COP29

Çətin gündə “Qəbələ”ni atıb gedənlər üçün...

13 İyun 21:00 Qəbələ 2 201
Çətin gündə “Qəbələ”ni atıb gedənlər üçün...

“Qəbələ” Premyer Liqanı tərk edən kimi komandanın aparıcı üzvləri başqa komandalara üz tutdu.

Açığı, illərdir bölgə təmsilçisinin uğurları üçün tər tökən, xüsusən akademiyada yetişən futbolçuların “Qəbələ”yə sədaqət göstərəcəyini düşünürdük.

Onlar sadiqlik nümayiş etdirməkdənsə göz qabağında olmağı və pulu üstün tutdular.

Mövzu ilə bağlı danışdığımız komandanın baş məşqçisi Kaxaber Tsxadadze “komandanız I Liqaya düşsəydi, atıb gedərdinizmi” sualına maraqlı cavab verib:

“Nəinki oynayardım, oynamışam da. Parlaq karyerama baxmayaraq, Omari Tetradze ilə birlikdə “Anji”nin heyətində Rusiyanın I Liqasında forma geyinmişik. Bunu özümə ayıb bilmədən etmişəm”.

Gürcü çalışdırıcı hər kəsin azad seçim imkanına malik olduğunu deməklə yanaşı, “Qəbələ”ni tərk edənlər barədə kəskin fikirlər səsləndirməyəcəyini deyib:

“Heç kimi mühakimə etmək istəmirəm və bunu düzgün hesab etmirəm. Bəzi futbolçuların qalmasını istəyirdik. Hətta özüm şəxsən müraciət edərək normal şərtlərlə müqavilə təklif etdik. Komandanın özəyini qorumaq istəyirdik.

Elə futbolçu oldu ki, Premyer Liqa klubu ilə 1 illik müqavilə bağlamağı I Liqada mübarizə aparacaq “Qəbələ” ilə 3 illik anlaşmadan üstün tutdu. O söhbət bağlandı artıq. Ona görə də bu mövzuda çox danışmaq istəmirəm”.

Maraq üçün bildirək ki, Kaxaber Tsxadadze futbolçu karyerasında Moskva təmsilçiləri “Dinamo” ilə “Spartak”, “Alaniya”, “Ayntraxt”, “Mançester Siti” kimi komandaların şərəfini qoruyub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti