Samir Abasovun axtardığı "Bakı çempionatı"

19 Avqust 2021 14:20 Köşə 2 379
Samir Abasovun axtardığı "Bakı çempionatı"

"Neftçi" uzun aradan sonra Samir Abasovun rəhbərliyi altında ölkə çempionu olmağı bacardı.

Belə nəticədən sonra haqlı olaraq alqış alqışa, şadlıq şadlığa qarışdı.

Komanda rəhbərliyi və məşqçilər heyəti onda gözünü açıb, özünə gəldi ki, Çempionlar Liqasında mübarizə başlayır.

Kasad heyət və hazırlıqsız son çempion mübarizəyə "Dinamo" Tbilisi ilə oyunlarla start verdi. Hər iki oyundakı bərbad oyuna "hələ debütdu, düzələr" deyib keçdik. Bəxt sayəsində qazanılan qələbələr də bunda az rol oynamadı.

Növbəti rəqib Yunanıstan çempionu 'Olimpiakos" oldu. Püşk açıqlanan andan ah-nalə yeri-göyü götürdü. Ki, rəqib güclüdür. Bu dəfə də hər iki oyundakı minimal hesablı məğlubiyyəti rəqibin adına keçdik.

Amma reallıqda meydanda gördüyümüz Yunanıstan çempionu nə "div" idi, nə də "aslan". Bolqarıstan çempionu "Lüdoqorets" də səhv düşünmədiyimizi yunanlara qarşı göstərdiyi oyunu və nəticəsi ilə isbatlamış oldu.

Çempionlar Liqasından suyu süzülə-süzülə gələn komanda Avropa Liqasında mübarizəyə başladı. Finlandiya HİK-i rəqib olanda çox sevinmişdik. Ki, nəhayət üzümüz güləcək deyə.

Amma gənc mütəxəssis ağzını açar-açmaz rəqibin fövqalədə gücündən elə danışdı ki, matımız-mutumuz qurudu.

Elə dediyi kimi də oldu. Çempionumuz Bakıda 2-2 oynadığı rəqibinə Finlandiyada darmadağın (3-0) oldu. Rəqib super güc deyildi, sadəcə "Neftçi" çox zəif təsir bağışladı.

Beləliklə Avropa Liqasına əlvida deyən komanda Konfrans Liqasına yuvarlanmış oldu. Yeni turnirin pley-off mərhələsindəki rəqib "Makkabi" Hayfadı. Və yenə Samir Abasov öz ampulasındadır.

Rəqibi göylərə qaldırmaqla məşğuldur. O, pley-offdakı rəqibin əvvəlki rəqiblərdən də təhlükəli olduğunu bildirib. "Makkabi"yə qarşı mübarizə aparmağın çətin olacağını deyib.

Hörmətli Abasov, bura "Bakı çempionatı yox, avrokuboklardı. Olmaya, hər mərhələdə bir ədəd "Dinamo" axtarırsınız?

Nə qədər gec deyil ayılmaq lazımdır. Rəqibləri dağa qaldırmaq mərasimi başa çatdı. Toparlanıb, əldən gələn-gəlməyən hər şeyi edib qrupa düşmək lazımdır. Əks halda "Makkabi" səddi də keçilməsə, həmin axtardığınız rəqiblərin bol olduğu "Bakı çempionatı" sizi gözləyir.

Xanoğlan İmanov

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi