzaqdan əlaqəsi olan hər kəs bilir ki, Məmmədovla futbolumuz inkişaf edən deyil. O, bunun marağında belə deyil. Dəfələrlə bu sübuta yetirilib. Ölkə futbolunun inkişafını istəyən adam, ölkənin bir nömrəli baş məşqçisini o şəkildə milli komandadan qovmazdı. 6 illik müqavilə bağlayıb, amma ilk ilindəcə yolları ayırmağın başqa adı yoxdur. Hələ o bir ildə yaratdığı maneələrdən, pərdəarxası oyunlarından danışmıram. Sonda da Qurban Qurbanovun bir illik fəaliyyəti dövrünə, uğursuzluq damğası vuraraq göndərdi. Bir növ: "alın, bu da sizin bir nömrəli baş məşqçiniz. O da bu milli üçün bir fayda verə bilmədi", - ismarıcını vermiş oldu.

Bu damğa ilə həm Qurban Qurbanovu "vurmuş" oldu, həm də öz fəaliyyəti üçün yeni işıqlar yandırdı. Zatən başından niyyəti bu deyildimi? Futbolumuzun başında olduğu ilk gündən ta bu günə kimi, adamın tək məqsədi öz "parlaq" karyerası olub. Bunun üçün o, illərdi nələri qurban verməyib ki? Qurban Qurbanov da o qurbanların sonuncusudur. Hələ ki ...

İndi də deyəsən, növbə çatıb Rəşad Sadıqova. O Sadıqova ki, futbol ictimaiyyətində olan hər kəs, onun gələcək parlaq baş məşqçi karyerasından danışır. Enerjilidi, bacarıqlıdı, həm də çox yaxşı motivatordur.

Mən də Rəşad Sadıqovun bacarıqlı olmasına zərrə şübhə etmir. Nə vaxtsa milli komandanı çalışdırmasını da çox istərdim. Amma uzunmüddətli. Çünki Azərbaycan milli komandasını uğura daşımağın tək yolu var - uzunmüddətli yerli baş məşqçi və sistemli iş. Amma bizlərin tanıdığı Elxan Məmmədov o uzun müddəti, sistemli və müstəqil işləmək xoşbəxtçiliyini Rəşad Sadıqova verəcəkmi? Birmənalı şəkildə, yox! O, bunu edən adam olsaydı Qurban Qurbanov dövründə edərdi.

Deməli, sonluq yenə Qurban Qurbanovun başına gələn kimi planlanıb. Necə? Çox Sadəcə.

Rəşad Sadıqov milli komandaya baş məşqçi təyin olunur və ictimaiyyətdə bu qərarı alqışlayır. Eynən Qurbanovdakı kimi.

Qarşıdan isə Millətlər Liqası gəlir. O Millətlər Liqası ki, bizim kimi millilər üçün böyük turnirlərə getmək üçün çox böyük fürsətdir. Qrupdakı rəqiblərdən asılı olmayaraq, ikinci olmaq belə uğursuzluq sayılır. C Divizionunda olduğumuzu nəzərə alsaq, şanslar elə də yüksək deyil.

İlk uğursuzluqdaca icraçı vitse-prezident çıxacaq günahkar ovuna. Axı mətbuata, ictimaiyyətə hesab vermək lazımdır. Bu günahkar da olacaq baş məşqçi. Eynən Qurbanovdakı kimi. Adını "qarşılıqlı razılaşma" qoyub göndərəcəklər istefaya. Hələ lazım gəlsə, Elxan Məmmədov böyük zövqlə deyəcək: "Alın, bu da sizin enerjili, istedadlı gənc baş məşqçiniz. O da bu milliyə bir fayda verə bilmədi"

Xanoğlan İmanov

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"