Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel" Bakıdakı gprüşdə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun etdiyi feyr-pley jestinə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klub öz sosial şəbəkə hesablarında paylaşım edib.
Fransa təmsilçisi yarımmüdafiəçisi Matteo Qenduzinin Qurban Qurbanovu alqışladığı fotonu paylaşıb və yazıb: “Onlar bunu etməyə borclu deyildi”.
Görüşün 34-cü dəqiqəsində cinah ötürməsindən sonra "Qarabağ"ın hücumçusu İbrahima Vadjinin vurduğu qolu baş hakim qeydə alsa da, qonaqlar buna narazılığını sərt şəkildə bildirib.
Daha sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Vadjini yanına çağırıb və ondan qolu qaydalar çərçivəsində vurub-vurmadığını soruşub.
Vadji isə topu əli ilə qapıdan keçirdiyini etiraf edib. Qurban Qurbanov isə futbolçuya bunu görüşün baş hakiminə bildirməsini deyib.
Seneqallı hücumçu baş məşqçisinin dediyi kimi edib. Polşalı referi Bartoş Frankovski bundan sonra qolu ləğv edib.
"Marsel" "Qarabağ"ı Bakıda 3:0, Fransada isə 3:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.


