Musa Qurbanova da agah oldu ki...

22 Fevral 2021 17:40 Köşə 1 401
Musa Qurbanova da agah oldu ki...

AFFA-nın İntizam Komitəsi “Zaqatala”nı cərimələyib.

Səbəb də o olub ki, “Kəpəz”lə oyunda meydan sulanmayıb (Deyilənlərə görə, Zaqatalada oktyabrdan bəri sərasər yağış yağır ey).

Bu heç. Əsas məsələ “Zaqatala”nın prezidenti Musa Qurbanovun açıqlamasıdır. Musa müəllim meydanın sulanmamağına görə 80 manat cərimə olunmalarını “ağılsızlıq, heç bir məntiqə sığmayan qərar” adlandırıb:

“Binə stadionu kimi yerə oyun salına bilir, Zaqataladakı ot örtüyünün vaxtında sulanmamağı problem olur? Ağılsız qərardır. Vallah, bu qərar ağla sığmır. AFFA nümayəndəsi niyə belə məsələni qabardıb, mənə çox maraqlıdır. Cərimə də böyük bir şey deyil. Təbii ki, ödəniləcək. Lakin, ümumiyyətlə, belə hallar baş verməməlidir. Qərarı heç bir ağla, məntiqə sığışdıra bilmirəm”.

Şükür Allaha ki, daha bir futbol veteranına Azərbaycan futbolunun ağılsız, heç bir məntiqə sığmayan qərarlarla idarə olunduğu agah olub.

Vallah, billah, Musa müəllim, biz uzun illərdir ki, Azərbaycanda futbol məktəbi olmaya-olmaya, AFFA-nın Berlində futbol məktəbi açmasında məntiq axtarmışıq.

Vallah, bu qərar ağıla sığmırdı axı. Musa müəllim, biz 7 il sərasər dedik ki, Berti Foqts futbolçuların olduğu Almaniya yığmasını Avropa çempionu edə bilər, futbolçusu olmayan Azərbaycan yığması ilə nəticə qazana bilməz.

Deyirdik ki, ildə 10 milyon manata yaxın vəsaiti almanlara verməyin, uşaq futboluna yatırım edin. Etmirdilər. Vallah, niyə etmədikləri ağıla sığmırdı.

Musa müəllim, biz israrla deyirdik ki, stadionları süni örtüklə üzləməyin, bütün dünya bundan imtina edir, zərərlidir, siz də edəcəksiniz. Amma süni örtüyə boyadılar, indi də imtina edirlər. Ağıla sığmır axı.

Vallah, Musa müəllim, biz deyirdik ki, futbolçuya çox mükafat verməklə onun səviyyəsi yüksəlmir, o pulu uşaq futboluna yatırın, səviyyəli futbolçu yetişdirin, nəticəsini də görün.

Əvəzində mükafatın məbləğini qaldırdılar. Hətta məğlubiyyətə görə də mükafat verdilər yığma komandanın üzvlərinə. Ağıla sığmırdı, Musa müəllim, məntiq yox idi.

Vallah, biz deyirdik ki, "kim çox top çiləyirsə, o da yaxşı futbolçudur" düşüncəsi düşüncəsizlikdir. Amma eşitmədilər, pulu topçiləmə festivallarında "yudular".

Ağıla sığmırdı axı, Musa müəllim. Siz indi anlayıbsınız Azərbaycan futbolunda məntiqin olmadığını. 80 manat cərimədən sonra. Biz isə illərdir yazırıq bu məntiqsizlikdən.

Bu illər ərzində milyonlar yox çıxıb ey bu ağılsızlıqdan, məntiqsizlikdən. Amma buna da şükür.

Şükür ki, heç olmasa, bir veteranımıza da agah oldu Azərbaycan futbolunun ağılsız, məntiqsiz qərarlarla idarə olunduğu. İnşallah, hələ agah olmayanlar da agah olarlar. Biz isə dua edək bunun üçün. Əlimizdən başqa nə gəlir ki...

Natiq Muxtarlı

Xəbər Lenti