Ramin Musayevin "uzaqgörənliy"i və ya qeyri-peşəkarlığı

17 Dekabr 2019 17:10 Köşə 1 550
Ramin Musayevin "uzaqgörənliy"i və ya qeyri-peşəkarlığı

Sağ olsun, Ramin Musayev, İTV-də yayımlanan “Bol idman” verilişindəki maraqlı açıqlamaları ilə gündəmi dəyişməyi bacardı. Əslində gündəm AFFA İcraiyyə Komitəsinin iclasından sonra Elxan Məmmədovun dili ilə desək, süni şəkildə dəyişdirilmişdi.

Son bir ildə özünə qarşı yönələn haqlı tənqidlərdən yayınmaq üçün "ağıllı gediş" edən baş katib danışılmış oyun məsələsini ortaya ataraq, tənqid oxlarından ən azı bir müddətlik yayınmağı bacardı. Dünən isə Ramin Musayev yeni mövsümdən Premyer Liqada 10 komandanın iştirak edəcəyini və hətta həmin klubların “Kəpəz” və “Turan Tovuz” olacağını əminliklə söyləməklə həm özü gülüş obyektinə çevrildi, həm də fikirləri başqa səmtə yönəltdi. Əslində son günlər istər Elxan Məmmədov, istərsə də Ramin Musayevin səsləndirdiyi əvvəlcədən düşünülmüş fikirlər Azərbaycan futbolunun dərin böhran keçirdiyini və bu cür açıqlamaların həmin problemləri ört-basdır etməyə xidmət göstərdiyini bir daha təsdiqlədi.

Qayıdaq PFL prezidentinin ondan asılı olmayan məsələ haqda bu cür qeyri-ciddi açıqlamasına. Birinci onu deyək ki, adətən adı oyun-alqı satqısında hallanan klubların günahı sübuta yetirildikdən sonra onlar ya aşağı liqaya göndərilir, ya da hesablarından xallar silinir. Bizim Ramin müəllim isə deyir ki, “Turan Tovuz” - 7 futbolçusu “alver”də iştirak etmiş komanda - yeni mövsümdən Premyer Liqada olacaq. Bunun hansı məntiqə sığdığını buraxaq PFL prezidentinin öz vicdanına, keçək, digər məsələyə. Ramin Musayev AFFA-nın tərkibində yarışların keçirilməsi ilə məşğul olan qurumun sədridir. Son 1-2 ildə səlahiyyətləri məhdudlaşdırılan və faktiki olaraq, Elxan Məmmədovun "kölgəsində" qalan birinin bu cür açıqlama verməsi, iddialı danışması absurddur. Çünki klubların aşağı liqaya göndərilməsi və ya əksinə, yuxarı dəstəyə çıxması de-yure çempionatın reqlamenti, de-fakto isə baş katibin istəyi ilə tənzimlənir.

Digər tərəfdən, hələ mövsümün yarısıdır və qarşıda ikinci hissə var. Musayevin elitaya “çıxardığı” “Turan Tovuz” turnir cədvəlində 3-cü, “Kəpəz” isə 8-ci pillədədir. Reqlamentə əsasən, mövsümün sonunda ilk iki yeri tutan komanda Premyer Liqaya vəsiqə qazanmalıdır. Futbol ilinin sonunda kimin hansı yerdə olacağını Ramin bəy əvvəlcədən necə bilə bilər ki? Divizionda “Zaqatala” (hansı ki hazırda 2-ci pillədədir və liderdən cəmi 2 xal geri qalır), MOİK kimi Premyer Liqaya çıxmağa iddialı komandalar var. PFL prezidenti niyə qeyri-ciddi açıqlaması ilə həmin komandaları ruhdan salıb, intriqanı öldürür? Onda belə çıxır ki, bu klublar mövsümün ikinci yarısında oynamamlı, çempionatı yola verməlidirlər?

Bir digər vacib məsələ isə maliyyə ilə bağlıdır. Sirr deyil ki, bu gün Premyer Liqada mübarizə aparan 8 klubdan yalnız 3-ü - “Qarabağ”, “Qəbələ” və “Zirə” müstəqildir, özü-özünü maliyyələşdirir. Digər 5 komanda isə SOCAR-dan “qidalanır”. Qış fasiləsindən sonra “Qəbələ”nin də AFFA-nın kurasiyasına keçəcəyini düşünsək, bunların sayı 6-ya çatacaq. “Səbail”in durumu bəllidir, yaşayıb-yaşamayacağı sual altındadır. “Neftçi” və “Sumqayıt”da maaş gecikmələri var. Aydın məsələdir ki, “Kəpəz”lə “Turan Tovuz”a elitaya çıxsa, onları da Dövlət Neft Şirkəti maliyyələşdirəcək. SOCAR-ın buna maliyyə gücü çatırsa, əvvəlcə Premyer Liqadakı klubların problemlərini aradan qaldırsın.

İndi siz deyin, Ramin Musayevin hərəkətinə nə ad vermək olar: qeyri-ciddilik, yoxsa qeyri-peşəkarlıq? Bəlkə "uzaqgörənlik"?

Elnur SALAHOV

Xəbər Lenti