İllər sonra Azərbaycana qayıdan baş məşqçinin alacağı maaş hər kəsi təəccübləndirəcək!

1 Mart 16:20 Qəbələ 6 099
İllər sonra Azərbaycana qayıdan baş məşqçinin alacağı maaş hər kəsi təəccübləndirəcək!

«Qəbələ»nin Kaxaber Sxadadze və köməkçisi Georgi Çixradzeyə ödəyəcəyi əməkhaqqı bilinib.

Ötən həftə görəvə gələn baş məşqçi və yardımçısı birlikdə 20 min manat məvacib alacaq.

Əyalət təmsilçisi, əslində, maaş artımına getməyib. Bu məbləğ daha əvvəl 3 nəfərə - Elmar Baxşıyev, Rasim Ramaldanov və Xaqani Məmmədova verilirdi.

Baxşıyev «Sumqayıt»la matçdan sonra istefa verdi. Beləcə, Premyer Liqanın 24-cü turu onun üçün baş məşqçi postunda sonuncu oldu.

«Qəbələ»nin idman direktoru Səbuhi Səfiyarlı bugünlərdə saytımıza verdiyi açıqlamada gürcüstanlı yeni çalışdırıcıya yüksək maaş vermədiklərini bildirib: “

Bəzi adamlar bu təyinatı gah ona bağladı ki, əgər Sxadadze gəlibsə, güclü sponsor tapılıb, çünkü böyük maaşa işləyən məşqçidir.

Mən onu deyim ki, o, karyerası ərzində ən az əməkhaqqını “Qəbələ”də alacaq. Bəlkə bu məbləği onun üçün simvolik saymaq olar.

Həyatda hər şey pul demək deyil. Elə münasibətlər, elə dəyərlər, insanların bir-birinə elə hörməti var ki, orada pul heç də əsas göstərici sayıla bilməz. Bilmirəm, niyə camaat bunu qəbul eləmək istəmir“.

55 yaşlı çalışdırıcı ilə 1,5 illik müqavilə imzalanıb. Sxadadzenin köməkçisi vəzifəsində George Çixradze çalışacaq. O, 2011-2015-ci illərdə ölkəmizdə “Simurq”un baş məşqçisi olub.

Futbolçu kimi Gürcüstanın “Metallurq” (Rustavi, 1984-86, 1987), “Dinamo” (Tbilisi, 1986), “İberiya” (1988-91), “Lokomotiv” (Tbilisi, 2000-02), İsveçin “Sundsvall” (1991), Rusiyanın “Spartak” (Moskva, 1992), “Dinamo” (Moskva, 1992), “Alaniya” (1997), “Anji” (2003-04), Almaniyanın “Ayntraxt” (Frankfurt, 1993-96), İngiltərənin “Mançester Siti” (1998-2002) klublarında çıxış edən Sxadadze MDB (1992) və Gürcüstan (1991-98) millilərinin formasını geyinib. O, 1990 və 1991-ci illərdə Gürcüstan, 1992-ci ildə Rusiya çempionu adını qazanıb.

Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-14) baş məşqçisi olmuş mütəxəssis çalışdırıcı karyerasına 2001/2002-ci illərdə Tbilisi “Lokomotiv”ində başlayıb.

Həmin vaxt oynayan məşqçi funksiyasını yerinə yetirən Kaxa sonradan vətənində “Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.

Onun rəhbərlik etdiyi komandalar 2004/2005 və 2005/2006 mövsümlərində Gürcüstan, 2009/2010 mövsümündə Azərbaycan çempionu, 2017-ci ildə Qazaxıstan Superkubokunun qalibi olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti