“Sabahkı oyunöncəsi heç bir problemimiz yoxdur"
Sportinfo.az xəbər verir ki, bunu “Marsel”in futbolçusu Bubakar Kamara Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçiriləcək cavab oyunu ilə bağlı danışarkən deyib.
23 yaşlı yarımmüdafiəçi qarşılaşmanın baş tutacağı Tofiq Bəhramov adına Respublika Stadionunda mətbuat konfransına qatılıb. Fransalı oyunçu görüşə hazır olduqlarını bildirib:
- Çempionatdakı son məğlubiyyəti öz aramızda müzakirə etmişik. Sabahkı görüşdə qələbə qazanmağa çalışacağıq.
- Liqa1-də ikinci yerdə qərarlaşsanız də, hər məğlubiyyətdən sonra azarkeşlər sizdən daha yaxşı oyun tələb edir. Bunu necə qarşılayırsınız?
- Hər oyunumuzda udanda da, uduzanda da azarkeşlərimiz buna reaksiya göstərir. Biz bütün matçlarda qələbə qazanmağa çalışırıq ki, azarkeşlərin gözündə hörmətimizi saxlaya bilək.
- Uduzduğunuz zaman belə təəssürat yaranır ki, komandada psixoloji gərginlik yaşanır...
- Əlbəttə, uduzanda məyus oluruq. Bunları öz aramızda müzakirə edirik, çalışırıq ki, bir-birimizə dəstək olaq. Xüsusən də, "Qarabağ"la matça çox yaxşı köklənmişik. Meydanda da qələbə üçün çıxacağıq. Oyunlarda səhvlərə yol veririk. Müzakirə zamanı bu səhvləri deyirik, növbəti matça yenidən hazırlaşırıq. Bilirik ki, hansısa oyunda baş məşqçi mövqeyimizi dəyişə bilər. Onun bütün tapşırıqlarını yerinə yetirməliyik.
- Sabah məğlub olsanız və turniri tərk etsəniz, azarkeşləriniz bunu necə qarşılayacaq?
- Uduzsaq, azarkeşlərimiz bunu çox pis qarşılayar. Amma bu barədə düşünmürük, oyuna hazırlaşırıq. Ümid edirik ki, mərhələni adlayacağıq, hər şey onlar üçün də, bizim üçün də yaxşı qurtaracaq.
Qeyd edək ki, sabah keçiriləcək oyun saat 21:45-də başlayacaq. Marseldəki ilk matçda təmsilçimiz 1:3 hesabı ilə məğlub olub.

