Vəd verdi, baş məşqçi təyin olunmasına razılıq aldı – Anlaşmanın iki üzü

26 Fevral 09:40 Qəbələ 2 235
Vəd verdi, baş məşqçi təyin olunmasına razılıq aldı – Anlaşmanın iki üzü

"Qəbələ"nin yeni baş məşqçisi dünən açıqlandı.

Elmar Baxşıyevin istefasından sonra boş qalan posta Kaxaber Sxadadze təyin edildi.

55 yaşlı çalışdırıcı ilə 1,5 illik müqavilə imzalanmasına dair rəsmi bildiriş verildi.

Bu, medalın görünən üzüdür. Gerçək anlaşma 5 aylıqdır.

Kaxa əyalət təmsilçisini Premyer Liqada saxlamalıdır ki, kontraktının ikinci hissəsi avtomatik qüvvəyə minsin. Əksi halda, yayda yollar ayrılacaq.

"Qırmızı-qaralar" 24 turdan sonra turnir cədvəlinin 10-cu pilləsində məskunlaşıb. Ölkə kubokunun hazırkı sahibi ondan üst sırada yer almış "Kəpəz"dən 8 xal geri qalır.

Maraqlıdır ki, Sxadadze "Qəbələ"ni "quyunun dibi"ndən çıxaracağına inanır. Gürcüstanlı mütəxəssis belə bir vəd verib.

Futbolçu kimi Gürcüstanın “Metallurq” (Rustavi, 1984-86, 1987), “Dinamo” (Tbilisi, 1986), “İberiya” (1988-91), “Lokomotiv” (Tbilisi, 2000-02), İsveçin “Sundsvall” (1991), Rusiyanın “Spartak” (Moskva, 1992), “Dinamo” (Moskva, 1992), “Alaniya” (1997), “Anji” (2003-04), Almaniyanın “Ayntraxt” (Frankfurt, 1993-96), İngiltərənin “Mançester Siti” (1998-2002) klublarında çıxış edən Tsxadadze MDB (1992) və Gürcüstan (1991-98) milli komandalarının formasını geyinib. O, 1990 və 1991-ci illərdə Gürcüstan, 1992-ci ildə Rusiya çempionu adını qazanıb.

Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-14) baş məşqçisi olmuş mütəxəssis çalışdırıcı karyerasına 2001-02-ci illərdə Tbilisi “Lokomotiv”ində başlayıb.

Həmin vaxt oynayan məşqçi funksiyasını yerinə yetirən Tsxadadze sonradan vətənində “Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.

Onun rəhbərlik etdiyi komandalar 2004/05 və 2005/06 mövsümlərində Gürcüstan, 2009/10 mövsümündə Azərbaycan çempionu, 2017-ci ildə Qazaxıstan Superkubokunun qalibi olub.

Sxadadzenin köməkçisi vəzifəsində George Çixradze çalışacaq. O, 2011-15-ci illərdə ölkəmizdə “Simurq”un baş məşqçisi olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı