"Qarabağ"ın rəhbər fiqurantından həmkarına BÖYÜK JEST!

4 Noyabr 2023 09:40 Qəbələ 1 546
"Qarabağ"ın rəhbər fiqurantından həmkarına BÖYÜK JEST!

Bilindiyi kimi, “Qəbələ”nin baş meneceri Nail Kərimov Avropa Klublar Assosiasiyasına (ECA) təyinat alıb.

O, 2023-2027-ci illəri əhatə edən tsikldə ECA-nın namizədliyini verdiyi uşaq futbolu üzrə işçi qrupunun üzvlərindən biri olacaq.

Qrupa Niderland təmsilçisi “Feyenoord”un baş meneceri Dennis de Kloyse rəhbərlik edəcək.

Uşaq futbolu üzrə işçi qrupunun əsas missiyaları akademiyaların fəaliyyəti, beynəlxalq turnirlərin təşkili, uşaqların müdafiəsi, ilk peşəkar müqavilə, beynəlxalq hüququn uşaq futboluna təsiri, uşaq-gənclərin, məşqçi və menecerlərin təhsili və başqa məsələlərdir.

İşçi qrupu il ərzində keçirdiyi 5-8 iclasla öz fəaliyyətini tənzimləyir. İlk belə toplantı noyabrın 15-də İsveçrənin Cenevrə şəhərində təşkil ediləcək.

ECA-nın sentyabrda Berlində keçirilən Baş Assambleyasında 50 ölkənin 150 müxtəlif klubunun 430 nümayəndəsi öz namizədliklərini 8 qrup üzrə irəli sürüb.

Nail Kərimovun təyinatında ən böyük xidmət "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərova məxsusdur.

"Qəbələ"li funksionerin namizədliyi məhz onun təşəbbüsüdür. Dəstəyi də Əsgərov verib.

Sentyabrda ECA-nın qərarverici orqanı olan İcraiyyə Şurasına üzv seçilən Asif bəy azərbaycanlı həmkarının işçi qrupunda yer alması üçün öz nüfuzundan və əlaqələrindən istifadə edib.

O, qurumun Berlində təşkil olunan Assambleyası çərçivəsində keçirilən seçkidə klubların səs çoxluğunu qazanaraq, qarşıdakı 4 il müddətində bu qurumda təmsil olunmaq hüququ əldə eləyib.

Assambleyada qurumun Şura üzvlərinin sayı 24-dən 30-a qədər artırılıb.

Beləliklə, növbəti 4 il üçün ECA-da "Qarabağ" rəsmisi Asif Əsgərovla yanaşı PSJ, "Atletiko" Madrid, "Mançester Siti", "Bavariya", "Roma" kimi Avropanın nüfuzlu klublarının da rəhbər şəxsləri təmsil olunacaq.

Avropa Klublar Birliyi özündə qitənin 500-dək klubunu birləşdirir. Azərbaycandan həmin təşkilatda "Qarabağ", "Qəbələ", "Neftçi" və "Sumqayıt" təmsil olunur.

2008-ci ildə təsis olunan ECA UEFA-nın tanıdığı yeganə klub təşkilatıdır. Qurum Avropada klubların maraqlarını müdafiə edir.

Qitənin bütün TOP klubları bu quruma üzvdürlər. Avropada klub yarışları (Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası) məhz ECA-nın tövsiyəsindən sonra UEFA tərəfindən nəzərə alınmaqla keçirilir.

Ümumiyyətlə, ECA bu gün Avropa klubları üçün böyük əhəmiyyət daşıyan, söz sahibi olan mötəbər qurumdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Fevral 18:10 Çək və bizə göndər!
29 Fevral 11:00 Yaxşı, siz deyən olsun!
29 Fevral 07:30 Cəlal kubokla vidalaşdı