“Qalatasaray”da 17 qol vuran hücumçu Bakıya gəlir

13 Sentyabr 2022 19:00 Fransa 2 168
“Qalatasaray”da 17 qol vuran hücumçu Bakıya gəlir

“Qarabağ”la oyun üçün Bakıya səfər edən “Nant”ın heyətində fransalı futbolçular çoxluq təşkil etsə də, komandada xeyli sayda legioner görmək mümkündür.

Braziliya, İspaniya, Kamerun, Nigeriya, Konqo və Misir kimi ölkələrdən 10-a yaxın əcnəbi gözə dəyir.

Aralarında azərbaycanlı futbolsevərlərə kifayət qədər yaxından tanış olan sima isə misirli Mustafa Mohameddir.

“Qalatasaray”dan tanıdığımız, 2021-ci ilin yanvarından 2022-ci ilin yayına qədər sarı-qırmızı formanı geyinmiş 24 yaşlı hücumçu hazırda “Nant”da çıxış edir. İstanbul nəhəngi misirlini Fransaya 1 illik icarə əsasında göndərib.

Mustafa yeni komandasında yerli azarkeşlərin sevgisini qazanmaqdadır.

Cari mövsümdə Liqa 1-də 7 oyunun hamısında iştirak edən səbəbkar 369 dəqiqə meydanda olub. O, bu müddətdə 2 qola imza atıb, daha 2 qolun ötürməsini verib.

Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la sentyabrın 8-də baş tutan qarşılaşmada start heyətində yer alan Mohamed 90 dəqiqə meydanda olub və komandasına oyunda hesabı açmaqla kömək edib.

İyulun 31-də PSJ ilə superkubok görüşündə isə 26 dəqiqə meydanda olub.

Misirli forvardın “Qarabağ”la matçda start heyətində yer alacağı gözlənilir.

Ölkəsinin millisində 25 oyunda 9 qol vurmuş Mustafa Mohamed “Qalatasaray”da oynadığı və yerli azarkeşlərin sevgisini qazandığı ilyarım ərzində 58 görüşün iştirakçısı olub ki, bu müddətdə rəqib qapılarından 17 top keçirib, 5 dəfə assist müəllifi olub.

Sentyabrın 15-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Nant” qarşılaşması saat 20:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti