
“Marsel”in yarımmüdafiəçisi Adrien Rabionun satışa çıxarılması anasının kəskin reaksiyasına səbəb olub.
Fransa mətbuatının məlumatına görə, futbolçuya paltardəyişmə otağında komanda yoldaşı Conatan Rou ilə davadan sonra klub rəhbərliyi tərəfindən qapı göstərilib.
Nəticədə hər iki oyunçu transfer siyahısına salınıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Rabionun anası Veronik Rabio məsələ ilə bağlı bunları deyib:
“Baş məşqçi Roberto De Dzerbi xəyanətdən danışır, amma əslində Adrienə xəyanət edilib. O, nə əsəbidir, nə də kədərlidir – sadəcə, dərin məyusdur.
O, kimdən üzr istəməli idi? Roudan? Klubdan? Nəyə görə?
Bu, sadəcə xırda bir mübahisə idi, belə hallar hər paltardəyişmə otağında olur. Bu hekayənin mətbuata sızması isə təsadüfi deyil.
Onlar yalan danışırlar. Klub rəhbərliyi Adriendən qurtulmaq üçün bəhanə axtarırdı”.
“Marsel” 29 yaşlı yarımmüdafiəçini təxminən 15 milyon avroya satmağa hazırdır.