PSJ-dən 23 milyon avroluq transfer xəbəri - "Napoli"dən aldılar

31 Avqust 2022 10:00 Fransa 478
PSJ-dən 23 milyon avroluq transfer xəbəri -

İspaniya yığmasının yarımmüdafiəçisi Fabian Ruis İtaliyanın “Napoli” klubundan ayrılıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu bundan sonra Fransa nəhəngi PSJ-nin uğurları üçün çalışacaq.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Napoli” futbolçusunu Paris klubuna 23 milyon avroya satıb. Neapolluların bonuslarla daha artıq qazanmaq şansı var. Fabian özü isə yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Fabian Ruis 2018-ci ildən “Napoli”nin uğurları üçün çalışırdı. Neapol klubu onu vaxtilə “Betis”dən 30 milyon avroya transfer etmişdi. Yarımmüdafiəçi İtaliya klubunda keçirdiyi 5 mövsüm ərzində 166 oyuna çıxıb, 22 qola imza atıb.

Ruis “Betis”də olduğu dönəmdə icarə əsasında “Elçe”nin də formasını geyinib. O, İspaniya yığmasında 15 oyuna çıxıb, 1 qol vurub.

PSJ gənc hücumçusu Kenni Naqeranı da “Loryan”a icarəyə verib. 20 yaşlı forvardın bu mövsümün sonuna kimi icarədə olacağı diqqətə çatdırılıb. Parislilərin öz yetirməsi olan Naqera, daha öncə “Bastiya” və “Avranş”da da icarədə oynayıb.

Yeri gəlmişkən, “Loryan” da öz hücumçusu Sambu Sumanonu Belçikanın “Eupen” klubuna icarəyə verib. 21 yaşlı forvard mövsümün sonuna kimi icarədə oynayacaq. O, daha öncə “Po” və “Şatobrian” klublarının formasını geyinib. Fransalı futbolçu “Loryan”ın əsas komandasında meydana çıxdığı 21 oyunda 3 qol vurub.

“Loryan” üç futbolçusunu da “Sent Etyen”ə satıb. Söhbət qapıçı Matye Dreyer, sol cinah müdafiəçisi Leo Petro və yarımmüdafiəçi Tomas Monkonduitdən gedir. Bu üç oyunçunun satışından klub bütövlükdə 1 milyon avro qazanıb.

Matyu Dreyer 2020-ci ildən “Loryan”da forma geyinirdi. O, bu komandanın heyətində cəmi 31 matça çıxıb. Fransız qolkiper “Amyen”, “Kan”, “Trua”, “Soşo” kimi klubların da formasını geyinib, ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarında oynayıb.

Tomas Monkonduit də 2020-ci ildən “Loryan”da idi. 31 yaşlı fransız yarımmüdafiəçi bu komandada 63 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Oser” və “Amyen”də də forma geyinib.

Leo Petro isə “Loryan”a ötən ilin yayında cəlb olunmuşdu. 25 yaşlı müdafiəçi bu komandada 23 oyuna çıxıb və 1 qol vurub. Fransalı futbolçu məhz “Sent Etyen”in yetirməsidir və “Andrezye”də də oynadığı illəri nəzərə alsaq, 3 illik fasilədən sonra doğma klubuna qayıdıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!