Fransa yığmasının yarımmüdafiəçisi Uorren Zair-Emeri DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən oyun barədə fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, 19 yaşlı futbolçu matça yaxşı başlamadıqlarını etiraf edib.
O, bunu ehtiyatsızlıqla əlaqələndirib:
“Matça heç də yaxşı başlamadıq. Erkən qol da buraxdıq.
Bu, ehtiyatsızlıqdan yarandı. Lakin buna vaxtında reaksiya göstərə bildik.
Nəticədə oyunun taleyini birinci hissədə həll etdik. Əsas odur ki, işimizi uğurla gördük.
Açığı, Ukrayna ilə oyundan sonra Azərbaycanla görüşə hazırlaşmaq çətin idi. Çünki dünya çempionatına vəsiqəni təmin etmişdik.
Belə vəziyyətdə köklənmə çətin olur. Lakin biz Fransa millisiyik və hər oyunda qalib gəlməliyik”.
PSJ-nin gənc üzvü gələn il keçiriləcək dünya çempionatında çıxış etmək arzusundadır: “Hər bir futbolçu dünya çempionatında oynamağı xəyal edir.
Heyətimizdəki oyunçuların bəziləri artıq bunu reallaşdırıblar. Orada olmaq, komandanın bu arzusuna çatmasına kömək etmək xoş olar”.
Fransanın millimizi 3:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada Uorren Zair-Emeri 90 dəqiqə meydanda olub.

